ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Kəramət QƏNBƏROVBeynəlxalq hüquq üzrə ekspert
Yaponiyanın "Sülh konstitusiyası", xüsusilə də onun məşhur IX maddəsi ölkənin müharibədən və hərbi müdaxilədən imtina etdiyi bir hüquqi mexanizm kimi dünya miqyasında tanınır. İkinci Dünya müharibəsindən sonra qəbul edilən bu konstitusiya Yaponiyanın hərbi fəaliyyətlərini ciddi şəkildə məhdudlaşdırır. Lakin son illərdə dünya siyasətində baş verən dəyişikliklər və regional təhlükəsizlik çağırışları bu məhdudiyyətlərin yenidən nəzərdən keçirilməsinə səbəb olub. Belə ki, Yaponiyada konstitusiyanın yenilənməsi praktik olaraq mümkünsüzdür, çünki həm cəmiyyət, həm də siyasi rəhbərlik bu məsələdə ehtiyatlı davranır. Lakin IX maddənin yeni şərhində müəyyən dəyişikliklərə gedilərək, ölkənin silahlı qüvvələrindən müdafiə məqsədi ilə məhdud istifadə imkanı yaradıla bilər. Bu istiqamətdə 2022-ci ildə Yaponiyanın müdafiə strategiyası yenilənib və yeni milli təhlükəsizlik konsepsiyası ilə yanaşı, müdafiə sahəsində orta müddətli inkişaf planları qəbul edilib. Bu planlarda Yaponiyanın müdafiə xərclərinin 2023-2027-ci illər ərzində ÜDM-in, təxminən, 1 faizindən 2 faizinə yüksəldilməsi nəzərdə tutulur. ABŞ isə daha da irəli gedərək Yaponiyadan müdafiə xərclərinin ÜDM-in 5 faizi səviyyəsinə çatdırılmasını tələb edir ki, bu da Yaponiyanın büdcəsi üçün ağır yükdür.
İkinci Dünya müharibəsindən sonra ABŞ və Yaponiyanın imzaladığı təhlükəsizlik sazişləri, xüsusilə 1951-ci ildə San-Fransisko və 1960-cı ildə Vaşinqtonda imzalanan müqavilələr, ABŞ-ın Yaponiyada hərbi baza və qüvvələrinin yerləşdirilməsinə imkan verib. Bu sazişlərə əsasən, ABŞ hərbi qüvvələri Yaponiyada sərbəst hərəkət edə və lazım gəldikdə regionun istənilən nöqtəsində əməliyyatlar apara bilər. Bu sazişlərin əsas hədəfi Sovet İttifaqı və Çin Xalq Respublikası kimi regional güclərə qarşı təhlükəsizliyi təmin etmək olub. Müasir dövrdə isə bu münasibətlər daha da dərinləşərək, ABŞ-ın Yaponiyanı müdafiə etmə öhdəliyi beynəlxalq səviyyədə təsdiqlənib və hətta ABŞ liderliyi, məsələn, keçmiş prezident Co Baydenin 2024-cü ildəki bəyanatlarında Yaponiyanın müdafiəsi üçün nüvə silahlarının istifadəsini də nəzərdən keçirdiyini göstərib.
Yaponiyada hazırda ABŞ-ın təxminən 50 min hərbçisi mövcuddur, o cümlədən 7-ci donanma və Okinava adasında yerləşən Amerika dəniz piyadaları.
Hər il ABŞ və Yaponiya qüvvələri arasında 100-dən çox birgə hərbi təlimlər keçirilir, 2024-cü ildə KINSO-25 kimi genişmiqyaslı təlimlərə 45 minə yaxın hərbçi qatılıb.
Beynəlxalq səviyyədə ABŞ-ın strateji prioritetləri dəyişməkdədir. Məsələn, ABŞ müdafiə nazirinin müavini Elbric Kolbi Avstraliya və Yaponiya səfərlərində bu ölkələrin Çinlə mümkün silahlı münaqişədə hansı mövqeyi tutacağına dair maraqlarını soruşmuşdu. Yaponiyanın isə rəsmi mövqeyi IX maddə çərçivəsində qalır: ölkə öz silahlı qüvvələrini yalnız öz ərazisinə birbaşa təhlükə olduqda istifadə edə bilər və başqa regionlarda hərbi münaqişəyə qoşulmaq barədə öhdəlik götürmür. Bu mövqe ABŞ-ın Çinlə münasibətlərində ciddi müzakirə mövzusu olsa da, Yaponiyanın daxili siyasi və ictimai narahatlıqları konstitusiyanın fundamental dəyişikliklərinə imkan vermir.
Yaponiyanın qonşuları ilə olan münasibətlərdə Çin xüsusi yer tutur. Çin Xalq Respublikası ilə Yaponiyanın münasibətləri həmişə gərgin olub və hazırda regionda böyük strateji rəqabət mövcuddur. Çin iqtisadi baxımdan dünya ikincisi olmaqla yanaşı, texnoloji sahədə də qabaqcıl ölkələrdən biridir. Həm də ən böyük sənaye bazasına və potensial olaraq ən geniş daxili bazaya malikdir, bu ölkənin rəhbərliyi uzunmüddətli, yəni onilliklər boyu davam edəcək strateji rəqabətə hazırlıq görüb. Çin kommunist partiyası bu baxımdan Mao Zedungun "uzunmüddətli müharibə" nəzəriyyəsini müasir dövrün şərtlərinə uyğun olaraq tətbiq edir. Bu nəzəriyyəyə əsasən, Çin üçün əsas amillərdən biri döyüşün uzun müddət davam etməsidir, burada hərbi uğurlar və itkilər əhəmiyyətini itirir, əsas olan isə xalqın əzmi və mənəvi üstünlüyün saxlanılmasıdır.
Mao Zedungun partizan müharibəsi konsepsiyası, xüsusilə onun Çin və Yaponiyanın müharibəsindəki təcrübəsi, Çin strategiyasının təməl daşlarından biridir. Mao döyüşü üç mərhələyə bölüb: ilkin mərhələdə düşmənin sayca və texnoloji üstünlüyünü qəbul edib, öz qüvvələrini gücləndirmək; ikinci mərhələdə strateji bərabərliyi təmin etmək və düşmənin ehtiyatlarını tükətmək; üçüncü mərhələdə isə böyük əks-hücumla müharibəni sona çatdırmaq. Bu müddət ərzində xalqın mənəvi ruhunun yüksək olması və davamlı dəstəyin mövcudluğu strateji üstünlük hesab olunur. Çin üçün tarixən əsas düşmən kimi Yaponiyanı görmək və bu obrazı qorumaq xalqın müharibəyə olan sədaqətini artırıb.
Çinin müasir strateji durumu isə bu nəzəriyyənin praktik tətbiqi kimi dəyərləndirilə bilər. Ölkə uzunmüddətli rəqabətə hazırdır və bu rəqabət Amerikanın siyasətləri və tarif müharibələri fonunda daha da qızışır. Çin üçün ABŞ-ın son zamanlarda tətbiq etdiyi ticarət tarifləri birbaşa təhlükə deyil, əksinə, strateji döyüşün bir hissəsi kimi qiymətləndirilir. Çin iqtisadiyyatı güclü, sənaye infrastrukturu möhkəm və bazar potensialı böyük olduğu üçün bu cür təzyiqlərə davam gətirmək imkanındadır.
Belə şəraitdə regionda əsas oyunçuların siyasəti həm hərbi, həm də iqtisadi sahələrdə çoxşaxəlidir və mürəkkəbdir. ABŞ-ın Asiya-Sakit okean regionundakı mövcudluğu, Yaponiya və Avstraliyanın rolu, eləcə də Çinlə qarşıdurmanın gərginliyi gələcəkdə bölgədə sülh və sabitlik üçün ciddi çağırışlar yaradır. ABŞ və müttəfiqləri Çinlə rəqabətdə həm hərbi gücdən istifadə etməyi, həm də iqtisadi təzyiqlərlə strateji üstünlük əldə etməyi hədəfləyirlər. Digər tərəfdən, Çin özünümüdafiə və regional liderlik ambisiyalarını daimi şəkildə gücləndirir və uzunmüddətli döyüşə hazır olduğunu nümayiş etdirir.
Beynəlxalq münasibətlərdə belə kompleks və çoxqatlı şəraitdə Yaponiyanın sülh konstitusiyası ilə bağlı qərarları, ABŞ-la təhlükəsizlik sazişlərinin yenilənməsi və hərbi xərclərin artırılması ölkənin öz mövqeyini möhkəmləndirməsinə, lakin eyni zamanda daxili ictimai diskussiyalarda qarşıdurma mənbəyi olmasına səbəb olur. Yaponiya həmçinin regional sabitliyi qorumaq üçün ABŞ-la hərbi əməkdaşlığı dərinləşdirir, lakin birbaşa münaqişələrə qoşulmaqdan çəkinir.
Bu çərçivədə Yaponiyanın gələcəkdə təhlükəsizlik siyasətində necə dəyişikliklər edəcəyi, ABŞ-Çin qarşıdurmasında hansı rolu oynayacağı və öz daxili siyasətində necə balans saxlayacağı beynəlxalq siyasi mühit üçün böyük əhəmiyyət daşıyır. Regionun hərbi və iqtisadi dinamikası və uzunmüddətli strateji planlar bu məsələlərin yönünü müəyyənləşdirəcək.
Müasir müharibələrin və beynəlxalq rəqabətin mahiyyəti isə artıq təkcə hərbi toqquşmalardan ibarət deyil. İqtisadi sanksiyalar, informasiya müharibələri, texnoloji rəqabət və regional güc balansları uzunmüddətli dövrdə qlobal siyasi səhnəni formalaşdırır. Bu kontekstdə Çin və ABŞ arasındakı qarşıdurma, Yaponiya kimi strateji müttəfiqlərin davranışı və dünya güclərinin hərəkətləri diqqətlə izlənilməlidir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.