ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avstraliyada təşkil olunan və 110 ölkənin iştirak etdiyi 66-cı Beynəlxalq Riyaziyyat Olimpiadasında qaliblər müəyyənləşib.
Çin komandası 6 qızıl medal qazanaraq birinci yeri tutub. ABŞ və Cənubi Koreya isə müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşüblər. Region ölkələri arasında Türkiyə 10-cu, İran 12-ci yeri tutduğu halda, Azərbaycan komandası heç bir medal əldə etməyərək 74-cü pillədə qərarlaşıb.
Bu nəticənin əsas səbəbləri nədir?
AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq təhsil naziri Misir Mərdanov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, təkcə məktəbdə verilən biliklər belə nüfuzlu yarışlarda yer tutmaq üçün kifayət etmir. Onun sözlərinə görə, Beynəlxalq Riyaziyyat Olimpiadasına hazırlıq prosesi qəbul imtahanlarına hazırlıqdan köklü şəkildə fərqlənir:
“Təəssüf ki, Azərbaycan bu siyahıda yoxdur. Beynəlxalq Riyaziyyat Olimpiadası elə bir yarışmadır ki, gərək onunla xüsusi məşğul olasan. Təkcə məktəbdəki hazırlıq bu cür olimpiadalarda yer tutmaq üçün kifayət etmir. Hazırda bu məsələlərlə yaxından tanış deyiləm.
Ola bilər ki, son vaxtlar olimpiadaya hazırlıqla məşğul olan bir qrup olmayıb. Mən bunu dəqiq deyə bilmərəm. Çünki artıq 13 ildir ki, bu sahədən kənardayam. Ancaq bir daha vurğulayıram ki, təkcə məktəb hazırlığı ilə olimpiadada uğur qazanmaq mümkün deyil. Gərək uşaqlar xüsusi hazırlıq keçsin, daha sonra iştirak etsinlər”.
Sabiq nazir bildirib ki, məktəb hazırlığı əsasən qəbul imtahanlarına yönəlib:
“Riyaziyyat olimpiadasına hazırlıq isə tamam fərqli bir prosesdir”.
Misir Mərdanov qeyd edib ki, Beynəlxalq Riyaziyyat Olimpiadasında uğur qazanmaq üçün xüsusi hazırlıq vacibdir:
“Bunun üçün xüsusi proqram və hazırlıq metodikası olmalıdır. Məsələn, bizim ölkədən güləş və ya boks üzrə idman komandaları beynəlxalq yarışlara qatılır. Onlar əvvəlcədən xüsusi hazırlıq keçir, məşqçilərlə işləyirlər. Riyaziyyat olimpiadası da elə bir şeydir. Uşaqları bu sahədə hazırlayacaq, bu işi bilən xüsusi müəllimlər qrupu olmalıdır.
Onların hazırladığı şagirdlər beynəlxalq olimpiadalarda iştirak etməlidirlər. Bu il Elm və Təhsil Nazirliyində həmin prosesin necə təşkil olunduğunu bilmirəm. Lakin bu nəticə qətiyyən o demək deyil ki, Azərbaycanda riyaziyyatçılar yoxdur. Sadəcə olaraq, o uşaqları yönəldən proqram və proqram rəhbəri olmalıdır ki, onlar məhz olimpiada səviyyəsində hazırlıq keçsin və sonra yarışa qatılsınlar. Mən bilmirəm o iş bizim müvafiq qurumlarda var, ya yox”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Açar sözlər:
Misir Mərdanov nəticə
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.