AZ

Ədəbi sözü, əbədi izi qaldı... Abid Tahirli yazır

ain.az, 525.az portalına istinadən məlumat yayır.

Abid TAHİRLİ

Bəd xəbər tez yayılır. Avqustun 3-də səhər tezdən 40 illik dostum Elçin müəllimin vəfatı ilə bağlı eşitdiyim acı və ağır xəbər məni dərindən sarsıtsa da, onun ölümünə inanmadım. Qızı Günay xanıma zəng etdim. Telefon bağlı idi. Narahatlığım, nigaranlığım artdı. Son vaxtlar özünü pis hiss etdiyini bilirdim. Odur ki, az qala hər gün onunla, bir-iki dəqiqə də olsa, danışır, hal-əhval tuturdum. Bilirdim ki, qədim və sadiq dostu Əkrəm Qaflanoğlu da Elçin müəllimlə tez-tez əlaqə saxlayır. Onunla da Elçin müəllimin səhhəti ilə bağlı müntəzəm zəngləşirdik.. .Ə.Qaflanoğluna zəng etdim, kədərli xəbəri yenicə eşitdiyini, amma inana bilmədiyini desə də, artıq Qubadan çıxıb Bakıya istiqamət götürdüyünü dedi.

...Mən Elçin müəllimgilə yollandım. Mənzilin qapısı açıq idi. Göz yaşları içində boğulan həyat yoldaşı Nüşabə xanımın, qızlarının - Günay, Aysun, Humayın qəmli baxışları açıq qapıya dikilmişdi. Böyük itki ilə bağlı ailə üzvlərinə təsəlli, təskinlik üçün söz tapmaq nə qədər çətin olsa da, başsağlığı verdim. Nüşabə xanımın hıçqırtı ilə söylədiyi: "Abid, aristokrat bizi tərk etdi. Bax bu gündən qorxurdum. O gün, bu gün imiş", toxtamaq, bir yerdə qərar tuta bilməyən Günay xanımın "Elçin, axı, sən belə getməməliydin, bizi belə boynu bükük qoymamalıydın" - cümlələri indi də qulaqlarımdan getmir. Bir neçə dəqiqə keçmişdi ki, cənazəni məsciddən gətirib mənzilə qaldırdılar... Acı xəbəri eşidən qohum-qonşular, dost-tanışlar, yazıçılar, şairlər, hökumət üzvləri, dövlət xadimləri, sıravi oxucular səhərdən axşamadək dəstə-dəstə bu ünvana axışırdı...

Günortadan az keçmişdi ki, KİV-də Mədəniyyət Nazirliyinin Xalq yazıçısı (1998), "İstiqlal" ordenli (2003), dövlət və ictimai xadim Elçin İlyas oğlu Əfəndiyevin bu gün 82 yaşında vəfat etdiyi və mərhumla vida mərasiminin 4 avqust, saat 12:00-dan 14:00-a kimi Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında baş tutacağı, onun I Fəxri xiyabanda dəfn ediləcyi barədə məlumat yayıldı...

Əziz və unudulmaz Elçin müəllimin zəngin irsi, bənzərsiz xarakteri, şəxsiyyəti haqqında çox bəhs etmişəm, amma onunla bağlı hələ yazacaqlarım daha çoxdur. İndilik artıq xatirəyə çevrilmiş bir hadisəni danışmaqla kifayətlənirəm.

Bu yaxınlardakı söhbətlərimizin birində "Baş" romanı əsasında Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin hazırladığı eyniadlı tamaşanın ictimai baxışına dəvət etdi. İyunun 19-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının salonuna daxil olub az qala səhnəyə bitişik - Elçinin adəti üzrə əyləşdiyi lojaya da nəzər saldım. Yox idi... Orta cərgədə ailə üzvləri əyləşmişdi. Ürək edib niyə gəlmədiyini soruşmadım. Tamaşa çox uğurlu alınmışdı. Finaldan sonra seyrçilər sürəkli və gurultulu alqışlarla aktyorları təkrar-təkrar səhnəyə dəvət edir, çiçəklər verir, minnətdarlıqlarını bildirirdilər. Mən bu arada Elçin müəllimə zəng etdim, telefonun mikrofonunu zala tutub: "Elçin müəllim, bu alqışlar Sizin, yazdığınız əsərin tamaşasının ünvanınadır. Təbrik edirəm! - dedim və əlavə etdim: - İnanın ki, insanlar, salondan çıxmaq istəmir, iştirak etsəydiniz, özünüz şahidi olardınız". Elçin müəllim ictimai baxışın uğurla keçdiyindən məmnun qaldığını dilə gətirdi və əsərin yeni teatr mövsümünün açılışında - sentyabrda oynanılacağını, orada iştirak edəcəyini bildirdi .Amma təəssüf ki, bu, ona nəsib olmadı...

...Nüşabə xanım qəhərlə Elçin müəllimin qəfləti vəfatından danışanda vaxtı ilə - 1996-cı ildə atası - Xalq yazıçısı İlyas Əfəndiyevin dünyasını dəyişməsi barədə Elçinin kədərli söhbətini xatırladım: "Oktyabr ayının 1-i idi. Atam özünü pis hiss etdiyini, halsız, taqətsiz olduğunu dedi. Açığı, çox narahat olmadım, ürəyimə də heç nə gəlmirdi. Fikirləşdim ki, yəqin yaşdandır, zarafat deyil, 82 yaşı vardı, Oktyabrın1-i səhər tezdən durub həmişəki qaydada yazmağa başladı, xeyli sonra qələm-kağızı mizin üstünə qoyub uzandı. Ayın 2-si axşam bir az narahat oldu. 3-ü səhər tezdən halı qəflətən pisləşdi. Həkim çağırdıq. O, kədərli gözləri ilə bizə baxanda, artıq hər şeyin bitdiyini hiss etdik".

Ayın 3-ü, səhər tezdən, 82 yaş! Ayın tarixinin, zamanın, yaş eyniliyinin üst-üstə düşməsini necə adlandırım: alın yazısımı, taleyin, qədəri, hökmümü?

Adını Azərbaycan ədəbiyyatının klassikləri cərgəsinə həkk etdirmiş, "60-cılar" nəslinin ən parlaq və öndər yazarlarından Elçinin vəfatı ədəbiyyatımız, bütövlükdə mədəniyyətimiz, bütün xalqımız üçün böyük itkidir. Təsəlli və təskinliyi onunla tapırıq ki, Elçin cismən bizdən ayrılsa da, o, Ədəbi sözü və Əbədi izi ilə aramızdadır, onun əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır. Allah rəhmət eləsin!

Məkanın cənnət, ruhun şad olsun, əziz və unudulmaz dostum!

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
525.az

1Mənbələr