AZ

Xalqın sənətkara verdiyi dəyər So­sial şə­bə­kə­də ya­zı­lan­lar

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Murad Köhnəqala, şair:

- Elçin müəllimi şəxsən tanımırdım, heç bir münasibətimiz olmayıb.

Gəncliyimdə yazıçının bir neçə hekayə və povestini oxumuşdum. "Mahmud və Məryəm"ini çox bəyənmişdim.

Eçlin Əfəndi 82 il yaşasa da, mən bu ölümü vaxtsız və bir az da tələsmiş kimi hiss etdim.

Elçin Əfəndi Azərbaycan ədəbiyatına sanbal verən nasirlərimizdəndir. Onun ölümü söz sənətimizə kədər gətirdi.

Ruhunuz şad olsun, Elçin müəllim!

Siz bu ömürdə Azərbaycan ədəbiyyatı və mədəniyyəti üçün çox işlər gördünüz.

Xalqımızın yaddaşında yaşayacaqsınız!

Qismət Rüstəmov, şair:

- Elçin Əfəndiyev vəfat etdi. Mənə görə, Elçinin ən yaxşı əsərləri sosial məzmunlu "Dolça" qəbilindən olanlar yox, yalquzağıyla, bağlı qapılardan, örtülü bacalardan icazəsiz girən vəbasıyla, yəni fərmanı bir sətir belə düzəliş götürməyən, başımızın üstünü kəsdirmiş fələyin kafkaesk "Ölüm hökmü"ylə bağlı olanlardır. Məncə, "Toyuğun diri qalması" da bundan bəhs edir - bir-birinin əksi kimi görünsə də, üz-üzə qoyulmuş güzgülər kimi bir-birində sonsuzca əks olunduğu üçün bir-birinin sinonimi olan ölüm və ölməzlik haqqında...

Ruhu şad olsun!

İlkin Rüstəmzadə, ictimai fəal:

- Dəyərli sənətçimiz Murad Arif gözəl mövzuya toxunub.

Azəri söhbəti. Adam deyir ki, dünyadakı bütün ölkələrin millətlərinin qısaltması var.

Finlandiya-fin, Almaniya-alman məsələn.

Və Murad bəy əlavə edir ki, biz də bu azəri kəliməsinə ilişməməliyik; okeydi.

Məncə, haqlıdır. Yəni niyə də azəri yox, Azərbaycan türkü?

Mən də özümü etnik olaraq türk bilirəm və öz xalqımı, mədəniyyətimi sevirəm.

Amma Azərbaycan türkü deyə müstəqil bir millət adı olmaz ki.

Üstəlik, Azərbaycan türkü ifadəsi özünü azərbaycanlı, Azərbaycanı da öz vətəni sayan talışı, ləzgini, avarı, saxuru, udini incitmək deyilmi?

Azərbaycan dünyada millətlərin sözün əsl mənasında qardaşlıq içində yaşadığı çox nadir ölkələrdən biridir.

Kişilər bunu qurublar, qoruyublar, bəs biz də incitməyək də etnik azlıqlarımızı.

Onlar da bizdəndir axı. Və sən Azərbaycan türkü deyəndə onları incidirsən.

İspan, italyan, yunan. Və azəri.

Qəşəng də səslənir, yox?

lll

Dünən Azərbaycan çox nəhəng bir sənətkarını itirdi. Səssizcə, amma ehtiramla.

Fikir verdiniz, bircə nəfər onun haqqında pis yazmadı. Sevməyənlər belə, susmaqla sayğı göstərdilər.

Bu, xalqın sənətkara verdiyi dəyər idi. Həm də tarixi missiyaya görə təşəkkür.

Arif Babayev başda olmaqla, Azərbaycanın muğam ifaçıları doğrudan da tarixi missiya yerinə yetirdilər.

Bizə, xalq olaraq Qarabağı unutmağa qoymadılar. 30 il boyunca. Heç birimiz unutmadıq. Heç birimiz razılaşmadıq işğalla.

Müharibə başlayanda da, bütöv xalq vahid ruh göstərdik. 5-10 zatıqırığı çıxmaqla hamımız Qarabağa sevindik.

Və bu ruh, həm də muğam sənətçilərimizin sayəsində oldu. Onlar bizə ötürdülər işğalın bütün ağrısını, acısını.

İçimizdə o yaranı qaysaxlamağa, ölməyə qoymadılar. Unutmağa qoymadılar.

"Qarabağ şikəstəsi", "Şuşanın dağları", "Bayatı şiraz" (bəli, çoxlarının sevmədiyi Tacir belə).

Sizə şişirtmə kimi gələ bilər, amma incəsənət budur. İncəsənətin gerçək təsiri budur.

Çünki vətən həm də o mahnılardır. "Koroğlu" üverturasıdır, "Kürd ovşarı"dır, "Şəbi Hicran"dır, "Arazbarı"dır.

Vətən Arif Babayevin yanıqlı səsidir.

Nur içində yat, sənətkar!

Fərid Pərdəşünas: Texnobloger

- Kəramət Böyükçölün Arif Babayev haqqında nə dediyini, açığı, bilmirəm və maraqlı da deyil. Müsbət və ya mənfi fikirləri özünə məxsusdur və özü bilər. Fikir də, yaradıcılıq da azaddır. Ucuz medianın Kəramətin fikirləri əsasında xəbərlər formalaşdırıb sənətkarın sənətini mübahisələndirməsi isə böyük ayıbdır.

Belə məsələlər və müzakirələr gündəm, aktivlik, IP üçün istifadə edilməməlidir. Bu, hamımız üçün ayıbdır. Arif Babayevin özü də, sənəti də mübahisələndiriləcək məsələ deyil. Ölümdən sonra isə heç deyil. Arif Babayev bir nəslin yox, iki nəslin və gələcək nəsillərin muğam simasıdır. Muğamın da yox, elə Qarabağın, Ağdamın simasıdır.

Onun səsi, duruşu, sözləri - hamısı tarixdir. Müharibədən, məğlubiyyətdən, qələbəyə gedən yolun fon musiqisidir.

Arif Babayevin ruhuna hörmətlə.

Allah rəhmət eləsin.

Azər Ayxan, jurnalist:

- Arif Babayev şəxsiyyətli kişilərdən idi. Özünəxas xarakteri vardı. Hər zaman ağırlığını, sanbalını gözləyirdi. Sənəti haqda söz deməyə gərək yoxdur - USTAD idi. Amma baməzə sözləri, gülüş doğuran replikaları ilə də tanınırdı. Ağdamlılara məxsus yumoru vardı. Həqiqətən, Ağdam camaatındakı yumora, baməzəliyə başqa yerlərdə rast gəlmək mümkün deyil. Qarabağın digər bölgələrində də bunun oxşarını tapmazsan. Azərbaycanın gözəlliyi, özəlliyi budur: hər bölgənin öz duzu, öz əlaməti, kəraməti var.

Ortaq tanışlardan biri söyləyir ki, koronavirusun tüğyan etdiyi vaxtlarda Arif müəllim deyirmiş ki, bu qədər yaşadıq, indi ölsək, 2-3 adamla aparıb dəfn edəcəklər, biabır olacağıq. Dalınca deyib: "Gərək öləndə də hörmətlə gedəsən. Qədir (xanəndə Qədir Rüstəmov) yaxşı hörmətli vaxtda getdi. Ə, sən öl, deyəsən, bilirmiş e belə olacağını".

Dünən ustad xanəndənin vida mərasimində oğlunun dediyi sözləri dinlədim. "Arif Babayev xoşbəxt insan idi, bütün arzularına çatdı" - söylədi. Şübhəsiz, o arzuların başında Qarabağın, Ağdamın düşməndən azad edilməsi gəlirdi. Ağdamı, Şuşanı yaralı gördü, amma əsas odur, gördü, nisgillə köçmədi, gözlərini Vətən həsrəti ilə yummadı. Son arzusuna da çatdı: son mənzilə xalqın çiynində getdi. Məkanın cənnət, ruhun şad olsun, Arif BABAyev. Gedən cismindir...

Laura Quliyeva, İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri:

- ...Təsadüfmü, yoxsa sirli hikmətmi?

Xoşbəxt Yusifzadə heç unutmadığım olduqca maraqlı, səmimi müsahib idi. Danışırdı ki, atası muğamı, musiqini sevən imiş, evində tez-tez muğam məclisləri təşkil edərmiş. Belə günlərin birində anasının ağrısı tutur, yan otaqdakı muğamın sədaları altında oğlu dünyaya gəlir. Atası elə məclisdəcə oğlunun adını Xoşbəxt qoyur, deyir hər kəsə nəsib olmaz muğamla, xanəndənin avazıyla dünyaya göz açsın, oğlum xoşbəxt saatda doğulub, qoy bu xoşbəxtliyi əbədi olsun!

Atanın arzusu necə çin olarmış, İlahi! Muğamatla qoşa doğulduğunu  müsahibə zamanı deyəndə Xoşbəxt müəllim hardan biləydi ki, "gözünü xanəndələrin qucağında açmaqla" yanaşı, muğam ustadlarıyla qoşa uyumaq da qismətində varmış!

Özünəməxsus yumorla: "Hər muğam səslənəndə, xanəndə oxuyanda təzədən doğuluram, ona görə də ömrüm uzundur" deyən Xoşbəxt Yusifzadənin son mənzili də muğam ustadlarıyla qoşadır: Sağda Əlibaba Məmmədov, solda Arif Babayev!

Dünyanın o qədər qəribəliyi var ki, bilmirsən hansına mat qalasan...

Sərdar Amin, yazıçı:

- Andrey Zvyaqintsevin "Ne lyubov" filmi var. Ər və arvadın hərəsinin öz sevgilisi var və başları özlərinə qarışıq ikən bir gün 13 yaşlı övladları yoxa çıxır. Film boyu hamı uşağı axtarır...

Uşaq tapılmır və sonda rejissor bizə xəbərləri izləyən ata və eyvanda qaçış trenojorunda addımlayan ananı təqdim edir. Arvadın əynindəki idman paltarının yaxasında "Rossiya" yazılıb. Xəyanət edən, övladını itirən və yerində addımlayan "Rossiya"...

Nigar Axundova, sənətşünaslıq üzrə fəlsəfə doktoru:

- Əziz dostlar!

Çətin dövrlərdən keçirik, bəzən duyğular aşıb-daşır, amma yadda saxlamalıyıq ki, hər bir müzakirədə sərhədi keçməmək vacibdir. Arqumentlər, faktlar təqdim edin, qəti şəkildə nəzakətli olun! İnanın, bu, kobud dildən daha güclü təəssürat yaradır! Təxribatların qurbanı olmayın!

Məşhur ifadəni xatırlayın: "Yupiter, hirslənirsənsə, deməli, səhv edirsən!"

"Luppiter iratus ergo nefas"...

Elxan Şahinoğlu, politoloq:

- Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampın "müharibəni dayandır" təklifinə ona verilən 10 günün bitimini gözləmədən "yox" dedi. Trampa işarə edərək "şişirdilmiş gözləntilər özünü doğrultmadı" - deyən Kreml sahibinin məntiqi sadədir. Birincisi, Rusiyanın bütün cəbhə boyu hücumu genişləndirdiyi mərhələdə Ukrayna ilə atəşkəs mümkün deyil. İkincisi, ABŞ-ın yeni sanksiyaları Kremli narahat etmir. Elə Trampın özü də son açıqlamalarının birində Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyinin anonsunu versə də, bunun işləyəcəyinə şübhə ilə yanaşdığını bildirib. Ağ Ev sahibinin bu açıqlaması Putinin "sanksiyalardan qorxmuram" arqumentini gücləndirib. Bu o deməkdir ki, müharibə davam edəcək, paytaxt Kiyev olmaqla Ukrayna şəhərləri əvvəlkitək bombalanacaq, mülki insanlar ölməkdə davam edəcəklər. Putin cəbhə bölgəsində say üstünlüyündən istifadə etməyə çalışır. Digər tərəfdən Rusiya dron istehsalında geriləməni ortadan qaldırıb. Buna baxmayaraq, Putinin işğal ərazisini genişləndirmək siyasəti Rusiyaya baha başa gəlir. Rusiya hər ay minlərlə hərbçisini itirir, müharibə ölkə büdcəsinə ağır yükə çevrilib, bunu iqtisadi sferaya rəhbərlik edənlər də etiraf etməyə başlayıb. Ancaq nə qədər ki, Putin hakimiyyətdədir, o Ukraynanı parçalamaq planından vaz keçməyəcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
525.az

1Mənbələr