AZ

Geci tezi var...

525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Mahir Cavadlı

Mənim Rusiyaya, ən iri şəhərlərdən biri olan Leninqrada (Sankt-Peterburq) köçmək, orada təhsil almaq imkanım 50 il əvvəl baş tuta bilərdi. Qaradağ rayonu Sahil qəsəbəsində kirayə ev tutan universitet müəlliminin ailəsinə (ata, ana və gənc qızı) göstərdiyim lütfkarlıq, adi neftçi ola-ola (müsabiqədən keçməyib dənizdə qazmaçı köməkçisi işləyirdim) onlarla rus dilində etdiyim maraqlı söhbətlər, rus ədəbiyyatı, tarixi haqqında bilgilərim xüsusən müəllimin həyat yoldaşını çox ilgiləndirmişdi.

Bu müəllim ailəsi ilə mehribanlaşmağımızda qonşumuz, - Qaradağ Mədəniyyət evinin direktoru Məhəmməd müəllim və onun həyat yoldaşı Məhəbbət xanımın (Sosialist Əməyi Qəhrəmanı Yusif Kərimovun qızı) da rolu az deyildi. Hər gün samovar çayı, ləzzətli yeməklər, gəzintilər rusiyalı qonaqlarımızı heyrətləndirirdi. Növbəti çay süfrəsində məramlarını bildirdilər. Məni müəllimin dərs dediyi universitetdə oxumağa dəvət elədilər, yaşayış yerimi və qayğılarımı qarşılamaq şərti ilə! Razılaşmadım, jurnalist olmaq istəyirdim. Oldum da, hərbi xidmətdən sonra. Xidmətdən baş çavuş rütbəsində tərxis olunanda da 1980-ci il Moskva olimpiadasında təcrübə keçərək polis orqanlarına xidmət təklifini aldım. Cəlbedici olsa da, doğma Vətən məni özünə çəkdi.

Hərbi xidmətdə komandirlər məktəbini bitirib tağımı təhvil aldığım ilk vaxtlar “rus dedovşinası” mənə bir çox mətləbləri anlatdı. Nümunəvi tağımımdakı “ded”lərin qoyduqları qaydalara əməl etməməyim asan başa gəlmirdi. Polka iki erməninin gəlişi isə bunlarda dini yaxınlıq hisslərini daha da gücləndirdi.

Bunları niyə yazıram?! Yəni mənim Rusiyanı seçmək şansım daha çox olub. Sadəcə hansısa daxili hissiyyatın gücü ilə qəbul etməmişəm. Bunun müqabilində müstəqil Azərbaycanın mətbuatında fəaliyyətim ən azı yazdığım məqalələrdən, kitablarımdan bəllidir. Dövlətimizin ilk sərhədçilərindən biri kimi yadelli yaşılpapaqları yarı xoş, yarı silah gücünə çıxaranlar sırasında mən də varam. Həm qələmimlə sərhəd quruculuğunun tarixinə töhfə vermişəm, həm də zabit kimi onun hüdudlarının qorunmasında iştirak etmişəm. Təhlükəsizlik orqanlarından polkovnik rütbəsində ehtiyata buraxılmışam. Qarabağımın, Zəngəzurumun azad olunması xoşbəxtliyini yaşamışam...

Hələ Rusiya qoşunları torpaqlarımızdan çıxarılanda söhbət gəzirdi ki, imperiya heç vaxt Azərbaycanı rahat buraxmayacaq, geri çəkilmə taktikasında da bu siyasət açıq-aşkar görünürdü. Sülhməramlıların Qarabağda öz dədələrinin heykəllərini ucaltmaları da buna bir sübutdur.

Azərbaycan isə 90-cı illərin Azərbaycanı deyil. Ulu öndərin daxili və xarici siyasəti dünyanın gözü qarşısında ölkəmizi cəlbedici bir dövlətə çevirib. Qalib sərkərdə İlham Əliyevin rəhbərliyi dövründə xalqımızın sülhsevər, humanist prinsiplərə sadiqliyi dövlət siyasətində öz əksini tapıb. Elə məqamlar da var ki, bu, heç bir xalq, heç bir millət tərəfindən qəbuloluna bilməz. Bu məqamlardan biri də 2024-cü ilin dekabrında təyyarəmizin Rusiya silahlıları tərəfindən vurulması oldu. Olaya ilk etirazı məhz dövlət başçımızın Moskvaya rəsmi səfərdən imtina etməsi, təyyarəsi ilə Heydər Əliyev hava limanına dönməsi, elə oradaca toplantı keçirərək cinayətkarların cəzalandırılması tələbini irəli sürməsi oldu. Moskvanın reaksiyası isə Rusiya mətbuatının əvəzsiz bayquşlarının dilində axmaqyana ifadəsini tapdı: bizdən nəyisə necə tələb etməkmi olar?.. Bu hadisələr məlumdur, bu haqda çox yazılır və danışılır. Azərbaycan rəhbərliyi heç nəyi güzəştə getmək istəmir, çoxsaylı vətəndaşlarının ölümü, yaralanması ilə nəticələnən cinayətin araşdırılmasını istəyir və bu, həm insanlıq, həm də beynəlxalq hüquq çərçivəsində normal haldır.

Nəhayət, Rusiya omonçuları tərəfindən qətlə yetirilənlərin qanunsuz hərəkətlərinə qiymət verilməsi tələbi! Hakimiyyətin cinayət hadisəsini qınayan bəyanatı nədənsə cinayətkarlara xoş gəlmədi. Olay acınacaqlıdır, insanlığa sığmazdır. Ancaq nə edəsən ki, bu, insan qatillərinin ənənəvi öldürmə metodudur. Azərbaycanlılara, türksoylu millətlərə qarşı irticalar, soyqırımlar davam edir. Dünya mətbuatının verdiyi məlumata görə, əsas məqsəd Putin hakimiyyətinə söykənən maqnatların çirkli pulların yuyulmasında iştirakının üzə çıxmamasıdır.

Hələ Ukrayna ilə müharibə başlayanda Rusiyada iş sahibi olan dostlarıma, yaxınlarıma bu ölkəni tərk etməyi məsləhət görmüşdüm. Bildirmişdim ki, Putin rejimi məhz öz xalqından olmayanları müharibənin ölümlü-itimli qucağına atacaq, ətçəkənlərdən keçirəcək. İzlədiyim Rusiya televiziya kanallarında qaragözlərin, qıyıqgözlərin ön çəbhədə kameralara düşməsi diqqətimi cəlb edirdi. Rusiya şəhərlərində isə saysız-hesabsız yekəpər qatillər hakimiyyətin ən alçaq tapşırıqlarını yerinə yetirərərək caniyə çevrilirlər. Müharibədən tıncıxan Rusiya niyə bu qüvvələri cəbhə bölgəsinə səfərbər etmir? Cavab birdir: hakimiyyəti itirmək qorxusu! Elə yadellilərə qarşı süni oyunbazlıqlar da bunun üzərində qurulub. Artıq bıçaq sümüyə dirənib, “Rusiyasız dünya da yoxdur” bağıran telekanallar müharibə, dünyanın məhvi ilə bəşəriyyətin əsəblərini sınağa çəkirlər. Bu dövlət 300 ildən çoxdur ki, Pyotr vəsiyyətlərinin icrası ilə məşğuldur. Bu dövlət cinayətkar, qeyri-insani əməllərin ən sadiq ifaçıları kimi dünyanı iyrəndiriblər.

Yekaterinburqda hadisələr baş verəndə oradakı həmyerlimlə əlaqə yaratdım. Qızı həmin şəhərdə tanınmış həkimdir, oğlu Rusiyanın idman şərəfini qoruyur. Atın hər şeyi, qayıdın Azərbaycana,  Türkiyəyə, heç olmasa Avropa ölkələrinə gedin, dedim. Cavabı məlum, yenə həmin səbəblər. İndi nə olacaq, bəlkə də, nə vaxtsa, ara bir müddət sakitləşsin. Ancaq bilin, Rusiya XXO arxivlərində kimin haradan gəldiyi haqqında məlumatlar qalır, qeyri-millətin nümayəndələri qəsdən cinayət əməllərinə sövq olunur və bu haqda dəqiq, müfəssəl, bir az da şişirdilmiş materillar toplusu yaradılır, lazımi məqamlar üçün!

Sözarası: 1926-cı ildə Bakıda Birinci Türkoloji Qurultayda çıxış edən rusiyalı alim öz kökünün türksoylu olduğunu indiyədək bilmədiyini etiraf edir. Gərək heç bilməyəydi də! Nə oldu? Qurultayın demək olar ki, bütün üzvləri 37-ci ilin repressiyasına məruz qaldı. Mərhum professor Cəlal Qasımov münasibət bildirərək yazırdı ki, ötən əsrin 20-ci illərində keçirilən türkoloji, milli qurultayların, tədbirlərin əksəriyyəti məhz tələ məqsədi güdürdü. Budur, bu Rusiya dövlətinin qardaşlıq siyasəti, imperialist anlamı!

Bu olaylardan sonra Rusiya ərazisində qalıb yaşayan, Rusiya imperiyası naminə çalışan hər bir qeyri-rus, hər bir türksoylu, hər bir miqrant özünü gələcəyin girovları sırasına qoşur. Onsuz da geci-tezi hər şeyi əlinizdən alacaqlar, vəhşicəsinə, insanlığa sığmayan metodlarla sizləri müflis edəcəklər, alçaldacaqlar, şərləyəcəklər...

Rusiya onu ayaqları üstündə saxlayan miqrantlara qul münasibəti ilə öz iç üzünü bir daha göstərdi, Ukrayna müharibəsi davam etdikcə, Azərbaycan kimi dövlətlər üzüyolalıq göstərməyincə, Turan ideyasına zəminlər çoxaldıqca bu üzlər daha da bozaracaq, qaniçənlik, vəhşilik artacaq. Omonçuların dağıtdıqları meyvə-tərəvəzin sadə vətəndaş tərəfindən sumkaya doldurulub aparılması süjeti Gədəbəyi tərk edərkən unitaz aparan ermənini xatırlatmırmı?!.

Starovoytovanın, Saxarovun 90-cı illərdə erməni konyakının təsiri ilə türk xalqlarına, miqrantlara qarşı başlatdığı qaragurh kampaniyasını bu gün tolstoylar, zatulinlər, valuyevlər... “məharətlə” davam etdirirlər, dedikləri sosial şəbəkələrdə sürətlə, geniş yayılır, təbii ki, çoxdurlar. İndiyədək qınında gizlənən erməni bloqerlər də bu qarayaxma kampaniyasına qoşulublar. Hansısa manyak bloqer “Artsax”dan danışır, “stepankert” xatirələrini yada salıb ağlamsınır, kimsə hədə-qorxu gəlir, kimsə tarixi yalanlara bir daha don geydirmək istəyir.

İndi Zəngəzur azaddır, Qarabağ çiçəklənir. Düzdür, bəzi məmurların özbaşınalıqları, yayılan şayiələr, əsaslı-əsassız söhbətlər insanların Vətənə dönmək arzularında həssas yanaşmaya səbəb olur. Ancaq inanın, bütün bu məsələlər gec-tez öz həllini tapacaq. Lenindən Stalinə (hər ikisi dünyada ən çox insan qırğınına səbəb olmuşlar siyahısındadırlar), ... son illər Qorbaçovdan Yeltsinə, Yeltsindən Putinə ötürülən hakimiyyət heç vaxt ucqar ərazidən olanların, qeyri-rusların özlərini əsl vətəndaş kimi hiss etmələrinə imkan verməyəcək. Tərtibli dosyeləriniz hər ehtimala qarşı hakimiyyət orqanlarının əlində məqama hazır bomba kimi saxlanılır. Onlardan nə vaxtsa istifadə edilməyəcəyinə güman sıfıra bərabərdir. Miqrantsız Rusiya isə, bu yaxınlarda sosial şəbəkədə yayılan bir süjetdəki kimi, öz zibillərində itib-batacaqdır.

Qayıdın Vətənə, dostlar! Qayıdın ki, vətən gül-çiçəyə dönsün, azad və xoşbəxt diyara çevrilsin. Bilirəm, qərar qəbul etmək çətindir, ancaq yad ölkədə yadlara xidmət etmək də asan deyil! Geci-tezi var!

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
525.az

1Mənbələr