ain.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.
Müstəqil Azərbaycanin bütün ərazilərində tarixi, dini abidələrimiz məscidlərimiz yenidən tikilib, bərpa edilib və bu davamlıdır. Məscidlər tarixi simaları qorunmaqla əsaslı təmir edilib. Dünyanın ən qədim məscidlərindən biri olan, 743-cü ildə inşa edilmiş Şamaxı Cümə məscidi yenidən qurulub. Xristian dini abidələri, alban kilsələri, o cümlədən Nic qəsəbəsindəki kilsə, Kiş kilsəsi təmir edilib. Tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin qorunması, həmçinin dini ziyarətgahların, maddi-mədəniyyət abidələrinin bərpası və mühafizəsini daim diqqət mərkəzində saxlayan dövlət kimi bu siyasət işğaldan azad olunmuş torpaqlarımızda da uğurla davam etdirilir. Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Yalnız beynəlxalq təşkilatların təzyiqləri nəticəsində Ağdam Cümə məscidini, Şuşa şəhərindəki Aşağı Gövhərağa, Yuxarı Gövhərağa və Saatlı məscidlərinin divarlarını salamat saxlamaq mümkün olub. Bütün dünyaya ermənilər Ağdam Cümə məscidinin içərisində ev heyvanları, o cümlədən donuz saxlamaqla öz iyrənc simalarını göstərdilər. Məlumdur ki, Yerevandakı Dəmirbulaq məscidi yer üzündən silinib. Artıq işğaldan azad olunan ərazilərimizdə dini abidələrin bərpası işləri ardıcıllıqla davam etdirilir.
"BÜTÜN DİNLƏRİN ABİDƏLƏRİ BİZDƏ QORUNUR – KİLSƏLƏR, SİNAQOQLAR, O CÜMLƏDƏN ERMƏNİ KİLSƏSİ BAKININ MƏRKƏZİNDƏ DÖVLƏT TƏRƏFİNDƏN QORUNUR, TƏMİR EDİLİB"
Vurğulayaq ki, ölkəmizdə olan çoxsaylı xristian icması cəmiyyətimizin ayrılmaz və fəal hissəsidir, onların abidələri və ibadət yerləri, kilsələr Azərbaycan dövləti tərəfindən tam mühafizə edilir və mütəmadi olaraq bərpa edilir. Rus Pravoslav Baş Kafedral Kilsəsi, "Xilaskar" Yevangelik-lüteran kilsəsi, Gəncədəki Aleksandr Nevski Rus Pravoslav Kilsəsi dövlət tərəfindən təmir olunub, Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzi inşa edilib. Qəbələdəki Çotari alban-udi və Bakıdakı Pravoslav kilsələrinin təmiri, Bakıdakı Müqəddəs Məryəm kilsəsinin inşası Heydər Əliyev Fondunun "Tolerantlığın ünvanı – Azərbaycan" layihəsi çərçivəsində reallaşdırılıb. O cümlədən, Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana alban kilsəsi Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə bərpa edilib. Bakı şəhərinin mərkəzində Azərbaycan dövləti tərəfindən erməni kilsəsi bərpa edilib. Cənab Prazident bildirib ki, bütün dinlərin abidələri bizdə qorunur – kilsələr, sinaqoqlar, o cümlədən erməni kilsəsi Bakının mərkəzində dövlət tərəfindən qorunur, təmir edilib: "Onlar nə ediblər? Mən Zəngilanda olarkən dağıdılmış, divarları qalmış məscidin önündəki çıxışımda Azərbaycan xalqına müraciət edərək dedim onlar nə ediblər, beynəlxalq təşkilatlara müraciət edərək dedim ki, gəlin baxın, hesabatı burada hazırlayın, öz kabinetlərinizdə yox. Ermənistan rəhbərliyinin və onun havadarlarının yalan məlumatlarına inanmayın, gəlin, öz gözlərinizlə baxın nə günə salıblar bizim məscidlərimizi. Sadəcə olaraq, onlar görüntü yaratmaq üçün Yuxarı Gövhərağa məscidini guya bir xarici şirkətlə birlikdə təmir etdiriblər. Bu təmir bizə lazım deyil. Bu təmir riyakarlıq rəmzidir, sadəcə olaraq, görüntü yaratmaqdır ki, guya Ermənistan rəhbərliyi məscidləri təmir etdirir".
"ERMƏNİSTAN MÜSƏLMAN ÖLKƏLƏRİ ÜÇÜN DOST OLA BİLMƏZ"
Çox təəssüfedici haldır ki, maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı nəticəsində İslam mədəniyyətinə aid olan bütün abidələr dağıdılıb.
"Ermənistan daim çalışır ki, müsəlman ölkələri ilə münasibətlər qursun, bəzi ölkələrlə münasibətləri inkişaf etdirsin, özünü sanki müsəlman xalqlarına müsbət münasibət bəsləyən bir ölkə kimi qələmə versin", - deyən dövlət başçısı bunların yalan olduğunu çıxışlarının birində bildirmişdir: "Hamısı yalandır. Əgər buna kimsə bu günə qədər inanıbsa, gəlsin Şuşaya, Ağdama, Füzuliyə, Cəbrayıla, bizim azad edilmiş digər torpaqlara, görsün ki, Ermənistan rəhbərliyi nə günə salıb müsəlman məscidlərini. Hər bir müsəlman üçün müqəddəs olan məbədlərimizi nə günə salıb. Dağıdıb, təhqir edib, donuz saxlayıb, inək saxlayıb, məscidlərimizin üzərində təhqiramiz ifadələr yazdırıb. Belə bir ölkə müsəlman ölkələri ilə dost ola bilərmi? Əlbəttə ki, yox. Mən bunu dəfələrlə bütün beynəlxalq kürsülərdən bəyan edirdim, müsəlman ölkələrinin liderlərinə müraciət edərək həm ikitərəfli formatda, həm çoxtərəfli görüşlər əsnasında, beynəlxalq tədbirlərdə deyirdim ki, Ermənistan müsəlman ölkələri üçün dost ola bilməz, məscidləri bu günə qoyan ölkə müsəlman ölkələri ilə dost ola bilməz".
Tarixin müxtəlif dönəmlərində Azərbaycan tolerant mühiti, multikultural dəyərləri ilə seçilən məkan olub. Bütün dinlərin və etnik qrupların nümayəndələrinin birgə yaşaması və ölkəmizin uğurlu inkişafına birgə töhfələr mövcud mühitin təzahürüdür. Bütün dinlərə hörmətlə yanaşaraq müxtəlif dinlərin məbədlərinə qayğı və diqqət göstərlir, o cümlədən dini ocaqlara məscidlərimizə olan münasibət Azərbaycanda din-dövlət münasibətlərinin, vətəndaş həmrəyliyinin yüksək səviyyəsini nümayiş etdirir.
Ermənistan əməllərinin təzahürü olan bu vandallıq bir daha təsdiqləyir ki, bütün bunlar Azərbaycana qarşı mədəni soyqırımıdir. Artıq Azərbaycan öz torpaqlarına sahibdir və işgaldan azad olunan dağıdılmış ərazilərimiz, o cümlədən dini-tarixi abidələr yenidən qurulur, təmir və bərpa olunur.
"…XALQIMIZA MƏXSUS MİNLƏRLƏ TARİXİ-MƏDƏNİ ABİDƏ VƏ YAŞAYIŞ MƏSKƏNİ DAĞIDILIB VİRAN EDİLMİŞDİR"
Göründüyü kimi, ermənilər Azərbaycana qarşı işğalçılıq siyasətini təkcə ərazi iddiaları ilə məhdudlaşdırmayıb, mədəni irsimizə, milli-mənəvi dəyərlərimizə göz dikiblər, onları oğurlayıb özününküləşdirməyə çalışıblar. Azərbaycanın mədəni irs nümunələrini erməni mülkiyyəti adı ilə tanıtmağa çalışaraq əqli mülkiyyətimizin terrorçusuna çevriliblər. Azərbaycanın işğal altında olan ərazilərini xarabalığa çevirən ermənlər vəhşilik missiyalarını həyata keçiriblər. Artıq Azərbaycan 44 günlük Vətən müharibəsində Zəfər qazandı və yolumuzu gözləyən yurd yerlərimizdə abadlıq quruculuq işlərinə start verilib. İşğaldan azad olunmuş ərazilərdə məscidlər, mədrəsələr, körpülər, məbədlər nəinki dağıdılmış, eyni zamanda bir çox hallarda təyinatına uyğun olmayan şəkildə istifadə olunaraq xalqımızın milli mənəvi dəyərləri təhqir edilmişdir. Füzuli rayonunda Hacı Ələkbər məscidi, Dədəli, Merdinli, Gecəgözlü, Yuxarı Veysəlli kənd məscidləri, Cəbrayıl rayonunda Süleymanlı və Papı kənd məscidləri, Qubadlı rayonunda Məmər və Yusifbəyli kənd məscidləri, Zəngilan rayonunda Zəngilan şəhər məscidi, Malatkeşin və Zəngilan kənd məscidləri və s. bu sırada vurğulanmalıdır. Qaraağac qəbiristanlığında yerləşmiş yerli əhəmiyyətli memarlıq abidəsi olan Uğurlu bəyin türbəsi də daxil olmaqla XIX əsrə aid 4 türbə tamamilə məhv edilmişdir. Ağdam şəhərində yerləşən Pənahəli xanın və Mehdiqulu xanın türbələri dağıntılara məruz qalmış, işğalçı Ermənistan tərəfindən abidələrə ciddi ziyan dəymişdi. Erməni silahlı qüvvələri tərəfindən ən çox dağıdılan daşınmaz mədəni irs nümunələri olan məscidlər, türbələr və digər inanc yerləridir ki, bu da erməni vandallığının göstəricisidir.
Şuşada Yuxarı Gövhər Ağa məscidinin əsaslı yenidənqurma və bərpa işlərindən sonra açılışı, eləcə də Saatlı məscidinin açılışı dini abidələrimizə Heydər Əliyev Fondu tərəfindən ayrılan diqqətdir. Dini ocaqlara olan münasibət Azərbaycanın bugünkü həqiqətlərinin təzahürüdür.
ZƏNGƏZURDAN İRƏVANA QƏDƏR DAĞIDILMIŞ TARİXİ ABİDƏLƏR
Bütün qeyd olunan bu və digər abidələrimizlə yanaşı, Ermənistan ərazisində məhv edilən Azərbaycan abidələrini də qeyd etməliyik. Zəngəzurdan İrəvana qədər dağıdılmış tarixi abidələr erməni vandallığınının bariz nümunəsidir. 1988-ci ildə Zəngəzurda, Göyçədə, Dərələyəzdə, İrəvanda, Vedidə yaşayan azərbaycanlılar dədə-baba yurdlarından qovulmağa başladılar. Kütləvi terrora məruz qalan azərbaycanlılar məcburiyyət qarşısında qalıb öz dədə-baba yurdların tərk etdilər. Bu ərazilərdə onlara məxsus yüzlərlə tarixi, maddi-mədəniyyət abidələri ermənilər tərəfindən dağıdılaraq məhv edildi. Ulu Öndər Heydər Əliyev deyirdi: "Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırım siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayışməskəni dağıdılıb viran edilmişdir".
TARİX ƏDALƏTİ BƏRPA EDİR
Qərbi Azərbaycan ölkəmizin tarixinə görə, qədim bölgələrdən biridir. Burada mövcud olan qəbirsanlıqlardakı nadir məzar daş nümunələri, tarixi türk qalaları, məscidlər və s. bu məkanın tarixinin göstəricisidir. Böyük bir irsin nümunələri bu yerlərdədir. Əhalisi soyqırım və deportasiyalara məruz qalmış tarixi Azərbaycan ərazilərindən biri də qədim Zəngəzur torpağıdır.
1915-ci ildə Zəngəzur və İrəvan quberniyasının ərazisində 382 şiə məscidi, 9 sünni məscidi fəaliyyət göstərib. İrəvan quberniyasında məscidlərin artma dinamikası 1904-cü ildə 201, 1911-ci ildə 342, 1915-ci ildə 382 şəklində olub. Bu artım dinamikası bölgədə müsəlman əhalisinin sürətlə artmasından və bu ərazidə müsəlman ruhanilərinin güclü mövqeyindən xəbər verir. Məscidin filialları Zəngəzurun Şəki, Vaqudi, Mərdhuz, Qarraq, Saldaş, Karkyal, Ağbəs, Ağbağ, Hacıəmi, Ballıqaya, Karkas, Çaralı, Xardcmaqlı, Dəstəkərd, Qalacıq, Mollalar, Təzə Kilsə, Nərcan və digər kəndlərində fəaliyyət göstərib. İrəvan şəhərinin özündə XX əsrin əvvəlinə kimi Qədim Şəhər, Çame, Hacı Novruzəlibəy, Hacı İmamverdibəy, Mirzə Səfibəy, Hacı Cəfərbəy məscidləri fəaliyyət göstərib. İrəvanın Came məscidi kompleksində iri mədrəsə binası da mövcud olub. Bu tarixi abidələrin əksəriyyəti ermənilər tərəfindən vəhşicəsinə məhv edilib, yaxud mənşəyi dəyişdirilib.
Qədim tarixi olan Zəngəzur mahalının Qarakilsə rayonunun Urud kəndi ərazisində yerləşən qədim Azərbaycan - türk tarixi-memarlıq abidələri kompleksi olan Uruda daxil olan Urud qalası Urud kəndi yaxınlığında yerləşən tarixi türk qalasıdır. Xatırladaq ki, 1968-ci ildə ermənilər Urud kəndinin adını dəyişərək Vorotan, Urud qalasının adını isə Vorotanberd qoymuşlar. Urud kəndində 1988-ci ilə kimi yalnız Azərbaycan türkləri yaşamışlar. Bu kənddə ermənilərin ilk məskunlaşması 1988-ci ildən sonra olmuşdur.
Onu da qeyd edək ki, abidələr kompleksinin ən mühüm hissəsi isə Urud kəndi yaxınlığındakı orta əsrlər Azərbaycan məzarlığıdır. Məzarlıqda bədii tərtibatlı məzar daşları, qəbirüstü sənduqələr və qoç heykəlləri olmuşdur. Qəbiristanda 13 sənduqə, 4 qoç heykəlli məzar daş qeydə alınmışdı. Məzarlıq ermənilər tərəfindən dağıdılıb, Urud qalasının yalnız xarabalıqları qalır.
Ermənilər Azərbaycan xalqının tarix və mədəniyyətinə dair fakt və həqiqətləri saxtalaşdırmaqla bərabər, abidələrin görünüşünü və yazılarını da süni şəkildə "erməniləşdirmişlər". Məkrli niyyət və mənfur siyasət sahibi olan ermənilərin azərbaycanlılara qarşı törətdikləri vandalizm hərəkətləri hər zaman pislənilib. Tarix ədaləti bərpa edir. Hər zaman belə olub, bu gün də belədir.
Nəzakət ƏLƏDDİNQIZI
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.