AZ

Vaşinqtondakı görüşdən gözləntilər belədir: İki məsələdə razılıq əldə oluna bilər - MÜSAHİBƏ

BAKI, 5 avqust. TELEQRAF

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Elxan bəy, avqustun 8-də Ağ Evdə ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüşün keçiriləcəyinə dair informasiyalar yayılır. Belə bir görüşün baş tutması, əldə edilməsi iddia olunan nəticələrlə bağlı ilkin proqnozlar nədən ibarətdir?

- Artıq iki gündür belə bir informasiya yayılıb. Xəbər rəsmi şəkildə təkzib edilməyibsə, belə bir görüşün baş tutma ehtimalı yüksəkdir. Ola bilsin ki, görüşün keçirilməsi üçün hazırlıq görülür. Əslində bu obyektivdir. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan qeyd ediblər ki, sülh sazişinin mətni hazırdır və bu, paraflana bilər. Sözsüz ki, bu, tam əsaslı sülh sazişi demək deyil. Amma hər iki lider əldə edilən razılaşmanın paraflana biləcəyini bir neçə həftə öncə Əbu-dabi görüşündə söyləmişdi. Bu isə o demək idi ki, razılaşmanın paraflanması üçün sadəcə olaraq tarix və məkan müəyyənləşməlidir. Keçmiş illərdə artıq tarixə qovuşmuş Qarabağ məsələsi ilə ATƏT-in Minsk Qrupunun həmsədri kimi üç ölkə -ABŞ, Rusiya və Fransa məşğul olurdu. İndiki halda Azərbaycan və Ermənistanın sülh sazişinin ilkin variantının təsdiq edilməsi üçün Rusiyanı məkan olaraq seçməsi real görünmür. Bakı və İrəvanın Kremllə ciddi problemləri var. Fransanın ermənipərəst mövqeyinə görə Azərbaycan tərəfindən bu ölkə prosesdən kənarda saxlanılıb. Burada yeganə ölkə ABŞ qalmışdı. Görünür, Vaşinqton da yaranmış fürsətdən yararlanaraq təşəbbüsü ələ almağa çalışır.

- ABŞ-nin Cənubi Qafqaza artan marağı daha çox hansı amillərlə bağlıdır?

- Amerikalı rəsmilərin bölgəyə artan səfərləri heç də təsadüfi deyil. Tramp da bir neçə gün öncə amerikalı senatorlarla şam yeməyində Azərbaycan və Ermənistanın sülh sazişinə yaxın olduğuna dair açıqlama vermişdi. Əslində Ağ Ev rəhbəri bununla prosesdə guya onun da rolunun olduğunu deməyə çalışırdı. Halbuki, II Qarabağ müharibəsindən sonra Azərbaycanla Ermənistan arasındakı danışıqlarda əldə olunan müsbət nəticələr ikitərəfli razılaşma əsasında mümkün olub. Buna baxmayaraq heç kəs Trampın bu açıqlamasını təkzib etmədi. Çünki Bakı və İrəvan Trampla isti münasibətlərə ümid edir. Bu baxımdan Azərbaycanla Ermənistan arasındakı sülh razılaşmasına dair sənədin Vaşinqtonda paraflanması mümkündür.

- Görüşün Vaşinqtonda təşkil edilməsinin başqa səbəblərinin olduğu da iddia edilir…

- Tramp prezident seçiləndə vəd etmişdi ki, Rusiya-Ukrayna müharibəsini dayandıracaq, Yaxın Şərqdə sülh yaradacaq və s. Aylar keçsə də o, hər iki istiqamətdə uğur qazana bilmir. Bu da onun imicinə mənfi təsir edir. Belə bir şəraitdə Trampın uğur hekayəsinə ehtiyacı var. Azərbaycanla və Ermənistan liderləri arasında sülh sazişinin paraflanması Tramp üçün uğur hekasəyinə çevrilə bilər. Bu mənada sülh sazişinin Vaşinqtonda gözlənilən görüşdə paraflanması daha realdır.

- Zəngəzur dəhlizinin açılması ilə bağlı bu görüşdən gözləntilər nədən ibarətdir? Bir müddət öncə Amerikaya məxsus özəl şirkətin icarəsi əsasında dəhlizin açılması iddiası səslənmişdi…

- Bu ehtimalın baş tutması istisna edilmir. Azərbaycan və Ermənistan liderlərinin bu görüşü üçün ola bilsin ki, həftələrdir hazırlıq görülür. Onun baş tutması ilə bağlı xəbərlər yalnız son günlər yayılmağa başladı. Amerikanın Türkiyədəki səfiri, Trampın yaxın dostu Tomas Barrak açıqlama vermişdi ki, Zəngəzur dəhlizi ABŞ-nin özəl şirkəti tərəfindən icarə əsasında açıla bilər. Təbii ki, bu, Barrakın şəxsi fikri deyildi. Bu, Vaşinqton tərəfindən hazırlanmış və səfiri dili ilə səslənən təklif idi. Böyük ehtimalla Ağ Evdə baş tutan mümkün görüşdə bu mövzu da müzakirə ediləcək.

- Dəhlizin icarə əsasında açılmasına Azərbaycanın yanaşması necədir?

- Prezident İlham Əliyev Xankəndidəki Forumda açıqladı ki, bu, Ermənistan hökumətinin verəcəyi bir qərardır. Azərbaycan heç də bunun əleyhinə deyil. Rəsmi Bakı Zəngəzur dəhlizində erməni və rus hərbçilərinin olmasının əleyhinədir. Başqa alternativlər isə müzakirə edilə bilər. Burada Avropa, Amerika şirkətinin olması da istisna edilmir.

- Trampın Vaşinqtonda liderlərlə ayrı-ayrılıqda gözlənilən mümkün görüşündə bu mövzunun müzakirəsi ehtimalı varmı?

- Ağ Ev rəhbərinin Azərbaycan və Ermənistan liderləri ilə ayrılıqda görüşlərinin olması gözlənilir. Əslində Paşinyanla görüşdə bu, daha çox müzakirə oluna bilər. Qısa müzakirələrdə isə Azərbaycanın bunun əleyhinə çıxması güman olunmur. Prezident İlham Əliyevlə Tramp arasında çox isti münasibətlər var.

Seçilən
1
teleqraf.com

1Mənbələr