Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“Apple” şirkətinin iPhone 17 seriyası üçün 50 dollar qiymət artımı planlaşdırması xəbəri yayıldı. Yəni yeni modellər əvvəlkilərdən daha da bahalı olacaq. Amma çox güman ki, bu qərar satışları azaldan deyil, əksinə, istehlakçıların “əlimdəki model artıq köhnədir” panikasını artıran bir impuls olacaq.
“iPhone” almaq çoxları üçün texnologiyaya investisiya deyil, özünə olan münasibətin göstəricisidir. “Mən “iPhone” istifadəçisiyəm” cümləsi bəzən “mən fərqliyəm” mesajını içində daşıyır.
Bir çox insanda görə bilərik ki, tək işləyən kamera, bataryası zəif olan cihaz və hətta ekranı çatlamış “iPhone” belə, "Samsung-dan yaxşıdır" deyə düşünülür.
Burada məhsulun funksionallığı yox, onun yaratdığı duyğu satılır. “Apple” şirkəti hər yeni model çıxardığında cihazdakı dəyişikliklər bəzən çox cüzi olur. Amma təqdimat mərasimi yeni bir eranın başladığı kimi təqdim edilir.
Gəlin baxaq. iPhone 17-də nə olacaq? Bəlkə bir az daha incə korpus, bir az daha yaxşı kamera, bəlkə də süni zəka ilə redaktə imkanı. Bəs bu qədər fərqə 50 dollar və ya daha çox pul verməyə dəyərmi?
İstehlakçı bunun cavabını çoxdan verib: “Əlbəttə, çünki bu “iPhone”dur.”
Azərbaycanda da bu sevgidən yan keçmək mümkün deyil. Tələbə kredit götürür, “iPhone”alır. Müəllim maaşını aylarla yığıb son modelə keçməyə çalışır. Gəlinlik xonçasına iPhone qoyulur. Kredit kartları sadəcə bir amac üçün dövriyyədədir: “iPhone” sahibi olmaq.
“Apple” artıq bir texnologiya brendi deyil. Bu, insanların özlərini ifadə etmə vasitəsinə çevrilmiş bir simvoldur. Ona görə də “iPhone” 17 50 dollar yox, 150 dollar bahalaşsa belə, alınacaq.
Çünki insanlar telefon almırlar, onlar özlərini təsdiqləyirlər.
Leyla Mirzə, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.