AZ

Bir addımda ölkə dəyişənlər və bir qarış torpaq uğrunda savaşanlar

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Niderland və Belçika sərhədində yerləşən Baarle-Nassau və Baarle-Hertoq şəhərcikləri bəlkə də dünyanın ən qəribə coğrafi bölgələrindən biridir. Burada insanlar evin bir otağında Niderlandda, digər otağında isə Belçikada yaşayır. Sərhəd elə evlərin, restoranların, hətta mağazaların içindən keçir. Masanın bir ayağı Belçikada, digəri Niderlandda ola bilər.

Əslində, bu şəhərcikdə sərhəd anlayışı bir divar deyil, sadəcə yerə çəkilmiş bir ağ xəttdir. İnsanlar burada sərhədin üzərindən çörək bişirib, sərhədin o tayında nahar edirlər. Bu ərazilərdə “ölkəni dəyişmək” üçün nə pasport, nə vizaya ehtiyac var. Sadəcə stulunu bir az çək, ölkə dəyişsin.

Bu mənzərənin fonunda Azərbaycanın coğrafi-siyasi sərhəd reallıqları tamam fərqli mənzərə yaradır. Azərbaycan coğrafi baxımdan çox mürəkkəb, geopolitik baxımdan isə bir o qədər həssas regionda yerləşir. Burada sərhəd məsələsi sadəcə bir xətt yox, tarix, qan, müharibə, siyasi iradə və itkilərlə yazılmış bir hekayədir. Yəni Baarle-Nassauda sərhəd "simvol" olduğu halda, Azərbaycan üçün sərhəd "təhlükə" və ya "sabitlik açarıdır".

Baarle-də insanlar sərhəd xəttinin üzərində rahatlıqla qəhvə içir, foto çəkir, gülümsəyir. Azərbaycanda isə sərhəd bölgəsində insanlar ayağını bir addım o yana atmağa çəkinir. Çünki o addım ya minalanmış əraziyə, ya da hələ də tam sabitləşməmiş hərbi zonaya apara bilər. Burada sərhəd sadəcə fiziki deyil, eyni zamanda psixoloji baryerdir.

Bəzi ölkələrdə sərhədlər birlik və mədəni fərqliliklərlə iç-içə yaşamağın simvoluna çevrilib. Digər ölkələrdə isə sərhəd hələ də mübarizə, risk, ayrılıq və torpaq itkisi qorxusu ilə müşayiət olunur.

Baarle sakinləri sərhədlə oynayır, Azərbaycan vətəndaşı isə sərhəddə ayağını ölçüb-biçərək atır.

Sərhədlərin forması və sərtliyi bir ölkənin geopolitik təhlükəsizliyi ilə yanaşı, onun qonşuluq münasibətləri, tarixdən miras qalmış problemləri və diplomatik çevikliyi ilə birbaşa əlaqəlidir.

O gün gəlsə ki, Azərbaycan da öz sərhədlərində rahat nəfəs ala, hər addımda təhdid deyil, sabitlik hiss edə bilsə, onda biz də Baarle kimi sərhədin üzərində rahatca çay içə bilərik.

Leyla Mirzə, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
bizimyol.info

1Mənbələr