AZ

Hindistanda leysan nəticəsində baş verən daşqınlarda onlarla insan köməksiz vəziyyətdə qalıb

Ajans.az BBC-ə istinadən xəbər verir ki,təbii fəlakət əsasən Dharali kəndini əhatə edib. Hadisə Hindistan vaxtı ilə saat 13:30 radələrində baş verib. Qəfil yağan intensiv yağışlar Kheerqanqa çayının səviyyəsini kəskin artıraraq, ətrafdakı yolları, binaları və dükanları su altında qoyub. Dağlıq ərazidən tonlarla palçıqlı su aşağıya axaraq geniş dağıntılara səbəb olub. Sosial şəbəkələrdə yayılan görüntülərdə güclü su axınının yolları və binaları necə suya qərq etdiyi əks olunub. Turistlər arasında məşhur olan Dharali kəndində bir çox otel, kurort və restoran fəaliyyət göstərir. Şahidlər qəfil baş verən selin insanlara qaçmağa imkan vermədiyini bildiriblər. Onların sözlərinə görə, bəzi şəxslərin dağıntılar altında qaldığı ehtimal olunur. Həmçinin, bölgədə yerləşən qədim Kalpkədar məbədinin də lil altında qaldığı və zədələndiyi bildirilir. Baş nazir Puşkar Sinq Dhami yerli mediaya verdiyi açıqlamada, "Uttarkaşi əyalətinin Dharali bölgəsində baş verən leysan ilə bağlı məlumat aldım. Hazırda xilasetmə işləri aparılır" deyib. Uttarkaşi rayonunun yüksək vəzifəli rəsmisi Prashant Arya bölgədə əlaqənin zəif olduğunu, buna görə də rabitənin qeyri-sabit qaldığını vurğulayıb. "Ərazi restoran və mehmanxanalarla zəngindir, buna görə dərhal xilasetmə qrupları göndərilib", – deyə o əlavə edib. Dharali kəndi məşhur Harsil turizm məntəqəsindən cəmi 2 km aralıda yerləşir və burada Hindistan ordusunun böyük hərbi bazası və Hind-Tibet Sərhəd Qüvvələrinin düşərgəsi mövcuddur. Ordu və Hind-Tibet Sərhəd Polisi artıq əraziyə çatsa da, davam edən güclü yağışlar səbəbilə xilasetmə işlərinin ləng aparılacağı gözlənilir.

 

Seçilən
4
Ajans.az

1Mənbələr