”Partner Finance” Qapalı Səhmdar Cəmiyyətinin səhmdarlarında pay bölgüsü dəyişib və şirkətə yeni xanım səhmdar gəlib.
Banker.az xəbər verir ki, insayderin adı Nərmin İsmayılzadə Mikayıl qızıdır.
O, şirkətin əlavə 500 ədəd səhmini əldə etməklə payını 32.8947%-ə çatdırıb. İndiyə qədər hər biri 500 ədəd səhmlə 50%-lə səhmləri bölüşdürən Anar Nuriyev Seyran oğlunun və Şamama Qurbanova Balaqardaş qızının payları 32.8947%-ə düşüb.
Qeyd edək ki, səhmlərin hər biri 20 manat təşkil edir.
QSC Bakı Fond Birjasına çıxdığı gündən bu tərəfə onun nizamnamə kapitalı 2000 manatdan 152 000 min manata qaldırılıb.
2024-cü ildə şirkətin əsas əməliyyat gəlirləri 2.446 mln. manat təşkil edib ki, bu da 2023-cü ilin eyni dövründəki 1.986 mln. manatla müqayisədə 23.2% artım deməkdir. Satışın maya dəyəri isə 1.278 mln. manat olub, bu göstərici ötən il 997 min manat idi. Maya dəyərinin yüksəlməsinə baxmayaraq, ümumi mənfəət 18.1% artaraq 1.169 mln. manata çatıb.
Nəticə olaraq, “Partner Finance”in xalis mənfəəti 2024-cü ildə 935 min manata yüksəlib. Müqayisə üçün, 2023-cü ildə bu göstərici 791 min manat idi. Yəni xalis mənfəət bir il ərzində 18.2% artım göstərib.