Stokholm, 5 avqust, Nərgiz Cəfərli, AZƏRTAC
Artıq bu ilin payızında İsveçdə enerji siyasətində yeni mərhələ başlaya bilər.
AZƏRTAC xəbər verir ki, hökumət son onilliklərdə ilk dəfə olaraq yeni nüvə reaktorlarının tikintisinə dair saziş imzalamağı planlaşdırır. Təşviq güzəştli kreditlər və elektrik enerjisi üçün zəmanətli qiymət də daxil olmaqla yüz milyardlarla kron dəyərində dövlət dəstəyi təklif olunur.
Təşəbbüs həm iqlimin qorunması, həm də sənaye və ev təsərrüfatlarının ehtiyacları üçün etibarlı elektrik enerjisi təchizatının təmin edilməsi zərurəti ilə bağlıdır. Ölkənin cənub bölgəsində enerji çatışmazlığı xüsusilə kəskindir.
“Vattenfall” dövlət enerji şirkəti artıq hazırlıq işlərinə başlayıb və layihədə iştirak etmək istədiyini bildirib, lakin dövlət dəstəyi olmadan yeni reaktorların tikintisinin mümkünsüzlüyünü vurğulayır. Hökumət ilin sonuna qədər yekun razılaşmanın əldə olunacağına ümid edir.
Bununla belə, layihə siyasi müqavimətlə üzləşir: müxalifət partiyaları nüvə enerjisinə subsidiya verilməsi ideyasını dəstəkləmir və bu, hakimiyyət dəyişikliyi zamanı risklər yaradır. Energetika və sənaye naziri Ebba Buş müxalifətlə danışıqlar aparsa da, bu müzakirələrin heç bir nəticəsi olmayıb.
Yeni reaktorların ən azı on il tikiləcəyi ehtimal olunur, amma hazırda elektrik enerjisinə tələbat durmadan artır. Bu arada, quruda külək enerjisinə sərmayələr yavaşlayıb və hökumət Baltik dənizində bir neçə dəniz külək təsərrüfatı layihələrindən imtina edib, çünki onların ölkənin müdafiə qabiliyyətinə təsiri var.