Kolumbiyanın şimalındakı Santa Marta şəhərində güclü yağışlar səbəbindən daşqınlar baş verib, 2000-dən çox insan zərər çəkib. Bu barədə yerli hakimiyyət orqanları məlumat veriblər.
Santa Marta Risk və İqlim Dəyişiklikləri İdarəetmə İdarəsinin rəhbəri Aleks Velaskes mətbuata açıqlamasında daşqınlarla əlaqədar şəhərdə fövqəladə vəziyyət elan edildiyini bildirib.
Onun sözlərinə görə, onlarla məhəllə su altında qalıb, zərərçəkənlərin sayı isə 2000 nəfəri ötüb.
Santa Marta bələdiyyəsinin rəhbəri Karlos Pinedo qeyd edib ki, dörd saat ərzində şəhərə hər kvadratmetrə 155 millimetr yağış düşüb. Onun sözlərinə görə, bu, “son dərəcə yüksək” rəqəmdir.
Pinedo əlavə edib ki, dağıntılar barədə çoxlu məlumatlar daxil olub və təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün bütün fövqəladə xidmətlər cəlb olunub.
Kolumbiya prezidenti Qustavo Petro Platforma X-də vəziyyəti şərh edərkən Santa Martadakı təbii fəlakətin iqlim böhranının nəticəsi olduğunu bildirib.
Dövlət başçısı rayona bütün lazımi yardımların göndəriləcəyinə əmin edib.
Rizvan CƏFƏROV,
“Azərbaycan”