Türkiyə Prezidenti Fransa və Böyük Britaniyanın Fələstini tanımaq niyyətini müsbət dəyərləndirib...
Kənan Novruzov: “Düşünürəm ki, yaxın gələcəkdə digər Avropa dövlətləri də oxşar addımları atacaq”.
“Bu həm də Tramp hakimiyyətə gələndən sonra ABŞ ilə Avropa arasında gərginliyin təzahürü kimi qiymətləndirilə bilər”.
Bu sözləri politoloq Kənan Novruzov Türkiyə prezidentinin Fələstinlə bağlı atdığı addımları müsbət qiymətləndirməsini Poliqon-a şərh edərkən qeyd edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa və Böyük Britaniyanın Fələstini tanımaq niyyətini müsbət dəyərləndirib. O, bu təşəbbüs münasibətilə Fransa Prezidenti Emmanuel Makronu təbrik etdiyini bildirib. Ərdoğan əlavə edib ki, Türkiyənin Yaxın Şərq siyasəti daim qəti və prinsipial olub.
Demək olarmı ki, artıq böyük İsrailin qurulması və İsrailin yürütdüyü sionizmə əsaslanan siyasət iflas edir?
Fələstinlə bağlı gündəmə gələn prosesləri Poliqon-un əməkdaşı politoloq Kənan Novruzov ilə müzakirə edib.
Kənan Novruzov: “İsrail bu ambisiyaları davam etdirməyə məcburdur və məhkumdur”.
Bunun həm Şərqi Avropa, həm də Yaxşı Şərqdəki mənzərədə özünü göstərdiyini vurğulayan politoloq Poliqon-a bildirib ki, tərəflərin mövqeyi nə Yaxın Şərqlə, nə də Şərqi Avropa ilə üst-üstə düşmür:
“Son zamanlar dünya dövlətləri ard-arda Fələstin dövlətini tanımaqla bağlı bəyanatlar səsləndirirlər. Bunu birinci Fransa dedi, ardınca da Böyük Britaniya dedi. Digər dövlətlərdən də oxşar təşəbbüslər gözlənilir.
Bunlar da xeyli dərəcədə Türkiyənin xidmətlərinin, təşəbbüskarığının nəticəsidir. Fələstin buna görə Türkiyəyə təşəkkür etməlidir. Düşünürəm ki, yaxın gələcəkdə digər Avropa dövlətləri də oxşar addımları atacaq.
Bu həm də Tramp hakimiyyətə gələndən sonra ABŞ-la Avropa arasında gərginliyin təzahürü kimi qiymətləndirilə bilər. Artıq kollektiv Qərb anlayışı tamamilə məhv olub. Bu həm Şərqi Avropa, həm də Yaxşı Şərqdəki mənzərədə özünü göstərir. Tərəflərin mövqeyi nə Yaxın Şərqlə, nə də Şərqi Avropa ilə üst-üstə düşmür.
Kənan Novruzov: “Əgər Netanyahu bu ambisiyalardan əl çəksə və müharibəni dayandırsa, hakimiyyətdən gedəcək, yaxud da, həbs olunacaq”.
Yəni Yaxın Şərqlə bağlı əgər Avropa dövlətləri ard-arda Fələstini tanıyacaqlar, ABŞ-la İsrail arasında soyuq münasibətlər olmasına baxmayaraq, ABŞ hələ də İsraili dəstəkləyir, bu davam da edəcək. Bu baxımdan, nə qədər ki, ABŞ İsraili dəstəkləyir, hələ düşünmürəm ki, İsrail öz ambisiya və iddialarından əl çəkəcək. Bunun əlamətləri də müşahidə olunmur. Əksinə İsrail bu ambisiyaları davam etdirməyə məcburdur və məhkumdur.
İsraildə baş nazir Benyamin Netanyahunun hakimiyyəti və taleyi də məhz bu ambisiyalardan asılıdır. Əgər o, bu ambisiyalardan əl çəksə və müharibəni dayandırsa, hakimiyyətdən gedəcək, yaxud da, həbs olunacaq. Ona görə də, Netanyahu müharibəni da davam etdirməyə və bu cür iddialar üzərində davam etdirməyə məcbur və məhkumdur”.
Nərminə Umudlu
Poliqon.info