Bakı, 5 avqust, AZƏRTAC
“Qarabağ”ın zədədən sağalan futbolçuları Marko Yankoviç və Dani Bolt UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” klubu ilə ilk matçda meydana çıxa bilərlər.
Bu barədə AZƏRTAC-a açıqlamasında Ağdam klubunun mətbuat katibi Anar Hacıyev məlumat verib.
Onun sözlərinə görə, Marko Yankoviç bir neçə gündür komanda ilə birlikdə məşq edir. Dani Bolt isə ötən gün kollektiv hazırlığa qoşulub. Baş məşqçi Qurban Qurbanov şans verəcəyi halda, hər iki futbolçu səfər görüşündə “Qarabağ”a kömək edə bilər.
Qeyd edək ki, bu gün Skopyedə yerləşən “Todor Proeski” stadionunda keçiriləcək “Şkendiya” - “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Komandalar arasında cavab qarşılaşması bir həftə sonra Bakıda olacaq.