AZ

Rusiyanın bir kvadratmetri rəva görmədiyi erməni

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

1969-cu il, avqustun 8-də Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin adına Daşkəsən rayonunun Bayan kəndinin erməniəsilli əhalisinin özbaşınalığına dair faktları əks etdirən xüsusi arayış daxil olur. Kəndin erməni əhalisi İrəvandan ezam olunmuş rəhbər şəxslərin dəstəyi ilə Azərbaycan SSR-in mərkəzi orqanlarının icazəsi olmadan Bayanda İkinci Dünya müharibəsində həlak olmuş yerli sakinlərin xatirəsini əbədiləşdirən heykəlin sökülməsinə dair qərardan narazılıq edərək etiraz aksiyaları keçirirdilər. Təbii ki, yaşananlara milli zəmində ayırıcı siyasət donu geyindirməklə guya Bakının ermənilərə qarşı ayrı-seçkilik etdiyindən gileylənirdilər. O vaxtın ənənələrinə uyğun olaraq, Moskvaya ünvanlanan şikayət məktublarının ardı-arası kəsilmirdi. İllər sonra bu siyasət Qarabağda da tətbiq olunacaqdı...

Bayan Azərbaycanın qədim və zəngin tarixi olan yaşayış məskənlərindən biridir. Bu kənddə və onun ətrafında Qafqaz Albaniyası irsinə məxsus orta əsrlərə aid məbədlərin memarlığı və tarixi son iki əsrdə ermənilər tərəfindən saxtalaşdırılaraq mənimsənilib. Rusiya imperiyasının Azərbaycan ərazilərinin işğalı siyasəti çərçivəsində buraya da çoxsaylı erməni ailələri köçürüləndən sonra etnik tərkib dəyişib. Kəndin mərkəzində yerləşən və ilkin orta əsrlər memarlığına məxsus alban məbədinin quruluşu və tarixinə müdaxilə edilib, erməniləşdirilməyə çalışılıb. Məbədin girişində indinin özündə belə ermənicə erməni əhalinin kəndə köçürülməsinin tarixi həkk olunub - 1890-cı illər...

1969-cu ilin iyul-avqustunda baş verənlər İrəvandan gələn xüsusi emissarların köməkliyi ilə ermənilərin identikliyini əks etdirən heykəlin quraşdırılması ilə bağlı idi. Belə baxanda qeyri-adi heç nə baş verməmişdi: kənd əhalisi müharibədə həlak olan həmkəndlilərinin xatirəsini əbədiləşdirmək istəyirdi və bu, necə deyərlər, o dövrün ideoloji işinin standart prosedurlarından biri idi. Sovetlərin elə yaşayış məntəqəsi yox idi ki, orada 1941-45-ci illərdə müharibədə həlak olanlara abidə qoyulmasın. Ancaq... Abidə sözdə Bayan kəndinin müharibədə ölən sakinlərinə həsr edilsə də, ermənilər özlərinəməxsus təxribatsız keçinə bilməmişdilər.

Heykəlin quraşdırılmasına dair qərar iki il öncə - 26 sentyabr 1967-ci ildə Bayan kənd sovetinin iclasında qəbul olunur və dərhal da İrəvandakı "qan qardaşları"na müraciət edilir. Ardınca o vaxtların sınaqdan çıxarılmış ssenarisi işə düşür: kifayət qədər yaxşı təşkilatlanmış məxfi daşnak şəbəkəsi vasitəsilə Moskva, Bakı, ovaxtkı Kirovabad (Gəncə) və Xanların (Göygöl) imkanlı erməniləri prosesə qoşulurlar, heykəlin hazırlanması üçün 22 min rubl vəsait toplanır. Heykəl İrəvanda memarlar R.İsraelyan və D.Avetikyan tərəfindən hazırlanır, bu azmış kimi, Azərbaycandan deyil, Ermənistan SSR-dən gətirilmiş texniki işçilər və hətta fəhlələr tərəfindən "ucaldılır". Açılış mərasimi 1969-cu ilin sentyabrına planlaşdırılır.

Bayan heykəli ilə bağlı olaylarda maraq doğuran amillər tək bununla bitmirdi. Birincisi, ovaxtkı qanunvericiliyə əsasən, hər hansı heykəlin hazırlanması və quraşdırılması üçün kifayət qədər ciddi prosedurlar mövcud idi və bunların riayət olunması məcbur idi. Heykəlin hazırlanması ilə bağlı yaradılan təşkilat komitəsinin doqquz üzvündən altısı Ermənistan SSR-in vətəndaşları, rəhbəri isə İrəvanda fəaliyyət göstərən polietilen materialları zavodunun baş energetiki S.Teryan idi. Komitənin tərkibində Ermənistan SSR-dən olan həkim, rejissor, botanika bağının elmi əməkdaşı, tikinti təşkilatının rəisi və hətta respublikanın ət-süd sənayesi nazirinin müavini Q.Ter-Avetisyan təmsil olunurdular. Təəccüblü deyilmi? Heykəl Azərbaycan ərazisində quraşdırılacaq, təşkilat komitəsinin başçısından tutmuş fəhləyədək Ermənistandan gətirilmiş şəxslər idi. Teryanın baş energetikdən daha çox, Ermənistan SSR xüsusi xidmət orqanlarının əməkdaşı olduğunu anlamaq isə o qədər də çətin deyil.

Yerli ermənilərin Azərbaycan SSR-in qanunvericiliyi və mərkəzi orqanlarının iradəsini qulaqardına vurmaları büruzə verilən açıq separatizm təzahürləri idi. Bu, eyni zamanda, SSRİ-nin bir respublikasının konstitusiyaya zidd hərəkəti və digərinin daxili işlərinə qarışması idi. Bu kimi aksiyaların reallaşdırılması sırf ittifaq respublikalarının yerli hakimiyyətlərinin icazəsi və razılığı ilə həyata keçirilməli, ictimai əhəmiyyəti, ideya-bədii kompozisiyanın tətbiq edilən standartlara uyğunluğu, habelə işlərə xərclənəcək vəsaitin büdcədə nəzərə alınması prioritet məsələlər idi. Bu kimi tədbirlərin maliyyələşdirilməsi respublikaların büdcələrinin gəlir hissəsindəki əlavə vəsait hesabına həyata keçirilirdi. Qənaət amili xüsusilə nəzərə alınmalı idi. Belə çıxırdı ki, nəinki yuxarıda qeyd olunan məcburi prosedurlar nəzərə alınmamışdı, üstəlik, heykəlin hazırlanması üçün vəsait qeyri-qanuni yolla qeyri-rəsmi mənbələrdən toplanmışdı.

Ancaq ən maraqlı məqam heykəlin özü ilə bağlıdır: İrəvanda hazırlanan monument 14 metrlik sütundan ibarət idi, üzərində erməni identikliyinə məxsus milli ornamentlər, naxışlar əks olunurdu, ağlayan qadın təsvir edilirdi və fasadına üç metr hündürlüyündə qartal heykəli birləşdirilmişdi. Qartal hara, 1941-45-ci illərin müharibəsi hara? Erməni dilində olan yazıda isə əsərin məqsədi barədə məlumat verilirdi. Azərbaycan dilində bir kəlmə belə yox idi...

Heykəlin doğurduğu suallar, təbii ki, tək bunlarla bitmirdi. Hazırlanmış memarlıq əsərinin əsas məramı faşizmlə mübarizəyə həsr edilsə də, müəlliflər bir sıra nüanslar vasitəsilə, xüsusi kodlarla erməni "tarixi"nə işarələr edərək, erməni milliyyətçiliyi və şovinizmini büruzə verirdilər. Ekspertlərin yekdil rəyinə görə, heykəl İrəvandakı Sərdarabad döyüşünə həsr edilmiş abidə kompleksinə bənzəyirdi. Sərdarabad döyüşü saxta soyqırımı kimi erməni xalqının özünüdərk prosesində xüsusi yeri olan, mübarizə və müqavimətə səsləyən tarixi hadisədir. Müasir erməni tarixi və mifologiyasına görə, adıçəkilən yerdə çox məhdud kontingentli erməni birləşmələri onları sayca və texniki təminatla üstələyən Osmanlı ordusu üzərində "qələbə" qazanıblar...

Ermənilər üçün bu kimi avantürist aksiyalarla müxtəlif hadisələrə və şəxslərə həsr edilmiş heykəl və büstlərin quraşdırılması, özü də bunun oğurluq edilməsi həm xas xüsusiyyətdir, həm də bir növ bu xalqın bu torpağa bağlılığı, yaxud torpağın bu xalqa məxsusluğunu öz aləmlərində əks etdirən mühüm ritualdır. Bunun üçün ermənilər hətta bir neçə əsrlik tarixi saxtalaşdırmalara da baş vura bilərlər. 2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra bütün dünya işğaldan azad edilmiş yaşayış məntəqələrində fəaliyyət göstərmiş sexlərdə ermənilərin "çoxəsrlik tarixi xaçkar"ları necə hazırladıqlarının şahidi oldu. Qarabağın "ermənilərə məxsusluğunu sübut edən" belə tarixi xaçkarlar 2020-23-cü illərdə yaşamağa davam etdikləri yerlərə yaxın ərazilərdə xüsusi intensivliklə "aşkar olunmağa" başladı, guya ki, bu "tarixi mirası" son 30 ildə tapa bilməzdilər...

Birinci Qarabağ savaşından sonrakı dövrdə də həm İrəvan, həm də yerli hərbi-kriminal xunta tərəfindən işğal edilmiş ərazilərimizin müxtəlif yaşayış məntəqələrində Azərbaycan dövlətinə və xalqına qarşı qanlı cinayət əməllərində ad çıxarmış separatçılara heykəllər və büstlər quraşdırılmışdı. Şuşada Ermənistanın əvvəl müdafiə, sonra baş naziri olmuş, parlamentdəki terror nəticəsində qətlə yetirilmiş Vazgen Sarkisyanın, Xocavənddə isə dünyaca məşhur terrorçu Monte Melkonyanın heykəlləri quraşdırılmışdı. Qarabağın, demək olar, hər kəndində "erməni qəhrəmanları"na həsr olunmuş abidələr var idi və onların açılışında ovaxtkı separatçı liderlər, indi Bakıda ədalət mühakiməsinə çıxarılmış Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan iştirak ediblər.

Bu baxımdan, erməni Hovannes Ayvazyanın, rus variantında isə İvan Ayvazovskinin Xankəndidəki heykəlinin demontaj edilməsi Rusiyadakılarla yanaşı, ermənilər tərəfindən də xüsusi ah-nalə və hay-küylə qəbul edilir, halbuki ancaq su hövzələrini çəkmiş bu rəssamın Qarabağla heç bir bağlılığı yoxdur. Ona abidənin rus sülhməramlılarının təşəbbüsü ilə qoyulması Qarabağda rus-erməni həmrəyliyinin inikası və bizə verilmiş mesaj idi: nə qədər ki biz varıq, ermənilər burada olacaqlar...

Rusiyanın özündə belə, heç olmasa, bir kvadratmetrlik sahədə heykəli olmayan Ayvazovskinin büstünün gorbagor olması Qafqazda Rusiya amilinin mövcudluğunun sonu deməkdir. Heykəlin demontajı həm regionda, həm də daha geniş miqyasda baş verən siyasi proseslərin əksidir. Bu, bir geosiyasi demontajın carçısıdır. Məhz buna görə də Rusiya prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoy baş verən hadisəyə xüsusi qıcıqla reaksiya verir. Halbuki heykəl sökülməsə idi belə, onun montajının qanuniliyi ciddi müzakirə mövzusu idi. Rusiya prezidentinin xüsusi nümayəndəsinin qanunsuz əmələ görə "təəssüf hissi" keçirməsi anormal təəssürat yaratmırmı?

Rüstəm Qaraxanlı

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
oxu.az

1Mənbələr