AZ

Ermənilərə Xankəndidən kimlər xəbər ötürüb? - Agentura işi, yoxsa adi məsuliyyətsizlik?

Erməni əsilli rusiyalı rəssam Hovanes Ayvasyanın ( İvan Ayvazovski) 2021-ci ildə Xankəndidə qoyulmuş büstünün götürülməsi Rusiya tərəfinin şivən qoparmasına səbəb olub. Kremlin nəzarətində olan deputatlar, ictimaiyyət nümayəndələri və mədəniyyət xadimləri Azərbaycana qarşı həyasız bir tərzdə əsassız ittihamlar səsləndirir, Ayvazovskinin büstünün götürülməsini “rus mədəniyyətinin silinməsinə” xidmət edən addım kimi qiymətləndirirlər. Bu ittihamlara Azərbaycan Xarici İşlər nazirliyi tutarlı cavab verib. 

“Azərbaycan ərazilərinin işğalı zamanı qanunsuz olaraq qoyulmuş bu kimi dırnaqarası abidələrin sökülməsi məntiqli, düzgün və qanunauyğundur”, -deyə nazirliyin açıqlamasında vurğulanır. 

Bütün bunlar aydındır, Moskvanın isterik tərzi də, bu davranışlara verilən tutarlı cavablar da… Aydın olmayan, daha doğrusu cavab tapmağa çətinlik çəkdiyimiz bir sual var: Ermənilər Xankəndidə heykəl götürülməsindən necə xəbər tutdular? Axı bu barədə nə rəsmi Bakı açıqlama yayıb, nə də ölkə mətbuatında xəbər tirajlanıb. 

İlk xəbəri mərkəzi ofisi İrəvanda yerləşən "Qarabağın Turizm və Mədəniyyətin İnkişafı Agentliyi" adlı qondarma təşkilat yayımlayıb,müvafiq fotolarla birgə. Bundan sonra XƏBƏR Rusiya mediasında işıqlandırılıb. Azərbaycan mətbuatı da məhz Rusiya KİV-nə istinadən məlumat yayıb. 

Necə olur ki, ki, İrəvanda oturan erməni agentliyi abidənin götürülməsindən dərhal xəbər tuta bilib?.. Xankəndidə Ermənistana xəbər ötürəcək erməni qalmayıb. Oradakı barmaqla sayılası qədər az olan erməniləri də Ayvazovskinin heykəli az maraqlandırır. Heç onlar heykəlin nə vaxt, harada qoyulmasından da çox güman xəbər tutmayıblar. Rus “sülhməramlıları” həmin heykəlin açılışını izdihamlı təşkil etməmişdilər. Heykəlin götürülməsi də nümayişkəranə şəkildə olmayıb ki, bundan geniş kütlənin xəbəri olsun. Odur ki, sual maraqlı və narahatedicidir: Ermənilərə xəbəri kim və ya kimlər ötürüb? 

Zənnimizcə, Azərbaycanın müvafiq qurumları əsasən bu suala cavab axtarmalıdırlar. Bizim özümüzün də təxminlərimiz var. Dağı arana, aranı dağa “daşıyıb”, hər məqamı götür-qoy edəndən sonra belə ehtimal edirik ki, xəbərin ilk mənbəsi heykəlin götürülməsi prosesində iştirak etmiş özümüzünkülərdir. Əlbəttə, birmənalı olaraq deyə bilmərik ki, xəbəri birbaşa Ermənistana ötürüblər. Mümkündür ki, kimsə öz şəxsi sosial şəbəkə hesabında paylaşım eləsin və oradan da məsələ gedib çıxsın İrəvandakı qondarma "Qarabağın Turizm və Mədəniyyətinin İnkişafı Agentliyi"nə. Hər halda araşdırılmalı məsələdir. Özü də çox ciddi şəkildə araşdırılmalıdır. 

Nicat DağlarMissiya.Az

Seçilən
21
1
missiya.az

2Mənbələr