Türkiyə ilə Gürcüstan arasında İmir adlı Türk xalqı yaşayırdı. Onların yadigarı kimi İmereti şəhəri və İmerxev kəndi qalmaqdadır. 1747-ci ildə tərtib edilən bir vergi dəftərində göstərilir ki, Gürcüstanın Baydar nahiyəsində İmirli adlı kənd vardır. İmereti İmir xalqının yurdu deməkdir. İmirlərin bir oymağı da xanlıq dövründə Qarabağda yaşaylrdı. Onların yadigarı kimi Bərdədə İmirli kəndi, Şuşanın Aşağı Quşçu kəndində İmirli qışlaği vardır. Çünki Pənah xanın zamanında onlar Laçına yaylağa gəlir, qışda Aşağı Quşçu kəndi ilə Zal yeri arasında qıslayırdilar. İmirlərin bir oymağı Şimali Qafqazda noqaylar arasında, bir oymağı Volqa boyunda başqurdlar arasında yaşayırdı. Türkiyənin böyük təriqət şairi Yunus özünə İmrə təxəllüsü götürmüşdü. Onun şeirləri indiyədək xalq ozanları tərəfindən sevilə-sevilə oxunur:
Yeri, yeri yalan dünya,
Yalan dünya deyilmisən?
Yeddi yol boşalıb yenə
Dolan dünya deyilmisən?
İşin yoxdu bir mərd ilə,
Tutuşdum mən bu dərd ilə.
Qiyamətə bir qurd ilə
Qalan dünya deyilmisən?
Yunus İmrə, sür səfanı,
Sür səfanı, çək cəfanı.
O Məhəmməd Mustafanı
Alan dünya deyilmisən?
İmirlilər gözəl saz və söz ustaları idilər. Onların özünə məxsus poetik dilinə İmran dili deyilirdi. Tufarqanlı Aşıq Abbas sevgilisinin arxasınca gəzərkən Təbriz şəhərində bir saz ustasına öz istəyini belə bildirir.
Usta, məni gözlərinə fəda et,
Səndən saz istərəm, amma saz ola.
Dindirəndə İmran dili danışa,
Şeyda bülbüllər tək xoş avaz ola.
İmirlərin az bir qismi Gürcüstanda xristian dinini qəbul edərək gürcüləsmis, çoxu Azərbaycanda və Başqurdustanda Türk və müsəlman olaraq qalmışdır. İmeretidəki imirlilər xristianlaşsalar da, XlX əsrin sonlarına qədər tamamilə gürcüləşməmişdilər. Onların toy, yas, mərasim mahnılarında yüzlərlə Türk sözləri qalmaqda idi. Akademik Marr 1910-cu ildə onların kəndlərini gəzmiş, görmüşdü ki, bəkməzə pekmez, qovurmaya kaurma, aşa pilav, elçiyə elçi, toya dügün, kəfənə bez, anaya ana, ataya baba, evə konax deyirlər. Biz yeni elmi əsərlər yazıb onların bizə qohumluğunu sübuta yetirməli, Turan yolu üstündə Açar körpüsü ilə yanaşi İmir körpüsünü salmalıyıq. Açarlar haqqında yeni yazıda bəhs edəcəyəm.
İlhami Cəfərsoy, Tarixçi Alim
Oxuməni.az