Çinə məxsus ticarət şəbəkəsinin bu addımı tənqidlə qarşılanıb; iqtisadçı və hüquqşünas isə deyir ki...
Çinə məxsus beynəlxalq elektron ticarət şəbəkəsi “Temu” Azərbaycan manatı və bayrağı formasında dəsmalların satışına başlayıb. Bu addım birmənalı qarşılanmayıb və tənqid olunub.
Dəsmallar sanitar-təmizlik məqsədilə istifadə olunan əşyalardır və üzərində bayraq, manat və ya dövlət atributlarının yerləşdirilməsi bu kontekstdə rəmzə təhqir xarakteri verə bilər.
Qanunvericiliyin tələblərinə əsasən, Azərbaycan Respublikasının Dövlət Bayrağından reklam, ticarət nişanı və digər kommersiya məqsədilə istifadə edilməsinə yol verilmir.
Bu isə o deməkdir ki, bayraq motivinin satış məqsədilə malların üzərinə yerləşdirilməsi qanuna ziddir, istər yerli, istərsə də xarici platformalarda bu kimi hallara qarşı dövlət hüquqi ölçü götürə bilər. Ancaq bir sıra inkişaf etmiş ölkələrdə bu nümunələr çoxdur. ABŞ, Fransa, Britaniya kimi ölkələrin həm milli valyutası, həm bayrağı hətta çimərlik geyimlərində belə əks olunub. Qardaş Türkiyənin bayrağı olan müxtəlif geyimlər və sair görmək də olar.

İqtisadçı Xalid Kərimli hesab edir ki, bu məsələnin iqtisadiyyata o qədər də ciddi təsiri yoxdur. “Yeni Müsavat”a şərhində ekspert bildirdi ki, satıcılar Azərbaycandan satışı artırmaq üçün bu addımı atıblar: “Hər şey sifarişçidən asılıdır. Alıcı isə təklif olunan məhsulları ala da bilər, almaya da bilər. Belə məsələlərdə məcburiyyət olmur. Biznes baxımından cəlbedici olsa da, bunun Azərbaycana birbaşa aidiyyəti yoxdur. Özəl sifariş olduğu üçün istənilən şəxs istənilən sifarişi verə bilər”.

Hüquqşünas Polad Mehdiyev isə “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, Azərbaycan Respublikasının “Dövlət bayrağının istifadəsi qaydaları haqqında” 2004-cü il tarixli qanunda belə istifadəyə dair heç bir icazə nəzərdə tutulmayıb, əksinə, bayrağın yalnız dövlət atributu kimi istifadəsi konkret yerlərlə məhdudlaşdırılıb: “Həmin qanunun 10-cu maddəsinə əsasən, dövlət bayrağının istifadəsinə dair məhdudiyyətlər müəyyən edilib. Əslində bu norma dövlət bayrağını kommersiya dövriyyəsinin predmetinə çevirməyi qadağan edir. Yəni bayrağın və ya onu xatırladan vizual elementlərin, simvolların satılan məhsul üzərində istifadəsi, o cümlədən dəsmallar, geyimlər və digər mallarda əks olunması hüquqi baxımdan qanun pozuntusu sayılır. "Temu"nun satdığı dəsmallarda Azərbaycan bayrağının istifadə edilməsinə hüquqi cəhətdən icazə verilmir. Qanun dövlət rəmzinin əşyalaşdırılmasını və ya alçaldıcı kontekstdə istifadəsini yolverilməz hesab edir. Eyni zamanda bayrağın dəsmal üzərində istifadəsi hörmətsizlik və ya rəmzlərin alçaldılması kimi qiymətləndirilə bilərsə, bu halda cinayət məsuliyyəti də yarana bilər.
Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 324-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Dövlət rəmzlərinə - Dövlət Bayrağına, Gerbinə və Himninə açıq-aşkar hörmətsizlik etmə cərimə və ya azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər. Bu maddə həm fiziki şəxslərə, həm də ki platforma üzərindən Azərbaycan ərazisində kommersiya fəaliyyəti göstərən hüquqi şəxslərə də şamil oluna bilər".
Hüquqşünas həmçinin bildirdi ki, bu prinsip Azərbaycan milli valyutasına da şamil oluna bilər: “Milli valyutanın (manatın) istifadəsi məsələsində isə əsas hüquqi baza "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Qanundur. Azərbaycan manatı həmin qanunla qorunur və onun simvolik və ya vizual istifadəsi də normativ çərçivəyə tabedir. Valyutanın dizaynı və istifadəsi yalnız Mərkəzi Bankın səlahiyyətindədir. Vizual olaraq manatı təmsil edən görüntülərin kommersiya məhsulunda istifadəsi icazəsiz olarsa, bu da qanunsuz sayılır. Beynəlxalq təcrübədə isə bu məsələyə yanaşmalar müxtəlifdir.
ABŞ-da bayrağın istifadəsi qaydaları “United States Flag Code” adlı qanunla tənzimlənir. Qanunun 8-ci maddəsinə əsasən, bayrağın geyim, reklam, salfet, dəsmal üzərində istifadəsinin yolverilməz olduğu bildirilir. Lakin bu qaydaların icbari hüquqi qüvvəsi yoxdur. ABŞ Ali Məhkəməsinin “Texas v. Johnson (1989)” qərarına görə, bayrağın istifadəsi ifadə azadlığı kimi qorunur. Amma buna baxmayaraq, bəzən ictimai təzyiq və şirkətlərin daxili qaydaları bu məhsulları satışdan çıxarmağa səbəb olur. Türkiyə Türk Cəza Qanununun 300-cü maddəsi ilə bayrağın təhqirini cinayət sayır. Lakin bayrağın təsviri bəzi geyimlərdə və aksessuarlarda istifadə oluna bilər, əgər təhqiramiz kontekstdə deyilsə. İctimai qınaq və ictimai senzura burada daha mühüm rol oynayır. Fransa, Almaniya və digər Aİ ölkələrinin dövlət rəmzləri, xüsusilə bayraq və himn ictimai hörmət prinsipi ilə qorunur. Onların yersiz, qeyri-etik və təhqiramiz formada istifadəsi hüquqi məsuliyyət doğura bilər".