Xəbər verildiyi kimi, ABŞ, Ermənistan və Azərbaycan liderlərinin iştirakı ilə Vaşinqtonda sammit keçiriləcək. Sammitin məqsədi Ermənistan və Azərbaycan liderləri tərəfindən tezliklə sülh sazişin imzalanmasına və Cənubi Qafqazda sülh və sabitliyə töhfə verilməsidir.
Azad Vətən Partiyasının sədri Akif Nağı məsələ ilə bağlı Adalet.az saytına məsələ ilə bağlı müsahibə verib.
- ABŞ prezidenti Donald Tramp bu həftənin sonunda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı Ağ Evdə qəbul etməyə hazırlaşması xəbəri, görüşlə bağlı açıqlama gözlənilməz oldu. Respublikaçılar Partiyasının üzvü, amerikalı senator Stiv Deyns Azərbaycan və Ermənistan arasında sülh sazişi bağlaması ilə bağlı pozitiv açıqlama verməsinə baxmayaraq, Ermənistan tərəfi bu görüşün baş tutması ilə bağlı nə təsdiq, nə də təkzib məlumatı yayıb. Eləcə də, Azərbaycan tərəfi də bu görüşlə bağlı rəsmi bir açıqlama verməyib. Amma qeyd etmək yerinə düşər ki, ABŞ admistrasiyasının bu prosesdə fəaliğı hiss olunur. Çünki Ermənistan Azərbaycanın bir sıra tələblərini yerinə yetirir.
- Amma tələblər yerinə yetirildikdən sonra arxasınca problemlər ortaya çıxır... Məsələn, Paşinyanın sonuncu Rusiya səfəri...
-ABŞ-ın Qafqazdakı vəziyyətə müdaxilə etməsi, ümumiyyətlə Qafqazda, Ermənistanda görünməsi Rusiyanın xoşuna gələn hal deyil. Hətta Azərbaycan və Ermənistan arasındakı sülh prosesinə qoşulması da təbii ki, Rusiyanı qıcıqlandırır və regionda fəallığını artırır. Məsələn, Qarabağı könüllü tərk etmiş ermənilərə tez-tez yardımlar edir.Özünü onların himayədarı kimi göstərməyə çalışır. Bununla kifayətlənməyən Rusiya Gümrüdəki 102 saylı hərbi bazaya hərbi yük daşımasını artırıb. Erməni mediası yazıb ki, hər gün bir neçə belə təyyarə Gümrüyə eniş edir. Ermənistanın xarici ticarət dövriyyəsində önəmli yerdə olmaqda davam edir.
Bəli, Rusiya və ABŞ regionda təşəbbüsü ələ almaq üçün gizlicə mübarizə aparır və bunun bariz nümunəsi D.Trampın belə bir təkliflə çıxış etməsidir. Üstəlik ABŞ Prezidenti Rusiyaya Ukrayna ilə razılaşmalara nail olmaq üçün verdiyi müddəti 50 gündən 10 günə endirib. Ola bilər ki, bu da həmin rəqabət prosesinin bir hissəsidir. Yəni, ABŞ 3 tərəfli görüş başlayana qədər Rusiyanın Ukrayna ilə bağlı bir qərara gəlməsini tələb edir, necə deyərlər, onu sıxmağa çalışır.
-Akif müəllim, yayılan məlumatlarda bildirilir ki, ABŞ lideri Donald Tramp əvvəlcə Ermənistan Baş naziri Nikol Paşinyanla görüşəcək. O, daha sonra Azərbaycan Prezidenti İlham Əliyevlə bir araya gələcək. Bundan sonra üç lider birgə bəyanatla çıxış edəcəklər.
- Bilirsiniz, o görüş baş tutarsa... təbii ki, “sülh müqaviləsi” əvvəlcədən hazırlanmalı idi. Əslində bu çox çətin məsələdir, amma ola bilər ki orda sülh müqaviləsinin paraflanması ilə bağlı razılıq əldə olunsun. Ümid eləyirəm ki, Zəngəzur dəhlizi ilə bağlı hansısa bir çərçivə razılaşması ola bilər. Və yaxud ilkin razılaşma ola bilər . Yəni, bax bu istiqamətdə hansısa nəticələr əldə oluna bilər.
Hər halda müsbət bir prosesin göstəricisi olan bu görüşdə Azərbaycanın təkliflərinin, tələblərinin yer alınacağını düşünürəm. Hazırda Amerikanın bu mövqedə çıxışları da onu göstərir.
- Belə çıxır ki, dünya "ədalət"lənib?
- Azərbaycanın tələblərinin nəzərə alınması Azərbaycanın regiondakı lider roludan irəli gəlir, təbii bunu da nəzərə alırlar. Məsələ ilə bağlı Türkiyənin də fəallaşması prosesi gedir. ABŞ administrasiyasının Azərbaycanla münasibətlərində müəyyən işlər var və belə görünür ki ABŞ regionda Azərbaycan və Türkiyənin rolunu hesablayaraq onların nəzərdə tutduğu təklif və tələblər çərçivəsində regionda sabitliyə nail olmağa çalışır. Ermənistanı da buna məcbur edəcəklər ki proseslə razılaşsın.
- Əgər dediyiniz tələb və təkliflər nəzərə alınarsa, bu Rusiyanın Qafqazdakı fəaliyyətinin aktivliyini azaldarmı?
- Azərbaycanla Ermənistan arasında baş verəcək sülh müqaviləsi və buna bənzər digər razılaşmalar Rusiyanın Qafqazdan vurub çıxartmaq yoludur. Bu onun bir mərhələsidir . Bunu bu şəkildə dəyərləndirmək olar!
Yenə də qeyd edirəm, bu görüşdə sülh müqaviləsinin imzalanması texniki cəhətdən mümkün deyil, çünki müəyyən qaydada prosedur keçməlidir. Amma son dövrdə bilirsiniz ki, sülh müqaviləsinin paraflanması ilə bağlı söhbətlər gedir . Paraflana bilər və ya yaxud çərçivə sazişi imzalana bilər ki, bu da irəliyə doğru bir addımdır.
Əntiqə Rəşid