AZ

Türk dünyasının enerji diplomatiyası

Azərbaycan və Türkiyə Suriyanın enerji təminatında yeni səhifə açır

Azərbaycan qazının avqustun 2-dən etibarən Suriyaya nəqli gerçəkləşdi və rəsmi Bakı Yaxın Şərq bölgəsində də etibarlı enerji təchizatçısı statusu qazandı. Belə ki, SVOP razılaşmasına əsasən, Azərbaycandan ixrac edilən qaz Kilis-Hələb marşrutu üzrə Suriyaya ixrac olunaraq qaz şəbəkəsi infrastrukturuna daxil edilib. Qazın Türkiyə üzərindən Suriyaya nəqletmə mərasimində bəyan olunduğu kimi, təbii qaz boru xəttinin istifadəyə verilməsi regional baxımdan olduqca mühüm və çoxşaxəli nəticələr doğuracaq strateji hadisədir. Boru xətti Suriyanın təcili enerji tələbatını qarşılamaqla yanaşı, Türkiyənin və Azərbaycanın regional enerji diplomatiyasında, enerji ixracında yeni bir səhifə açması deməkdir.

Azərbaycan qazı Suriyanın enerji problemini həll edəcək

Uzun illər davam edən münaqişələr nəticəsində Suriyanın dağıdılmış infrastrukturunun böyük hissəsi elektrik enerjisi təminatdan əziyyət çəkir və Azərbaycan qazı bu problemlərin  artırılması baxımından həyati əhəmiyyət kəsb edir. Belə ki, gündəlik nəql edilən 3,4 milyon kubmetrə bərabər qaz Suriyada təxminən 900 meqavat gücündə elektrik enerjisi istehsal edilməklə elektrik şəbəkəsinin dayanıqlığının artırılmasına töhfə verəcək. Anlaşmaya əsasən, Azərbaycan ildə 1 milyard kubmetr həcmində qazı Suriyata ötürəcək ki, yanacaq bu ölkənin enerji təchizatını “ayağa qaldırmaqla” iqtisadiyyatın dirçəlməsi üçün təkanverici qüvvə rolunu oynayacaq. Yeri gəlmişkən, Kilis-Hələb xəttinin ötürücülük potensialı günlük 6 milyon kubmetrdir. Gələcəkdə bu kəmərlə qaz nəqlinin artırılması planlaşdırılır. Bu isə Suriyanın sənaye-iqtisadi inkişaf planlarında ölkəmizin daha çox fayda verməsi deməkdir. Bir sözlə, Azərbaycan Suriyanın qaz və enerji sektorunun inkişafına kömək etməklə sənaye quruculuğunun da təşviqinə dəstək verərək ümumilikdə, iqtisadi bərpasına qardaşlıq dəstəyi vermiş olur. 

Eyni zamanda, yanacaq nəqli Suriyada zavodların fəaliyyətə başlaması, ticarətin canlanması və məşğulluğun artmasına səbəb olacaq ki, bu da daxili miqrasiyanın azalmasına və hətta qaçqınların geri dönüşünə şərait yaradan amildir. Bu, həm də Türkiyənin də qarşılaşdığı qaçqın problemində dolayı yolla həll potensialı yaradır. Yəni, Azərbaycan Türkiyənin də üzləşdiyi sosial-miqrasiya çətinliklərinin tədricən aradan qalxmasında bilavasitə iştirakçılıq qazanmış olur.

Yaxın Şərq coğrafiyasında yeni rəqabət imkanları yaranır

Suriyaya qaz nəqli Azərbaycanın ixrac qüdrətini nümayiş etdirir. Ölkəmiz növbəti qaz ixracı ilə hazırda dünyanın ən çox yanacaq nəql edən təminatçılarından birinə çevrilir. Belə ki, respublikamız artıq 14 dövləti təbii qaz ilə təchiz edir ki, bu da Azərbaycanı həm dünya, həm də regional miqyasda vacib qaz təchizatçısına, eləcə də enerji təhlükəsizliyinə töhfə verən dövlət olduğunu təsdiqləyir. Mərasimdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarovun da vurğuladığı kimi bu, Azərbaycanın güclü enerji qətiyyəti və iradəsi, fəal beynəlxalq əməkdaşlıq alyansı yaratması və sarsılmaz nüfuzu sayəsində mümkün olmaqdadır. Azərbaycanın milli enerji korporasiyası olan SOCAR-ın fəaliyyəti isə bu əməkdaşlıq blokunda xüsusi təqdirəlayiqdir. Nə qədər mürəkkəb olsa da, qısa müddətdə bu məsələnin logistika, kommersiya şərtlərinin, qaz həcmlərinin müəyyənləşdirilməsi işlərinin SOCAR tərəfindən həyata keçirilməsi Azərbaycanın bu sahədə olan nailiyyətləri?? nümayiş etdirir.

Məhz dövlət şirkəti olan SOCAR-ın təchiz etməsi Yaxın Şərq bazarı və coğrafiyasında Azərbaycan qazının rəqabətli şərtlərlə nəqlinin mümkünlüyünə dəlalət edir. M.Cabbarovun sözlərinə görə, yeni təchizatın həyata keçirilməsi ilə Azərbaycan yalnız Qərb istiqamətini deyil, Cənub və Şərq istiqamətini də, rəqabətli şəkildə öz enerjisi ilə təchiz edir, bu isə diversifikasiyanın uğurlu nəticələr verdiyini göstərir. Orta və uzunmüddətli planlarda bu istiqamətdə fəaliyyət davam etdiriləcək ki, nəticədə Azərbaycan?? nüfuzu daha da artmış olacaq.

Bakı və Ankara bölgədə uzunmüddətli regional sabitliyə töhfə verir

Azərbaycan enerjinin və tranzit marşrutlarının şaxələnməsində də yaxşı nümunə yaradır. Türk dünyası üzrə mütəxəssis Məhmət Yücə bildirib ki, enerji nəqli bölgədə sabitliyin və iqtisadi dirçəlişin dəstəklənməsi baxımından böyük əhəmiyyət daşıyır. Həyata keçirilən layihə yalnız enerji transferi deyil, həm də Türkiyənin regional liderlik iddialarını gücləndirən, Suriyanın yenidənqurma prosesinə mühüm töhfə verən və Azərbaycanın enerji diplomatiyasını genişləndirən çoxşaxəli siyasi qərardır. Layihə regional enerji təhlükəsizliyinin təmin edilməsi, humanitar vəziyyətin yaxşılaşdırılması və uzunmüddətli regional sabitliyin yaradılması baxımından mühüm əhəmiyyət kəsb edəcək.

Xəttin istifadəyə verilməsini Azərbaycanın enerji ixracı tarixində mühüm bir mərhələ kimi dəyərləndirən şərhçi qeyd edib ki, layihə ilə Cənubi Qafqazla Yaxın Şərq arasında yeni bir enerji körpüsünün əsası qoyuldu. Hazırda Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verən Azərbaycan bu layihə ilə enerji ixrac coğrafiyasını Yaxın Şərqə doğru genişləndirir.

Müasir beynəlxalq münasibətlərdə enerji təchizatı əhəmiyyətli “yumşaq güc” alətidir”. Azərbaycanın Yaxın Şərqdə fəal aktor kimi önə çıxmaq siyasəti, ölkənin beynəlxalq münasibətlərdə etibarlı tərəfdaş kimi tanınmasına imkan yaradır. Çoxşaxəli əməkdaşlıq arxitekturasının möhkəmlənməsi isə regional inkişaf və sabitliyin möhkəmləndirilməsinə əhəmiyyətli dərəcədə dəstək olacaq.

Körfəz dövlətləri blokunda yeni enerji alyansı

Sazişin imzalanması ilə Azərbaycanın Yaxın Şərqdəki enerji siyasətində yeni bir mərhələnin başlanğıcı qoyulub və Azərbaycanın enerji diplomatiyasında coğrafi və geosiyasi şaxələnməni genişləndirmək niyyətini göstərir. Azərbaycan qazının Suriyaya nəqli təkcə iqtisadi deyil, həm də geosiyasi məsələdir. Suriyanın qaz nəqli şəbəkəsi “Ərəb qaz şəbəkəsi” adlandırılan sistemə qoşulub, bu şəbəkəyə Suriya, Livan, İordaniya və Misir daxildir. Belə ki, münaqişə zamanı ciddi şəkildə dağıdılmış Suriya-İordaniya qaz boru xəttinin yenidən qurulması nəzərdə tutulur ki, bu da Azərbaycan qazının Suriya vasitəsilə Misirə qədər çatdırılmasına imkan verəcək. Azərbaycan üçün bu xətt Avropa bazarlarına əlavə olaraq, Yaxın Şərqdə yeni bazarların açılması deməkdir. Bu isə o deməkdir ki, Azərbaycanın qazı bu ölkələrin hamısına ixrac edilə bilər və körfəz dövlətləri blokunda yeni enerji alyansı formalaşması qaçılmazdır.

Beləliklə, Azərbaycanın enerji ixrac portfelinin şaxələndirilməsi və regional enerji təhlükəsizliyindəki mövqeyinin gücləndirilməsi baxımından vacib geoiqtisadi amil kimi möhkəmlənir.

ELBRUS CƏFƏRLİ

Seçilən
5
yeniazerbaycan.com

1Mənbələr