AZ

İran pul islahatına gedir: Rialdan dörd sıfır silinəcək

Yazını böyüt
Yazını kiçilt

İran hökuməti son illər xeyli devalvasiyaya uğrayan pul vahidindən dörd sıfırı silməyi planlaşdırır.

Hafta.az-ın yazdığına görə, İran parlamentinin iqtisadi komissiyası maliyyə əməliyyatlarının sadələşdirilməsi səyləri çərçivəsində ölkənin ucuzlaşan valyutasından dörd sıfırın çıxarılması planlarını yenidən gündəmə gətirib.

"İqtisadi komissiyanın bugünkü iclasında milli valyuta rial adlandırılıb və dörd sıfırın götürülməsi qərara alınıb", - parlamentin ICANA saytı komissiyanın sədri Şəmsəddin Hüseyniyə istinadən yazır.

ICANA-nın məlumatına görə, təklif olunan sistemə əsasən, 1 rial indiki dəyəri ilə 10 minə bərabər olacaq və 100 “kir”ə bölünəcək.

Valyuta dəyişikliyi ilk dəfə 2019-cu ildə təklif edildi, lakin sonradan dayandırıldı. Hazırkı qanun layihəsi parlament tərəfindən qəbul edilməli, sonra qanunverici orqana nəzarət edən Nəzarət Şurası tərəfindən təsdiqlənməlidir.

Parlamentdə səsvermənin nə vaxt keçiriləcəyi hələlik bəlli deyil.

May ayında İran Mərkəzi Bankının sədri Məhəmməd Rza Fərzin İran rialının qlobal iqtisadiyyatda müsbət imicə malik olmadığını bəyan edib və planı davam etdirəcəyini bildirmişdi.

İranın pul vahidi son illərdə ciddi devalvasiyaya məruz qalıb. Yerli mətbuatın məlumatına görə, qara bazarda 1 dollar təxminən 920 min riala dəyişdirilir. Ona görə də reallıqda iranlılar çoxdan gündəlik əməliyyatlarında rialdan imtina edib, əvəzinə tüməndən istifadə edirlər. Bir tümən 10 riala bərabərdir.

İran 1932-ci ildə öz milli valyutası olan qirah əvəzinə rialdan istifadəyə başlayıb. 2019-cu ilin iyulunda İran hökuməti milli valyutanın rialdan tümənə çevrilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Seçilən
13
hafta.az

1Mənbələr