Frans Kafkanın “Qəsr” romanı haqqında
Əsərin rəmzləri bir çox hallarda buradakı Qəsri xatırladır. Bu rəmzlərə gedən yolları tapmaq mümkün deyil. K. Qəsrə yol axtardıqca daha çox azır. Azadlığa can atdıqca onu daha çox itirir.
K. hansı uzun bir yollasa gəlib Kəndə çıxıb. Kənddən Qəsrə getdiyi yolu sübut edir ki, o əslində bir dairə ətrafında hərəkət eləyirmiş. Bütün yollar Qəsrə aparıb çıxarır (məntiqə görə, çıxarmalıdır). Lakin Qəsrə gedən yolları hansı mifik qüvvəsə nəhəng bir dairənin cizgisinə salır. Bu məntiqsiz dünyada dairədən başqa heç nə yoxdur. Hər şey dairə ətrafında fırlanır. Bu dünyanın məntiqi dairədir!
K. niyə Qəsrə can atır? İnsanlar niyə o Qəsri görmək istəyirlər? Axı bu, onların nəyinə gərəkdir? K. Qəsri görməklə bəlkə dünyanın, tanrının və deməli, özünün mövcudluğuna inanmaq istəyir. Əsərdə bütün bunlar sual olaraq qalır...
Qəsrin və ona məxsus Kəndin həyatında hər şey qabaqcadan müəyyənləşdirilmiş qaydada inkişaf edir. Burada təsadüfilik yoxdur, hətta K. da təsadüfi deyil. Lakin katiblər inanırlar ki, təsadüf ola bilər (olacaq) və onların yanına gələn kimsə xahişinə cavab ala bilər. Qəsrin saysız-hesabsız katibləri bunu bilir və bundan qorxurlar, çünki bu, onların yaratdığı dairəvi sistemi təhlükə altına ala bilər.
Paşa Əlioğlunun “Kafkanın qəsri” essesindən
“Məhkəmə” (“Proses”) romanının sonlarında balaca bir pritça nağıl olunur - bu roman haqqında yazanda həmin epizodun üstündə durmamışdıq. Pritçanı əsərin qəhrəmanı Yozef K.-ya kilsədə keşiş danışır. Müəllifin keşişin dilindən söylədiyi mifik hekayənin məzmunu budur:
“Qanunun darvazası ağzında gözətçi keşik çəkirdi. Bir kəndli gəlib gözətçidən xahiş elədi onu Qanunun hüzuruna buraxsın. Gözətçi cavabında dedi ki, indi onu içəri buraxa bilməyəcək. Kəndli bir az fikrə gedib yenidən soruşdu: haçansa sonra içəri keçə biləcəkmi?
- Ola bilər, - gözətçi dedi, - ancaq indi mümkün deyil.
Fəqət Qanunun qapısı həmişəkitək açıq idi, keşikçi də bir az kənarda dayanmışdı, odur ki, kəndli darvazanın arasından boylanıb Qanunun dibini, bətnini, təkini görməyə çalışırdı. Bunu sezən gözətçi gülüb dedi:
- Əgər gözləməyə səbrin çatmırsa, mənim sözümə baxma, özünü təp içəri. Ancaq biləsən: mənim gücüm, qüdrətim çox böyükdür. Hərçənd o biri keşikçilərə baxanda mən acizin, əfəlin biriyəm. Oranın hər dayanacağında bir-birindən azman gözətçilər qarovul çəkir. Təkcə elə üçüncü keşikçini görəndə mənim qorxudan dizlərim əsir.
Kəndli yolun belə əngəlli olacağını gözləmirdi: “Axı Qanunun qapısı hər vaxt hamının üzünə açıq olmalıdır”, - deyə düşünürdü. Ancaq qarovulçuya, onun ağır kürkünə, sivri donqar burnuna, yağlanmış uzun qara monqol saqqalına zənlə baxanda qərara gəldi ki, içəri girmək üçün icazə veriləcəyi vaxtı gözləsə yaxşıdır.
Gözətçi ona balaca bir oturacaq verib darvazanın ağzından azca aralıda əyləşməyə yer göstərdi. Kəndli o deyilən yerdə günlərlə, illərlə oturub gözlədi. Bu müddətdə gözətçiyə dönə-dönə yalvardı, kişini bezdirincə dil çıxardı ki, onu Qanunun dərgahına buraxsın. Keşikçi də hərdən onu sorğu-suala tutub haradan, kimlərdən olduğunu soruşur, ancaq sualları elə verirdi ki, elə bil o, ağa, kəndli nökərdir, aldığı cavablar onu əsla maraqlandırmır. Sorğu-sualın axırı həmişə eyni cür qurtarırdı: gözətçi həmişə dediyini bir də təkrar deyirdi ki, hələlik onu içəri buraxa bilməz.
Kəndli səfərə ehtiyatlı çıxmışdı, özüylə qiymətli daş-qaş götürmüşdü, heç birini də gözətçini ələ alıb yola gətirmək üçün ondan əsirgəmirdi. Gözətçi də verilənin hamısını götürüb hər dəfəsində deyirdi:
- Bunları səndən ona görə alıram ki, sonra əlindən gələn nəyisə eləmədiyini düşünməyəsən.
İllər keçir, kəndli gözünü keşikçidən çəkmirdi. Yadından çıxmışdı ki, bundan o yana hələ başqa gözətçilər də var, nədənsə ona elə gəlirdi ki, məhz bu birinci gözətçi onu Qanunun yanına düşməyə qoymur. Siftə-siftə o özünün yarımamış bəxtini bağıra-bağıra lənətləyirdi, ancaq illəri yola verib qocaldıqca öz-özünə deyinməkdən başqa əlindən bir şey gəlmirdi.
Axıra macal kəndli uşaqlaşmışdı, ötən illər ərzində nəinki gözətçiyə, hətta onun kürkünün yaxasındakı bit-birəyə də yaxşıca bələd olmuşdu, o bitlərə belə yalvarırdı ki, gözətçini yola gətirməkdə ona kömək dursunlar. Artıq gözlərinə toran çökmüşdü, bilmirdi dünya qaranlığa bürünüb, yoxsa gözləri onu aldadır. Yalnız indi, bu qaranlıq içindən baxıb gördü ki, Qanunun darvazasından eşiyə sönməz bir işıq sızır.
Beləcə, onun ömrü sona çatırdı. İllər uzunu çəkdikləri, gördükləri, duyduqları ölümqabağı yığılıb gəlib bir suala dirənmişdi - bu sualı keşikçiyə bir dəfə də verməmişdi. Kəndli gözünün işarəsiylə qapıçını yanına çağırdı - üzülmüş canı daha sözünə baxmadığından yerindən qalxa bilmirdi. Gözətçi onun üstünə əyilməyə məcbur oldu, çünki artıq dilənçi kəndli onun yanında cırtdana bənzəyirdi.
- Daha nə bilmək istəyirsən, doyumsuz insan? - gözətçi soruşdu.
- Axı bütün insanlar Qanuna can atır, - kəndli dedi, - bəs necə oldu ki, bu illər ərzində məndən savayı heç kəs bura gəlib içəri girməyə cəhd göstərmədi?
Gözətçi gördü artıq kəndlinin həniri batır, ona görə də var gücüylə bağırdı ki, qocanın qulağı tıxanmamış cavabı ona çatsın:
- Bura heç kimin girişi yoxdur, bu darvaza ancaq səndən ötrü açıq qoyulmuşdu! İndi gedirəm o qapıları bağlayam...”
***
Aydın məsələdir ki, “Qanun”u xüsusi isimə çevirməklə müəllif fiziki aləmin qanunlarını, təbiətin qanunauyğunluğunu, fələyin gərdişini şəxsləndirmək istəyib. “Aydın məsələdir” dedim, dərhal da yadıma düşdü ki, Kafkada aydın olan heç bir şey yoxdur; Kafkanın yaradıcılığında aydın olan tək məzmun, mətləb budur ki, məzmun, mətləb aydın deyil; insanın varlığında, təbiətin xislətində, dünyada, kainatda heç nəyin aydın, şəffaf, səlis mənası yoxdur, hər şey qatı, sirli qaranlığa bürünüb. Yəni Kafka həyatın insana aydın olmadığını aydın bir dil-üslubla qələmə alıb.
Bax elə misal gətirdiyimiz pritçanı götürək: nə biləsən ki, o kəndlinin gerçək təyinatı, halal qisməti o qapıdan içəri girməkdir, yoxsa girməmək, eləcə darvaza ağzında oturub ömür boyu kor, dilənçi taleyinin qulluğunda durmaqdır? Qapılar üzünə açıqdır, di gəl, o qapıdan içəri keçməyə imkan verilmir - insan özündən asılı olmadan dünyaya gəlib, ağılla, şüurla, nitqlə silahlandırılıb, kainatın qapıları üzünə taybatay açıqdır, yaranışın sirli-soraqlı olduğunu qanır, ancaq o sirrin dərgahına yetişməyə, Fələyin qəbuluna düşməyə ixtiyarı çatmır. Niyə? Beləydisə insan da qalan canlılar kimi sirdən, ölümdən, aqibətdən, keçmişdən-gələcəkdən xəbərsiz yaşayaydı, bu suallar da ortalığa çıxmayaydı. İnsanı çıxılmaz oyuna, çözülməz işə salmaq, beynini cavabsız tapmacalarla yükləmək, kainata trilyonlarla tənha ulduz buraxıb atəşfəşanlıq eləmək, sonra da bəşər övladını bu bayramdan kənarda qoymaq kimin nəyinə lazımdır axı?
Üstəlik, Qanun hər şeyi, hər kəsi zəncirə vurub, zərrədən günəşə qədər bütün varlıqlar filosofların determinizm, filosof olmayanların təsadüf dediyi səbəb-nəticə zəncirinə bağlıdır, bu zəncirdən bir an qopmaq, qırılmaq imkanı yoxdur. Belə çıxır ki, burada heç bir səhvə, yanlışa yol verilmir, verilə də bilməz; sabahımızın qədəri dünəndən yazılıb, bizim yanlış, ya doğru davranmaq seçimimiz yoxdur; davranışlarımızı bizim yerimizə təbiət, xislət seçir, əgər bir sözümüz, əməlimiz səhv sayılarsa belə bunun səhv olduğunu, bizim suçumuz üzündən baş verdiyini bir kimsə sübuta yetirə bilməz.
Bizi oynadırdılarsa, otarıb kökəldib sonra da kəsəcəkdilərsə, barı bunu dərk eləməyə ağıl verməyəydilər; yox, başımızda işığı qaranlıq fələyin gözünü qamaşdıran çıraq yandıracaqdılarsa, onda həqiqəti bir alınmaz qalada gizlədib üstünə qaranlıq pərdə çəkmək nədən ötrüydü? Qanunun zülmət bətninə yol axtaran bədbəxt bəndəni darvaza dibində qocaldıb ələ salmaq üçünmü? O yazıq nə bilsin ki, fələyin sirrinə əl aparmaq istəyi bunca qəddarcasına, ağır cəzalanacaq? Əgər qapı ondan ötrü açıq qoyulmuşdusa, niyə adam içəri keçə bilmədi? İradəsi, qüdrətimi çatmadı? Xilqətdən pay verilməmiş iradəni, qüdrəti o haradan almalıydı?
Binəva kəndlinin bəxti gətirmişdi ki, Qanunun darvazasından girə bilməmişdi. Biz içəri girməyə çalışdıq, elə ayağımızı qoymaqla labirintə düşüb azdıq. Ancaq qəti qorxusu yoxdur, Kafkanın labirintindən çıxmaq üçün Ariadnanın yumağının bir ucunu əlimizdən buraxmamışıq. Kafkanın suallarının ardınca getməyin faydası yoxdur, çünki o sualların cavabı bizi heç vaxt aydınlığa çıxarmayacaq; o suallara cavab axtarmaqdansa sualların qoyuluşunu dəyişmək lazımdır. Böyük Frans Kafkanın aydın zehni, ayıq-sayıq təfəkkürü bu həqiqəti hamıdan yaxşı anlayırdı. Ona görə də o, fələklə döyüşməyin ən doğru üsulunu tapmışdı - döyüşə girməmək, döyüşməmək! Onun alternativi özü üçün həyat normasına çevirdiyi zahidlik, asketizm idi.
F.Uğurlu