"Qarabağ" klubunun Avropadakı uğurlarından hamının xəbəri var.
Bunu "Report"a açıqlamasında Şimali Makedoniyanın “Lyuboten” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Milana Rəhimova deyib.
21 yaşlı müdafiəçi bu gün Skopyedə yerli "Şkendiya" ilə "Qarabağ" arasında keçiriləcək UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Mən də həmin qarşılaşmada stadionda olacağam. Öz komandamızı dəstəkləməyə gedəcəyəm. Azarkeş kimi yanlarında olmaq istəyirəm. Əlimdən gəldiyi qədər dəstək verəcəyəm. "Qarabağ" komandasına ölkə olaraq çox inanırıq və uğurlu nəticə qazanacaqlarına ümid edirik".
Qeyd edək ki, "Şkendiya" - "Qarabağ" oyunu bu gün, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq.