ain.az, 525.az portalına istinadən məlumat verir.
Bu gün görkəmli alim və cərrah, tibb elmləri doktoru, akademik Mustafa bəy Topçubaşovun anadan olmasının 130 illiyi tamam olur. Alimin anadan olmasının 130 illiyinin qeyd edilməsi ilə bağlı iyunun 10-da ölkə başçısı Sərəncam imzalayıb. Mustafa bəy Topçubaşovun ad günündə müvafiq Sərəncama uyğun olaraq Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında akademikin mənalı ömür yolundan və fədakar elmi fəaliyyətindən bəhs edən elektron məlumat bazası hazırlanaraq istifadəçilərə təqdim edilib.
525.az-a bu barədə kitabxanadan məlumat verilib.
Bildirilib ki, kitabxananın rəsmi saytında yerləşdirilən elektron məlumat bazasında Mustafa bəy Topçubaşovun həyat və fəaliyyətinin əsas tarixləri, bir sıra görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər, rəsmi sənədlər, layiq görüldüyü mükafatlarla yanaşı, tibb elmləri doktoru, professor Fariz Camalovun və akademik M.A.Topçubaşov Xatirə muzeyinin rəhbəri, dosent Şəfa Əliyevin “Dünya şöhrətli cərrah akademik Mustafa bəy Topçubaşov”, fəlsəfə doktoru, dosent İradə Əliyevanın “Fədakar alim, şəfalı həkim, böyük şəxsiyyət” kimi məqalələrinin tam mətni təqdim edilir.
Elektron bazada görkəmli alimin müəllifi, elmi redaktoru olduğu kitabların, məqalələrinin eləcə də onun haqqında qələmə alınan kitabların, dövri mətbuat nümunələrinin siyahıları yer alır. Akademikin 130 illik yubileyi ilə əlaqədar hazırlanan məlumat bazasında “Filmoqrafiya”, “Virtual sərgi”, “Foto və videoqalereya” kimi bölmələr də təqdim edilir.
Kitabxana əməkdaşları tərəfindən akademikın yubileyi ilə əlaqədar “Cərrah, alim Mustafa bəy Topçubaşov 130” adlı videomaterial da hazırlanıb. Materialda görkəmli alimin zəngin elmi fəaliyyəti haqqında məlumat verilir. Materialda akademikın respublikada cərrahlıq elmi məktəbinin banilərindən biri kimi anesteziologiya elmi tarixində ilk dəfə olaraq orijinal keyitmə üsulu istiqamətində ixtirasına görə həm Azərbaycanda, həm də bütün dünyada böyük şöhrətə malik olması haqqında məlumat verilir, İkinci Dünya müharibəsi dövründə hərbi cərrahiyyə sahəsində göstərdiyi mühüm xidmətlərdən bəhs edilir.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda Mustafa bəy Topçubaşovun müxtəlif illərdə elmi fəaliyyətini əks etdirən foto və video görüntüləri də sərgilənir.
“Cərrah, alim Mustafa bəy Topçubaşov 130” adlı videomaterial kitabxananın rəsmi saytında yerləşdirilib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.