"OpenAI" şirkəti öz süni intellekt əsaslı çat-botu olan ChatGPT üçün yeni funksiyanı elan edib. Bu funksiya istifadəçilərə uzunmüddətli ünsiyyət sessiyaları zamanı fasilə vermək zərurətini xatırladacaq. Bu addım, istifadəçilərlə süni intellekt arasında daha sağlam münasibətlərin qurulması təşəbbüsünün bir hissəsidir...
Poliqon xəbər verir ki, bu barədə Engadget nəşri məlumat yayıb.
Şirkətin açıqlamasına görə, bu "yumşaq xatırlatmalar" istifadəçi ekranında açılan pəncərə şəklində görünəcək və söhbətin davam etməsi üçün üzərinə kliklənməsi tələb olunacaq. Nümunə olaraq belə bir mesaj təqdim olunub: "Sadəcə yoxlayıram. Siz artıq xeyli vaxtdır ünsiyyətdəsiniz — fasilə verməyin vaxtı deyilmi?"
Lakin bu yenilik daha ciddi kontekstdə dəyərləndirilir. Daha əvvəl The New York Times nəşri bildirmişdi ki, ChatGPT-nin istifadəçi ilə razılaşmağa meyilli olması və yanlış, bəzən təhlükəli cavablar (halüsinasiyalar) verməsi bəzi hallarda mənfi nəticələrə, o cümlədən intihar düşüncəli insanlara qeyri-sağlam şəkildə dəstək göstərməsinə səbəb olub. "OpenAI" bu çatışmazlıqları qəbul edir və bildirir ki, gələcəkdə çat-bot şəxsi riskli qərarlarla bağlı sorğulara daha ehtiyatlı yanaşacaq. Birbaşa cavab əvəzinə istifadəçiyə problemi düşünməkdə yardım edəcək, yönəldici suallar verəcək və mümkün üstünlükləri və çatışmazlıqları sadalayacaq.
Tərtibatçılar ChatGPT-ni həm faydalı, həm də istifadəsi xoş bir alət kimi təqdim etməyə çalışırlar. Lakin bu yanaşma çat-botun həddən artıq razılaşan və yaltaq davranması riskini doğurur. Aprel ayında şirkət artıq bir yeniləməni geri çəkməyə məcbur olmuşdu, çünki həmin yeniləmə çat-botun cavablarını əsəbi və həddindən artıq itaətkar etmişdi. Bildirilir ki, müntəzəm fasilələr istifadəçilərə süni intellektdən əldə olunan məlumatı tənqidi şəkildə qiymətləndirmək və onun düzgünlüyünü yoxlamaq imkanı verəcək.
Poliqon.info