AZ

Şimali Kiprin təhsil naziri: "Razılaşma var, altı universitetlə əməkdaşlıq edəcəyik" - MÜSAHİBƏ

BAKI, 5 avqust. TELEQRAF

Şimali Kipr Türk Cümhuriyyətinin milli təhsil naziri Nazim Çavuşoğlu “Teleqraf” İnformasiya Agentliyinin suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Cənab nazir, Bakıya ikinci dəfə səfəriniz zamanı elm və təhsil naziri Emin Əmrullayev ilə görüşdünüzmü? Azərbaycanla Şimali Kipr Türk Cümhuriyyəti arasında təhsil sahəsində nə kimi ortaq layihələr olacaq?

- Bəli, qeyd etdiyiniz kimi, Bakıya ikinci dəfə səfər etdim. İlk səfərim elm və təhsil naziri Emin Əmrullayevlə görüşlə yanaşı Qarabağ zəfərini qeyd etmək məqsədi daşıyırdı. Kıbrıs və Qarabağ zəfərlərindən sonra formalaşan "Bir millət, üç dövlət" ruhuna sadiq qalaraq, bütün rəsmi qurumlarla görüşməyi önəmli hesab edirik. Bütün bu məsələləri qarşılıqlı şəkildə müzakirə edərək, iqtisadi inkişafı təmin etmək və Türk birliyini gücləndirmək məqsədilə “Bir millət, üç dövlət” anlayışı çərçivəsində Türk dünyasına xidmət göstərəcək bir düşüncə ilə Azərbaycan dövləti və müvafiq nazirliklərlə dialoqumuzu davam etdiririk.

Bu çərçivədə İstanbulda Azərbaycanın elm və təhsil naziri ilə keçirdiyimiz görüşdə gənclərimizi bir araya gətirmək və universitetlərimizi bir-birinə yaxınlaşdırmaq məqsədilə hərəkətə keçmək barədə razılığa gəldik.

Bu qənaətdən çıxış edərək Doğu Akdəniz Universiteti və Lefka Avropa Univsersitetinin rektorları da Bakıya səfər etdilər. Onlar Bakıdakı universitetlərlə əməkdaşlığın genişləndirilməsi, müəllim və tələbə mübadiləsi məqsədilə Elm və Təhsil Nazirliyinin dəvəti ilə Bakıya gəlmişdilər.

Azərbaycanlı gənclərin çoxmədəniyyətli bir struktura sahib olan Şimali Kipr Türk Cümhuriyyətinin universitetlərindən faydalanması, burada xarici dillərdə verilən təhsildən istifadə etməsi, beynəlxalq sertifikatlara sahib universitetlərlə birlikdə təşkil olunacaq sənədlərlə dünya ictimaiyyətinə xidmət etməsi və Türk dünyasını gələcəyə daşıması məqsədilə əməkdaşlıq əsaslı görüşlər keçirmək bizim üçün vacib idi.

Bu çərçivədə, Azərbaycanın Elm və Təhsil Nazirliyinə Doğu Akdəniz Universitetinə 25 tələbə, Lefka Avropa Universitetinə 25 tələbə, Şimali Kipr Türk Cümhuriyyəti Milli Təhsil Nazirliyi olaraq isə 20 tələbəyə təqaüd vermək yolu ilə, uğurlu tələbələrin nazirlik vasitəsilə Şimali Kiprdə təhsil almalarını təmin edərək Türk dünyasının inkişafına töhfə vermək istədiyimizi ifadə etdik.

Hörmətli elm və təhsil naziri Emin Əmrullayev öz qiymətləndirməsini etdikdən sonra Şimali Kiprə də digər ölkələrə tətbiq etdikləri kimi dəstək göstərməyi planlaşdırdıqlarını, daxili qiymətləndirmələr başa çatdıqdan sonra lazımi dəstəyi verəcəklərini bildirdi.

Beləliklə, azərbaycanlı tələbələrin Şimali Kipr Türk Cümhuriyyətinə ciddi şəkildə yönəlməsini, burada beynəlxalq akkreditasiyaya malik universitetlərdə təhsil almalarını və 100-dən artıq ölkədən tələbənin təhsil aldığı universitetlərimizdə həm sosial əlaqələr, həm dostluq mühiti, həm də akademik nailiyyətlər baxımından dünyaya açılmalarını təmin etməyi hədəfləyirik.

Bununla yanaşı, Azərbaycandakı dövlət universitetləri ilə bizim universitetlərimizin əməkdaşlığını inkişaf etdirmək məqsədilə birbaşa əlaqə qururuq. Beləliklə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ortaya qoyulan və qətiyyətlə müdafiə edilən “Bir millət, üç dövlət” anlayışının iqtisadi təməlini gücləndirməyə çalışırıq. Çünki Mustafa Kamal Atatürkün dediyi kimi, hərbi zəfərlər yalnız iqtisadi zəfərlərlə taclandıqda dəyər qazanır.

Bu baxımdan, mövcud olduğumuz mövqeyə uyğun olaraq bu prosesi uğurla idarə etməyə çalışırıq. İnanıram ki, bu səylərimiz azərbaycanlı tələbələr üçün yeni imkanlar yaradacaq və illərdir böyük zəhmət sərf etdiyimiz beynəlxalq təhsil sistemimizdən və akkreditasiyaya malik universitetlərimizdən sürətli şəkildə faydalanmalarına şərait yaradacaq. Bu istiqamətdə əməkdaşlığımızı daha da inkişaf etdirəcəyik.

- Azərbaycanlı tələbələrin Şimali Kiprdə ali təhsil almasına maraq ildən-ilə artır. Tələbələr üçün hansı xüsusi proqramlar və güzəştlər nəzərdə tutulub?

- Tələbələri universitelərimizə cəlb etmək məqsədilə hazırda uğurlu olanlara iki universitetdə və ümumilikdə 70 təqaüd proqramı təklif etdiyimizi bildiririk. Gələcək mərhələdə Azərbaycanın elm və təhsil nazirliyi də bu prosesə dəstək verəcək.

Bilməyinizi istərdik ki, Bakıda diplomlarımızın tanınması ilə bağlı heç bir problem yoxdur. Universitetlərimizin diplomları tanınır və etibarlıdır. Bundan əlavə, bir çox universitetlərimiz diplomla yanaşı, beynəlxalq aləmdə keçərli olan müxtəlif sertifikatlara da sahibdir. Bu da məzun olan tələbələrimizə dünyanın istənilən yerində işləmək imkanı yaradır.

Tələbələrimiz üçün ən cəlbedici məqam odur ki, onlar Türk yurdunda təhsil alacaqlar, eyni zamanda xarici dildə tədris olunan proqramlardan da faydalanacaqlar. 100-dən çox ölkədən gələn tələbələrlə dostluq münasibətləri quracaq, 40-dan artıq ölkədən olan akademik heyətdən dərs alacaqlar. Bir tələbə üçün bu qədər zəngin imkanların mövcud olduğu təhsil mühiti dünyada çox az yerdə mövcuddur.

Üstəlik, ölkəmiz tələbələrin inkişafı üçün azadlıqlar ölkəsidir. Burada inanc azadlığı, fikir azadlığı, geyim və yaşam azadlığı, söz və ifadə azadlığı hökm sürür. Yəni tələbələr bütün bu azadlıqlara sahib olaraq özlərini inkişaf etdirə və Türk millətinə xidmət etməyə sürətlə başlaya bilərlər. Xarici dil problemi yaşamadan bir çox ölkədə əlaqələr qura biləcək və diplom aldıqdan sonra istənilən sahədə xidmət göstərə biləcək səviyyəyə gələcəklər.

- Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti arasında tələbə və müəllim mübadiləsi proqramlarının həyata keçiləcəyini də vurğuladınız...

- Bəli, universitetlərimiz arasında qarşılıqlı əlaqə və həmrəyliyi institusional şəkildə beynəlxalq anlaşmalar vasitəsilə qurmağa çalışırıq. Təqaüd proqramlarımızla birlikdə, beynəlxalq sertifikat imkanlarımız sayəsində Azərbaycanlı tələbələr üçün geniş hədəf planımız var.

Bu layihələr çərçivəsində müəllim mübadiləsi, qarşılıqlı dərs proqramları, konfranslar və seminarlar kimi müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək üçün artıq ilkin addımlar atılıb və bu istiqamətdə işlərə başlanılıb. Bütün bu fəaliyyətlər Milli Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Universitetlərlə qurulacaq dialoqlar nəticəsində bu məqsədlərin ardıcıl şəkildə reallaşmasını istəyirik və onları ən qısa zamanda tam şəkildə həyata keçirməyi planlaşdırırıq.

- Konkret olaraq Azərbaycandan hansı universitetlər ilə əməkdaşlıq edəcəksiniz?

- Azərbaycanın 6 dövlət universiteti ilə əməkdaşlıq ediləcək. Xüsusilə, universitetlərimizin səviyyəsinə uyğun olan təhsil müəssisələri ilə əməkdaşlıq qurmaq məqsədilə ilkin işlərə artıq başlanılıb.

- Şimali Kiprin təhsil sistemində distant təhsil və texnologiyadan istifadəyə yanaşma necədir? Bu sahədə Azərbaycanın təcrübəsindən faydalanmaq mümkündürmü?

- Hər kəsin güclü olduğu sahələrdə bir-birinə fayda verməsi bizim üçün böyük sevincdir. Azərbaycanın üstün olduğu sahələrdə bizə, bizim də güclü olduğumuz sahələrdə Azərbaycana faydalı olmaq əsas hədəfimizdir.

- Şimali Kipr və Azərbaycan arasında peşə təhsili və texniki kadr hazırlığı sahəsində əməkdaşlıq potensialını necə qiymətləndirirsiniz?

- Bu əlaqələri çox yüksək qiymətləndirirəm. Çünki hər iki tərəfdə bir-birini sevən, səmimi kadrlar var. Şimali Kipr Türk Cümhuriyyəti Azərbaycan xalqını sevir və onların qazandıqları zəfərlərlə qürur duyur. Biz özümüzü Türk millətinin bölünməz və qorxmaz bir parçası hesab edirik. Azərbaycan xalqı da eyni duyğuları paylaşır.

Ona görə də nə imkanımız varsa, bölüşməyə hazırıq, ürəyimiz birdir. Biz birlikdə çiyin-çiyinə addımlayırıq. Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti olaraq bir millət, üç dövlətik. Əgər qol-qola verəriksə, yirəliləyə bilərik. Bu mövqe iki prezidentin sərgilədiyi qətiyyətli və prinsipial duruşla daha da güclənir və hörmətlə qarşılanır.

Şimali Kipr Türk Cümhuriyyəti üçün cənab Rəcəb Tayyib Ərdoğan və cənab İlham Əliyevin iqtisadi əməkdaşlıq sahəsində keçirdiyi görüşlərdə, konfranslarda və Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaya qoyduğu mövqe bizim qürur mənbəyimizdir. Məhz bu qürur və özünəinamla Bakıya səfər edirik. Çünki burada istənildiyimizi, qəbul edildiyimizi bilirik. Burada sahiblənildiyimizi və dəstək görəcəyimizi hiss edirik.

Ən güclü olduğumuz sahə ali təhsildir. Əlimizdə ən qiymətli olanla Bakıya səfər etdik, ən keyfiyyətli xidməti göstərmək, ən faydalı işləri həyata keçirmək üçün...














Seçilən
5
teleqraf.com

1Mənbələr