ain.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
4 avqust 2025-ci il tarixində Mərkəzi Gömrük Hospitalında Dövlət Gömrük Komitəsinin Baş Gömrük Mühafizə Xidmətinin əməkdaşları üçün “Təməl Həyata Dəstək” təlimi keçirilib. Təlimi açılış nitqi ilə açan Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım bu cür maarifləndirici tədbirlərin gömrük əməkdaşlarının fövqəladə hallarda çevik və effektiv müdaxilə bacarıqlarını artırmaq baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Rəis müavini Şahlar Mirqasım bildirib ki, fövqəladə vəziyyətlərdə ilkin tibbi müdaxiləni düzgün və operativ şəkildə həyata keçirə bilən əməkdaşlar təkcə özlərinin deyil, vətəndaşların da həyatını xilas etmək gücünə malik olur və bu bacarıqlar peşəkar hazırlığın vacib tərkib hissəsidir.
Daha sonra Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d. İsmayıl Əfəndiyev çıxış edərək, Tibbi Xidmət İdarəsi tərəfindən təşkil olunan təlimlərin məqsədi, əhatə dairəsi və praktik əhəmiyyəti barədə ətraflı məlumat verib, bu kimi təşəbbüslərin əməkdaşların tibbi savadlılığını artırmaqla yanaşı, xidmət zamanı qarşılaşa biləcək risklərə hazırlıq səviyyəsini də yüksəltdiyini vurğulayıb.
Mərkəzi Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsinin təcili yardım həkimi Cavad Cabarov və Dövlət Gömrük Komitəsinin Sanitar Karantin Xidmətinin baş müfəttişi Hüseyn Qasımov “Təməl Həyata Dəstək” mövzularında təlim ürək-ağciyər reanimasiyası, hava yolu keçiriciliyinin təmin olunması, süni tənəffüs və avtomatik xarici defibrilyator (AED) cihazından istifadə qaydaları barədə nəzəri və praktiki bilikləri iştirakçılarla bölüşüblər.
Təlimin praktik hissəsində iştirakçılar real manekenlər üzərində həyati vacib müdaxilə üsullarını tətbiq edərək bacarıqlarını möhkəmləndiriblər. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub və belə təlimlərin davamlı xarakter daşıyacağı, əməkdaşların peşəkar hazırlığının daim təkmilləşdiriləcəyi qeyd edilib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.