Məşur fransalı mütəxəssis Zinəddin Zidan futbolçu ikən oynamaq arzusunda olduğu klub haqda duyğusal söhbət açıb.
Arena.az “GiveMeSport” dərgisinə istinadən, 53 yaşlı mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Marsel “Olimpik”i yaxşı vəziyyətdədir. Mən burada oynamamışam, amma bu, mənim xəyalım idi ki, elə, gerçəkləşməmiş də qaldı. Burada olmaq, infrastrukturu görmək istəyirdim… Bu, böyük klubdur. Burada bir çox maraqlı məqamlar var”, deyə Zidan vurğulayıb.
Xatırladaq ki, Zidan futbolçu ikən “Kann”, “Bordo”, “Yuventus” və “Real” üçün çıxış edib.
“Olimpik”ə gəlincə, Marsel klubu Fransa nəhəngidir. Belə ki, son illər ərəb pulları hesabına Fransa futbolunda mövqe tutmuş PSJ-nin “bərk getməsinə” qədər, “Olimpik” Fransa futbolundakı rekordlarını saxlayırdı.
Marsel “Olimpik”i Fransa çempionatının 9 qat, Fransa Kubokunun 10 qat, Fransa Liqa Kubokunun 3 qat, Fransa Super Kubokunun 3 qat qalibidir. Marsel klubu PSJ-yə qədər Çempionlar Liqasında zəfər əldə etmiş ilk və yeganə fransız klubu idi. “Olimpik” 1992/1993-cü illər mövsümündə İtaliya nəhəngi “Milan”ı məğlub edərək (1:0), Avropanın ən nüfuzlu klub qənimətini qazanmışdı. Həmçinin “Olimpik” 2005-ci ildə hazırda mövcud olmayan İntertoto Kubokunu qazanıb.
Marsel “Olimpik”inin futbol akademiyasından Fransa futbolunun “qaymaqları” gəlib-keçiblər. Məşhur fransız hücumçu Jan-Pyer Papen isə Marsel klubunda oynayarkən 1991-ci ilin “Qızıl top” mükafatına layiq görülüb.