Məktəblərdə etiket, ədəb-ərkan qaydaları haqda dərs tədris olunmalıdır mütləq. İnsanlar mədəniyyət zəhərlənməsi yaşayır.
Mədəni olmaq ailədən başlayır. Ailədə qazanılan mədəni dəyərlər, əslində, cəmiyyətin avantajıdır. Çünki o zaman daha elit cəmiyyət formalaşdırmaq asan olur. Babam sadə traktorçu-əmək qəhrəmanı olub, amma yüksək mədəniyyət sahibi idi. Bütün nəvələrinə təməl ədəb və ərkan qaydalarını o öyrətmişdi.
Məsələn, biz kimsə adımızı səsləyəndə heç vaxt "ha", "hə", "nədir?" deməmişik, mütləq qaydada "bəli" kəlməsi işlədirdik. Qapı döyüləndə "kimdir?" deməyi qadağan etmişdi babam bizə, ya "bəli", ya da "buyurun" deyirdik. Bəzən unudub "kimdir?, "nədir?" desəydik babam elə baxırdı üzümüzə, dəymişimiz dura-dura kalımız tökülərdi. Heç nə demirdi, bircə tənəli baxış yetirdi ki ölçümüzü götürək. 5-6 yaşımızdan belə böyümüşük. Atam, əmilərim də o tərbiyəni davam etdirib.
Ailədən sonra məktəbdə davam edir bu tərbiyə. İlk müəlliməmiz Sədaqət müəllimə bizə "ictimai yerdə marçıltı ilə saqqız çeynəmək, şişirtmək ədəbsizlikdir" demişdi bir dəfə, qulağımızda sırğa oldu o söz, saqqızı tək olanda çeynəyirdik.
Əgər bu dəyərlər sonralar da ailə üzvlərindən başlayıb, məktəbdə davam etdirilsə idi, zamanla cəmiyyət tərəfindən mənimsənilərdi və bizi daha mədəni cəmiyyət gözləyərdi. Təəssüf ki evlərdə və məktəblərdə ədəb qaydaları öyrədilməyəli çox olub.
Avtobusda 4 qadın gördüm bu gün. Gənc qadınlar idi. Bəlkə də ana idilər, bəlkə hansısa bir evin xanımı idilər, amma ictimai yerdə özünü aparmaq qaydaları haqqında nöqtə də bilmirdilər. Baxırsan, normal insan kimi görünürlər, amma söhbətləri, zarafatları, at kimi kişnəmələri, bir-birinə əl-qol hərəkətləri insanı iyrəndirir. Bir avtobus adamı onlara qulaq asmağa məcbur etdilər.
Deməyin ki rayonludular, kəndlidirlər, ona görə elə davranırlar. Mən də kənd qızıyam, şəxsimi tanıyanlar bilir mədəniyyətimi. Yəni mədəni və mədəniyyətsiz olmaq şəhərlə, kəndlə bağlı deyil, ailə və tərbiyə ilə bağlıdır.
Lalə Mehralı, sosioloq