Qırmızı Kitabda olan heyvanlar minalarla məhv edilib
Ermənistanın eko-terrora görə beynəlxalq məhkəmədə cavab verməsi vacibdir
Ekologiya və ətraf mühitin mühafizəsi
Xankəndidə keçirilən Diaspor Gənclərinin VI Yay Düşərgəsinin açılış mərasimində Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, 30 ilə yaxın işğal altında saxladığı ərazilərimizdə humanitar və ekoloji fəlakətlər törətməsindən də danışılıb. Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov çıxışı zamanı bildirib ki, işğal dövründə ərazilərimizdə yaradılan və həlli uzun illər tələb edəcək ciddi problemlər də var. Ən ciddi problemlərdən biri mina təhlükəsidir. Vətən müharibəsindən bugünədək 400-ə yaxın mülki və hərbi şəxs mina partlayışları nəticəsində həlak olub və ya ağır yaralanıb.
"Eyni zamanda, ekoloji mühitin pozulduğunu xüsusi vurğulamaq lazımdır. İşğal dövründə təbii ehtiyatlarımız – çaylarımız, meşələrimiz, torpaqlarımız qeyri-qanuni yollarla istismar edilib, təbii balans pozulub, ətraf mühitə bərpaolunmaz ziyan vurulub", söyləyən E.Yusubov qeyd edib ki, Azərbaycan bu problemlərin həllini prioritet istiqamətlər kimi müəyyənləşdirib və hazırda həm mina təhlükəsinin aradan qaldırılması, həm də ekoloji reabilitasiya istiqamətində ciddi addımlar atılır. Bunlar elə ciddi problemlərdir ki, onların aradan qaldırılmasına uzun illər lazım olacaq. Ermənistanın ətraf mühiti zəhərləyən dağ-mədən fəaliyyətini ifşa edən rəqəmsal xəritənin bir müddət əvvəl hazırlandığını xatırlatmaq yerinə düşər. Qeyd edək ki, Ermənistanın Cənubi Qafqazın ekologiyasını zəhərləyən dağ-mədən sənayesi fəaliyyəti əleyhinə mübarizəyə qalxan QHT-ləri birləşdirən “Environmental Protection First” Koalisiyası 2024-cü ildə Azərbaycan, ingilis və erməni dillərində tərtib etdiyi “Ermənistan Respublikasının mineral xammal resursları” adlı xəritənin bazasında yeni rəqəmsal xəritə hazırladı. Xəritə barədə məlumat verən Koalisiyaya üzv “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramovun sözlərinə görə, rəqəmsal xəritədə faydalı qazıntıların növləri, yerləşdiyi ərazi, əsas çirkləndiricilər olan mineral-xammal müəssisələri, onun istismarını aparan şirkətlər, əsas çirkləndiricilər, ətraf mühitə təsir haqqında məlumat, müəssisələrin yerləşmə yerləri, kosmik şəkillər öz əksini tapır. Xəritə “WGS-84” koordinat sistemində, altlığı isə kosmik və topoqrafik görüntülü olacaq. M.Bayramov Ermənistanın törətdiyi ekoloji cinayətlərə görə cavab verməli olduğunu deyib: “Biz Ermənistan ictimaiyyətindən gizlədilən həqiqətləri də açmışıq. Daxil olan siqnallar göstərir ki, Ermənistanda ötən il internetə yerləşdirdiyimiz erməni dilində “Ermənistan Respublikasının mineral xammal resursları” adlı xəritə hər yerdən yığışdırılır. Baş verən ekoloji cinayətləri dayandırmaq, faktlara cavab vermək əvəzinə, Ermənistan hakimiyyəti faktları ört-basdır etməyə çalışır, daxildə etiraz edənlərə dərhal “satqın”, “Azərbaycana işləyənlər” damğası vurur. Ermənistanın ixtiyarı yoxdur ki, bütün bölgəni heç bir ekoloji norma və standartlar gözlənilmədən zəhərləsin”. Xatırladaq ki, “Environmental Protection First” Koalisiyası Ermənistanda dağ-mədən müəssisələrində beynəlxalq qurumlarla birgə ekoloji monitorinqlər keçirməyə şərait yaradılmasını tələb edib. 2023-cü ildən bu barədə dəfələrlə Ermənistanın Baş naziri Nikol Paşinyana müraciətlər edilsə də, Paşinyan Azərbaycan vətəndaş cəmiyyətinin tələblərinə hələ də cavab verməkdən yayınır. Qeyd edək ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizdə səhralaşma proseslərinin aktivləşdiyini dəfələrlə diqqətə çatdırıb və beynəlxalq təşkilatlara ünvanlanan müraciət və bəyanatlarda bu problemin özünü kəskin şəkildə göstərdiyi qeyd edilib. Bəyanatlarda qeyd olunur ki, quru iqlimə malik Azərbaycan üçün də səhralaşma problemi son dərəcə aktualdır. Bəzi hesablamalara görə, əgər operativ tədbirlər görülməzsə, ölkəmizdə səhralaşma prosesi sürətlənə bilər. Azərbaycanın bəzi ərazilərində qeydə alınan səhralaşma proseslərinin səbəbi iqlim dəyişikliyi və insan faktorudur. Son illərdə baş verən quraqlıq, iqlim dəyişiklikləri səhralaşmanı sürətləndirib və ekosistemə ciddi təsir göstərib. Qlobal istiləşmə, eyni zamanda, ekstensiv kənd təsərrüfatı fəaliyyəti, heyvandarlığın köçəri və yarım köçəri üsullarından istifadə, həddindən artıq otarılma, qeyri-rasional suvarma, müasir kənd təsərrüfatı texnologiyasının zəif tətbiqi eroziya proseslərinə, təkrar şoranlaşmaya və torpaq deqradasiyasına səbəb olur. Aparılan qiymətləndirmələrə görə, ölkəmizdə aşınan torpaqların ümumi sahəsi 3,7 milyon hektardır.

İşğaldan azad olunmuş ərazilərimizdə uzun illər Ermənistan tərəfindən meşələrin kütləvi qırılması, su tutumu 560 milyon m3 olan Sərsəng su anbarının suyunun qəsdən yay mövsümündə qarşısının kəsilməsi 100 min hektardan artıq əkin sahəsinin suvarılmasında ciddi problemlər yaratdı. Bu da Aşağı Qarabağ bölgəsində torpaqların eroziyasına və səhralaşmaya səbəb oldu. 30 ilə yaxın müddətdə bu ərazilərə nəzarət imkanının olmaması beynəlxalq konvensiyalar üzrə götürülən öhdəliklərin yerinə yetirilməsinə də çətinliklər yaratdı. Amma Qarabağın işğaldan azad edilməsi hazırda bu ərazilərin monitorinqinə və ekosistemin bərpasına başlamağa imkan yaradıb. Bon Çağırışı üzrə 2030-cu ilədək 170 min hektar deqradasiyaya məruz qalmış torpaqların bərpası təşəbbüsünə aid tədbirlər işğaldan azad olunmuş ərazilərimizdə də davam etdirilir. Azərbaycan BMT-nin “Səhralaşmaya qarşı mübarizə” haqqında Konvensiyasına tərəf olaraq beynəlxalq öhdəliklərin yerinə yetirilməsində fəal iştirak edir, yeni meşə və yaşıllıqlar salınır, deqradasiyaya uğramış torpaqların neytral balansının saxlanılması istiqamətində tədbirlər həyata keçirilir. Ölkəmizdə, bütün regionlar üzrə yaşıllaşdırma, ağacəkmə kampaniyaları keçirilir. Təkcə IDEA İctimai Birliyi və ETSN-nin birgə təşkilatçılığı ilə həyata keçirilən “Ümumrespublika Yaşıllaşdırma Marafonu” layihəsi çərçivəsində Qarabağ regionu da daxil olmaqla ölkədə 1 milyondan çox ağacın əkilməsi səhralaşma ilə mübarizəyə mühüm töhfədir. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə müəyyənləşdirilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq 2030-cu ilədək olan dövrdə də ölkədə yaşıllıqların payı artırılacaq, yararsız torpaq sahələri bərpa olunacaq, deqradasiya və səhralaşmaya qarşı mübarizə aparılacaq.

Ekoloq Rövşən Abbasov Sherg.az-a açıqlamasında qeyd etdi ki, uzun illər işğalçı Ermənistan təkcə xalqımıza qarşı deyil, eyni zamanda təbiətimizə və təbii sərvətlərimizə qarşı terror həyata keçirib:
- 30 ilə yaxın işğal altında saxlanılan ərazilərimizdə təbii sərvətlər talan edilib, ərazilər, meşələr yandırılıb, su ehtiyatları ekoloji çirklənməyə məruz qoyulub, flora və faunamız məhv edilib. Ümumən regionun ekologiyasına böyük zərər vurulub. İşğal dövründə ərazilərin təbiətinin, endemik bitki və heyvan növlərinin, təbii ehtiyatların məqsədli və sistemli şəkildə məhv edilməsi prosesi həyata keçirilib. Bunlar azmış kimi bir tərəfdən də mina terroru törədilib. Həm mülki vətəndaşlara qarşı, həm də təbiətə qarşı. Bu ekoloji cinayətlərə beynəlxalq instansiyalar səviyyəsində hüquqi qiymət verilməlidir. Azərbaycan regionda ən çox beynəlxalq ekoloji konvensiyaları ratifikasiya edən ölkə olaraq Ermənistanın təcavüzü nəticəsində bu çoxtərəfli razılaşmalardan irəli gələn öhdəliklərin yerinə yetirilməsində ciddi maneələrlə üzləşir. Çünki Ermənistan hakimiyyəti mina xəritələrini hələ də Azərbaycana təhvil verməyib. Bundan yayınırlar. Beləliklə də, həm insan, həm də təbiət faciələri davam edir. Vaxtilə Ermənistanın işğal altında saxladığı ərazilərimizdə ekoloji fəlakətin miqyası çox böyükdür. Hansı tərəfə baxsan, ekoterror faktları görünür. Torpağı da məhv ediblər, havanı, suyu, gölləri, çayları da. Qarabağda, Zəngilanda nə qədər meşələri qırıblar. Zəngilanda xan çinarlar qoruğu vardı. Məhv ediblər. Meşələri yandırıblar, bitki aləmini məhv ediblər. Nə qədər əraziləri kimyəvi çirklənməyə məruz qoyublar. Təbiət darmadağın edildikcə, fauna da məhv olub. Bir tərəfdən insanlarımız mina qurbanı olub, bir tərəfdən heyvanlar, hətta adı "Qırmızı Kitab"a salınmış heyvanlar minalara düşərək məhv olublar. Bu vəhşiliyin önünü Azərbaycan ordusu öz gücüylə, qüdrətiylə aldı. Amma torpağa basdırılmış minalar hələ çox canlını məhv edə bilər. Hesab edirəm ki, təbiətin mühafizəsini – təbiətin hüquqlarını qorumalı olan büynəlxalq təşkilatlar bu vəziyyətə etinasız qalmamalıdır. İlk növbədə, ərazilərimizin minalardan təmizlənməsinə beynəlxalq dəstək verilməlidir. Eyni zamanda Ermənistanın siyasi-hərbi rəhbərliyi eko-terrora görə də məsuliyyət daşımalı və beynəlxalq məhkəmə qarşısında cavab verməlidir. Çünki Ermənistanın eko-terroru təkcə Azərbaycan təbiətinə deyil, bütün Qafqaz regionunun təbiətinə qarşı böyük təhlükədir.