Britaniyanın neft-qaz şirkəti BP (British Petroleum) avqustun 4-də bəyan edib ki, Braziliya sahillərində son 25 ildə şirkət üçün ən iri neft və qaz
yatağını kəşf edib.
Referans xarici agentliklərə istinadən xəbər verir ki, “Bumeranq” adını alan bu yataq ölkənin cənub-şərqində, Rio-de-Janeyro şəhərindən 404
kilometr məsafədə yerləşən Santos hövzəsində aşkarlanıb.
Yataq Atlantik okeanında, duz təbəqəsinin altında yerləşir. Həmin ərazidə faydalı qazıntıların hasilatı hüququnu BP 2022-ci ilin dekabrında
keçirilən hərracda əldə edib. Şirkət tərəfindən qazılan quyunun dərinliyi 5855 metr olub və bu ərazidə ümumi sahəsi 300 kvadrat kilometri aşan
faydalı qazıntı ehtiyatları müəyyən edilib.
Məlumata görə, yataqda karbon qazının yüksək konsentrasiyası hasilatı çətinləşdirə və emal xərclərini artıra bilər. Hazırda BP yatağın potensialını
dəqiq müəyyənləşdirmək üçün əlavə laborator analizlər aparır.
“Bumeranq”, BP-nin 2025-ci ildə kəşf etdiyi onuncu neft-qaz yatağıdır. Şirkət cari ildə Braziliyadan başqa Trinidad, Misir, Meksika körfəzi, Liviya,
Namibiya və Anqolada da yeni ehtiyatlar aşkarlayıb.
Qeyd edək ki, “Bumeranq”dan əvvəl BP tarixində ən iri yataq 1999-cu ildə Azərbaycanda kəşf edilən “Şahdəniz” yatağı idi. Azərbaycan mətbuatının
məlumatına görə, “Şahdəniz”in sahəsi 140 kvadrat kilometrdən çoxdur. Bu yatağın operatoru BP olsa da, orada hasilatla Rusiyanın “Lukoil” şirkəti,
eləcə də Azərbaycanın SOCAR və Türkiyənin TPAO dövlət şirkətləri də məşğuldur.
Musavat.com