Elə şəxsiyyətlər var ki, onlar müqayisəolunmaz, bənzərsizdirlər, heç kimi təkrar etmirlər. Uğurlu fəaliyyətləri ilə təmsil olunduqları xalqın tarixini yaradırlar. Belə insanlara Tanrı tərəfindən seçilmişlər də deyirlər. Onlar nəyi nə zaman edəcəklərini və necə edəcəklərini əvvəlcədən bilirlər. Xilaskarlıq missiyası üçün yaranan belə şəxsiyyətlər dəmir iradə və qətiyyətlə, vaxtında qəbul etdikləri qərarlarla təmsil olduqları xalqın əsl lideri sayılırlar.
Dövlət başçısı İlham Əliyevin hakimiyyətə gəldiyi günləri nəzərdən keçirsək, gözlərimiz önündə o illərdə siyasi hadisələrin çətin bir mərhələsini görərik. Ümumiyyətlə, bir cümlə ilə 2003-cü ilin siyasi panoramasını yaratmaq istəsək, "qarışıq zaman idi" ifadəsi ilə o dövrün ən uyğun təsnifatını vermiş olarıq.
Ulu Öndər Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsi təhlükəsindən xilas edib ölkəni müstəqillik yoluna çıxarsa da, məkrli planlarını həyata keçirmək istəyən kənar qüvvələr öz qlobal maraqları naminə ölkədə sabitliyi pozmaq üçün bütün gücləri ilə çalışırdılar. Azərbaycan "demokratiya" ixracatçısı olan ölkələrin xüsusi xidmət orqanlarının paliqonuna çevrilmişdi. İllüziyaya inananlar, ilğımı gerçəklik kimi qəbul edənlər, pafoslu və bəlağətli sözlərə, təmtəraqlı çağırışlara aldananlar, bir sözlə, yollarını çaşanlar da az deyildi...
Belə bir zamanda - 1 oktyabr 2003-cü ildə bütün ömrünü Azərbaycan xalqının rifahına həsr etmiş Ulu Öndər Heydər Əliyev xalqa müraciət etdi: "Mən öz mənalı həyatımın düz 60 ilini xalqımın bu günü və sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Bu sahədə görülən işlər Sizə məlumdur, lakin mənim hələ tamamlanmamış çox perspektivli planlarım var". Daha sonra Ulu Öndər müraciətində xüsusi olaraq vurğulayırdı: "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
2003-cü il 15 oktyabr prezident seçkilərində seçicilərin 76,8 faizinin səsini qazanan fenomenal tarixi şəxsiyyət İlham Əliyev hakimiyyətə gəldiyi gündən məqsəd və vəzifələrə çatmaq üçün öz strategiya və taktikasını tətbiq etməklə yeni bir mərhələnin başlanğıcını qoydu. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq ölkə Prezidenti seçilən İlham Əliyevin xalqa ilk mesajı "Mən hər bir azərbaycanlının prezidenti olacağam" oldu. İlham Əliyev gözəl bilirdi ki, güc birlikdədir. Xalqından güc alan, xalqın birliyinə nail olan liderlər tarixdə əbədiyaşar olurlar. Prezidentliyinin ilk günündən etibarən dayanıqlı inkişaf üçün əsaslı addımlar atan, müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsi, vətəndaş həmrəyliyinin bərqərar olması naminə mühüm işlər görən Prezident İlham Əliyev qısa bir zamanda xalqımızın birliyinin rəmzinə çevrildi. Bununla da dünya tarixinə adını yazdırmış liderlər ilə müqayisədə yeni, fərqli bir dövlət başçısı obrazını yaratmış oldu.
İlham Əliyev siyasətinin təməl prinsiplərinin əsasını xalqa həqiqəti söyləmək, obyektiv və dürüst olmaq təşkil edirdi. Yeni lider hakimiyyətə gəldiyi gündən yalnız bir amal uğrunda mübarizə apardı: Azərbaycanı güclü, qüdrətli etmək: 2020-ci il noyabrın 23-də Ağdam rayonuna səfəri zamanı dövlət başçısı bu haqda danışaraq demişdir: "Mən son 17 il ərzində xalqa müraciət edərkən dəfələrlə deyirdim ki, biz daha güclü olmalıyıq, daha qüdrətli ordu qurmalıyıq... Biz son 17 il ərzində münaqişənin həlli üçün hüquqi baza yaratdıq... Mən bu 17 il ərzində daim deyirdim ki, biz iqtisadi sahəyə güclü təkan verməliyik, iqtisadi müstəqilliyimizi təmin etməliyik və təmin etdik. Bu gün biz iqtisadi cəhətdən heç kimdən asılı deyilik". Cənab İlham Əliyevin hakimiyyətdə olduğu illəri Azərbaycan tarixinin şərəf salnaməsinin yazıldığı illər kimi xarakterizə etmək olar.
2006-cı ildə Azərbaycanın enerji resurslarını dünya bazarına çıxaran strateji əhmiyyətli layihə - Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin istifadəyə verilməsi regional enerji xəritəsində ölkəmizin rolunu artırdı. 2007-ci ildə Azərbaycan qazını Avropaya çatdırmaq üçün ilk və olduqca ciddi addım atıldı: Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz kəməri işə düşdü. İlk prezidentliyi dövründə ölkəni iqtisadi yüksəliş və regional güc mərkəzinə çevirən İlham Əliyev 2008-ci ildə ikinci dəfə yüksək səs çoxluğu ilə yenidən prezident seçildi.
2009-cu il Azərbaycan tarixinə "Konstitusiyaya dəyişiklik ili" kimi yazıldı. Bakı şəhəri beynəlxalq layihələrin ünvanına çevrildi. 2015-ci ildə Avropa Oyunları, 2016-cı ildə "Formula 1" Qran-prisi, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları Bakıda keçirilməklə paytaxtımız çoxminli qonaqlara qucaq açdı. Vətənimizə qonaq gələn dövlət adamları, turistlər, media təmsilçiləri ölkədə gedən yenidənqurma, quruculuq və abadlıq işlərini görüb heyranlıqlarını gizlədə bilmədilər. Bununla da ölkəmizin iqtisadi gücünə güc qatan turizm sektorunda yeni bir mərhələ başladı.
2015-2020-ci illəri şərti olaraq Azərbaycan Ordusunun qüdrətləndiyi dövr kimi xarakterizə etsək, dövlət başçısının bu illərdə əsas hədəfi Azərbaycan Ordusunu müasir silahlarla təmin etmək, orduda nizam-intizamı yüksəltmək, işğal olunmuş torpaqları azad etmək idi. Bu məqsədlə orduya daha çox sərmayə qoyulur, döyüş təlimlərinə diqqət artırılırdı. 2016-cı ilin aprel ayında baş verən 4 günlük müharibə nəticəsində Azərbaycan Ordusu ilk dəfə düşmən üzərində tarixi əhəmiyyətli qələbə qazanaraq strateji əhəmiyyətli mövqeləri düşməndən geri aldı. Tarixə Azərbaycan Ordusunun ilk uğuru kimi yazılan Aprel döyüşləri cəmiyyət üçün psixoloji dönüş nöqtəsi oldu.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi 2019-2023-cü illər xarici siyasət sahəsində ölkəmizi beynəlxalq miqyasda nümunəvi dövlət kimi tanıtmaqda diplomatik və siyasi əhəmiyyətə malik bir mərhələ oldu. Azərbaycanın beynəlxalq arenada mövqeyi əsaslı şəkildə möhkəmləndi. Bu, ölkəmizin qlobal siyasətdəki nüfuzunun artmasını, regional və beynəlxalq məsələlərdə söz sahibinə çevrilməsini və bir sıra strateji imkanlar əldə etməsini təmin etdi.
Hakimiyyətinin 17-ci ilində İlham Əliyev Azərbaycan tarixinin ən şanlı səhifəsini yazmaqla ölkəmizin hərb və siyasi tarixinə adını qətiyyətli bir lider, yenilməz bir sərkərdə kimi yazdırmaqla dünya siyasi düzənində də yeni bir formul yaratdı. 2020-ci il sentyabrın 27-də başlayan, 44 gün çəkən İkinci Qarabağ müharibəsi noyabrın 10-da Ermənistanın kapitulyasiyası ilə başa çatdı. Xalqımızın qəlbində dərin məhəbbət qazanan Prezident İlham Əliyev xilaskarlıq missiyasını sona qədər davam etdirdi. 2023-cü il sentyabrın 19-da Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə başlayan lokal xarakterli antiterror tədbiri Qarabağı separatçılardan tamamilə azad etdi.
2020-ci ildə qələbədən sonra işğaldan azad olunmuş ərazilərdə misli görünməmiş bərpa və quruculuq işlərinə start verildi. "Böyük qayıdış" proqramı qəbul edilərək mərhələli şəkildə həyata keçirilməyə başladı. İşğaldan azad edilmiş ərazilərə köç prosesinə start verildi. İllərlə yurd həsrəti çəkən Zəngilan, Laçın, Füzuli, Şuşa, Cəbrayıl, Ağdam, Ağdərə, Xocalı sakinlərinin yurda dönüşü başladı. Bu gün Qarabağ və Şərqi Zəngəzur böyük tikinti meydançasını xatırladır. İşğaldan azad olunmuş ərazilərdə sürətli bərpa-quruculuq işləri gedir. Avtomobil və dəmir yolları, elektrik stansiyaları, tunellər tikilir, sosial obyektlər fəaliyyət göstərir. Əhalinin normal istirahəti, turizmin inkişafı üçün böyük layihələr gerçəkləşdirilir.
İkinci Qarabağ müharibəsinin nəticəsi, Azərbaycan Ordusunun yaratdığı yeni reallıq Cənubi Qafqazda balansın dəyişməsinə səbəb oldu. Azərbaycan 44 günlük müharibədə qələbəsini diplomatik müstəviyə çıxardı. 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli Bəyanatın 9-cu maddəsi Azərbaycan ərazisinin ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasını Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizinin açılmasını şərtləndirdi.
Azərbaycanın Naxçıvanla birbaşa əlaqəsinin təmin olunması üçün regional layihə - İran və Ermənistan üzərindən keçəcək Zəngəzur dəhlizi layihəsi artıq gerçəkləşmək üzrədir.
Dövlət başçısının xüsusi olaraq önəm verdiyi Zəngəzur dəhlizi qitələrarası əhəmiyyəti olan çox ciddi bir layihədir. Bu dəhlizin unikallığı ondan ibarətdir ki, son illər artan iqtisadi nəqliyyat şəbəkəsində Çin yeni alternativi təmsil edir. Bu alternativ layihə yüklərin Çindən Türkiyənin şərq əyalətlərinə, oradan isə Aralıq dənizi və ya İstanbul boğazı vasitəsilə Avropaya daşınmasını nəzərdə tutur. Əslində, bu yenilik həm Türkiyə, həm də Çinin diversifikasiya strategiyalarına uyğundur. Beləliklə, yaxın gələcəkdə Zəngəzur dəhlizi "Şərq-Qərb" nəqliyyat dəhlizinə inteqrasiyası fonunda Avropa və Asiya qitələri arasında mühüm ticarət marşrutuna çevrilmək potensialına malik olacaq.
2022-ci ildə Avropa İttifaqı ilə qaz sazişinin imzalanması ölkəmizin dünyanın enerji diplomatiyasında da öz yerini və nüfuzunu möhkəmlətmiş oldu. Artıq inamla qeyd edə bilərik ki, Azərbaycan enerji və infrastruktur baxımından regionda aparıcı gücə çevrilib. Respublikamız bu gün dünyada Avropanın Rusiya qazından asılılığını azaltmaqda əsas alternativ kimi qəbul edilməkdədir. Bu gün Azərbaycan beynəlxalq arenada müstəqil, balanslaşdırılmış və aktiv siyasət yürüdən dövlət kimi öz mövqeyini və nüfuzunu möhkəmləndirməkdədir.
2024-cü ildə Azərbaycanın COP29 iqlim sammitinə evsahibliyi etməsi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzuna verilən yüksək dəyər idi. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yekununda qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi üçün müstəsna önəm daşımaqla bərabər, Azərbaycanın liderlik qabiliyyətini və beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi. Rəsmi Bakı 2024-cü il noyabrın 11-də start götürən və qlobal iqlim dəyişmələri ilə bağlı müzakirələrin aparıldığı toplantının dünya ölkələrinin, xüsusən də inkişaf etməkdə olan dövlətlərin gözlədikləri qərarların qəbulu ilə başa çatması üçün bütün qüvvəsini səfərbər etdi. Bununla Azərbaycan genişmiqyaslı tədbirin öhdəsindən uğurla gəldi, bu sahədə yüksəksəviyyəli təşkilatçılıq qabiliyyətini nümayiş etdirdi. Bütün tərəflərin yekdilliklə COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi şəkildə təşəkkür elan olunması barədə qərar qəbul etməsi bunun bariz göstəricisidir.
Bu məqamda Prezident İlham Əliyevin səsləndirdiyi bu fikri xatırlatmaq yerinə düşər: "Azərbaycan xalqı 2003-cü ildə bir daha müdriklik göstərərək, məhz Ulu Öndərin şəxsiyyətinə olan hörməti ifadə edərək Heydər Əliyev siyasətinə səs verdi. Mən 2003-cü ildə xalqa söz vermişdim ki, bu yoldan dönməyəcəyəm. Son 19 ilin hadisələri onu göstərir ki, belə də oldu, Ulu Öndərin bütün tapşırıqları, bütün tövsiyələri yerinə yetirildi. O, öz siyasi vəsiyyətində demişdir ki, bir çox işlər görüldü, ancaq görə bilmədiyimiz işləri mənim davamçılarım görəcək, belə də oldu. Biz onun siyasi xəttini davam və inkişaf etdirərək güclü Azərbaycan dövləti qurduq ki, sözün əsl mənasında, hər bir azərbaycanlı bu dövlətlə, doğma dövlətimizlə fəxr edir. Biz iqtisadi islahatları dərinləşdirdik və son 19 ildə bu sahədə görülən işlər göz qabağındadır. Təkcə onu demək kifayətdir ki, 2003-cü ildən bu günə qədər bizim iqtisadiyyatımız 3 dəfədən çox artmışdır. Bu il iqtisadiyyatımız rekord həddə çatacaq. İlin sonuna qədər gözlənilən proqnoz onu deyir ki, iqtisadiyyatımız 130 milyard manata çatacaq. Bu, rekord göstəricidir".
Bir sözlə, 2003-cü il avqustun 24-də İlham Əliyevin Nazirlər Kabinetinin Sədri təyin olunması, daha sonra isə Prezident seçilməsi ilə Azərbaycan yeni mərhələyə keçdi və tarixinin ən güclü dövlətinə çevrildi.
Elşən QƏNİYEV,
"Azərbaycan"