AZ

Qanunda var, insanların xəbəri yoxdur – “40 min azərbaycanlı bunu edə bilər”

  Sabirabadda 64 yaşlı kişinin azyaşlıya qarşı qeyri-əxlaqi davranışlar sərgiləməsini əks etdirən görüntülər ictimaiyyətdə böyük rezonans doğurdu. Nəticədə həmin şəxsin həbs edildiyi açıqlansa da, ona daha ağır cəzanın verilməsi tələb olunur.

Bu məsələ ictimaiyyətdə ölüm hökmünün bərpasını gündəmə gətirib. Bəzi vətəndaşlar çox ağır və sübuta yetirilmiş cinayətlərə görə ölüm hökmünün bərpasını təklif edirlər. Əsasən də azyaşlılara qarşı cinsi istismar kimi əməllər törədən şəxslər üçün bu cəzanın tətbiqi fikri irəli sürülür.

Bu, nə dərəcədə mümkündür? Ölüm hökmünün yenidən bərpası beynəlxalq arenada ölkəmizə qarşı münasibətə necə təsir göstərər bilər?

Referans bildirir ki, Globalinfo.az-a danışan deputat Fazil Mustafa bildirib ki, ölüm hökmü ilə bağlı Avropa Şurası qarşısında öhdəliklərimiz mövcuddur:

“Bu səbəbdən, məsələnin hər dəfə gündəmə gəlməsi bəzi beynəlxalq prosedurlarla əlaqədar problemlər yaradır. Ona görə də mövzunu aktuallaşdırmaq çətin olur. Mən də əvvəlki dövrlərdə bu cür cinayətlər üçün ölüm hökmünün bərpasını təklif etmişdim, amma bu, məqbul hesab edilmədi. Görünür, rəsmi doktrinamızda belə bir addım hələlik nəzərdə tutulmur.
 
Lakin ümumilikdə, bu cür cinayətlərə yanaşma fərqli olmalıdır və mövzunun üzərində düşünmək vacibdir”.

Hüquqşünas Ramil Süleymanov isə qeyd edib ki, azyaşlılara qarşı seksual xarakterli hərəkətlər edən pedofillərlə bağlı ən sərt cəzalar tətbiq olunmalıdır:

“Azərbaycanda ölüm hökmü Konstitusiyada nəzərdə tutulub, lakin hazırda tətbiq olunmur. Konstitusiyanın 27.2-ci maddəsinə görə, ölüm cəzası müstəsna hallarda qanunvericiliklə həyata keçirilə bilər. Lakin hesab edirəm ki, azadlığın əlindən alınması ən ciddi cəzadır. Cəmiyyətin əksəriyyəti hüquqşünas deyil və çox vaxt öz hissləri ilə hərəkət edirlər.

Qanunvericilik təşəbbüsü ilə 40 min vətəndaşın konstitusion hüququna əsaslanaraq, ölüm hökmünün bərpası ilə bağlı qanun layihəsinin Milli Məclisə təqdim  olunması mümkündür. Nəticədə, bu məsələyə dair qərar verildikdə, qanunvericiliyə dəyişikliklər edilə bilər. Parlament ya paketi müzakirə edib qəbul edəcək, ya da rədd edəcək. Ümumilikdə, cəmiyyətin bu məsələyə həssas yanaşması təbiidir. Hazırda ölüm hökmü Konstitusiyada qalır, amma cinayət qanunvericiliyində bunun tətbiqi ilə bağlı cəza nəzərdə tutulmur”.  

Seçilən
10
referans.az

1Mənbələr