ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Məktəblilərimiz hər il müxtəlif beynəlxalq fənn olimpiadalarında iştirak edirlər. Beynəlxalq fənn olimpiadalarında ölkəmizi təmsil edəcək komanda respublika fənn olimpiadalarında yüksək nəticə göstərmiş şagirdlər sırasından seçim əsasında formalaşdırılır”.
Bunu Təhsil İnstitutu 525.az-a məktəblilərimizin 66-cı Beynəlxalq Riyaziyyat Olimpiadasında medal qazana bilməməsi ilə bağlı səslənən fikirlərə münasibət bildirərkən deyib.
Qeyd edilib ki, beynəlxalq olimpiadalara hazırlıq mərkəzində yerli və əcnəbi mütəxəssislər tərəfindən həmin şagirdlərin hazırlıq prosesi həyata keçirilir:
“Sözügedən olimpiadada iştirak edən komandamızın nəticələri tərəfimizdən təhlil edilir və çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görüləcək”.
Məlumatda əlavə olaraq bu da bildirilib ki, son 5 ildə sözügedən Beynəlxalq Riyaziyyat Olimpiadasında məktəblilərimiz 2 gümüş və 8 bürünc olmaqla ümumilikdə 10 medal qazanıblar.
Bundan başqa, Azərbaycan məktəbliləri 2024-2025-ci tədris ilində riyaziyyat fənni üzrə bir neçə beynəlxalq olimpiadada iştirak edib və uğurlu nəticə göstəriblər.
Sevinc Qarayeva
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.