“Rusiyanın 102-ci hərbi hissəni gücləndirməsində təəccüblü heç nə yoxdir” - Şair Ramaldanov
“Rusiyanın 102-ci bazanı yeni silahlarla təchiz etməsi Cənubi Qafqazda vəziyyətin heç də sakit olmaması ilə bağlıdır. Rusiyaya görə, Cənubi Qafqazın sakitliyi Avropa missiyasının -mini NATO qüvvələrinin hazırda Ermənistanda yerləşməsi ilə pozulub. Ona görə də Rusiya regiondakı təhlükəsizliyini qorumaq üçün Ermənistanda yerləşən 102-ci bazasında gücünü artırır”.
Bunu Hafta.az-a hərbi ekspert Şair Ramaldanov son vaxtlar Rusiyanın 102-ci bazaya yeni silah-texnika gətirməsi ilə bağlı açıqlamasında bildirib.
Onun sözlərinə görə, regionla bağlı bir sıra maraqlı qüvvələr, o cümlədən Qərbin, Avropanın, xüsusən də Fransanın bu prosesə rəhbərlik etmək istəyi, Ermənistanı silahlandırması və ora hərbi mütəxəssislərin gətirilməsi Rusiyanın regiondakı mövqeyini gücləndirmək istəməsini tamamilə məntiqli edir:
“Uzun müddət idi ki, 102-ci bazanın döyüş qabiliyyəti ciddi şəkildə diqqətə alınmırdı. Belə olduğu halda regiona aidiyyəti olmayan qüvvələr gəldi və hətta Rusiyanın regiondan çıxarılması ilə bağlı fikirlər irəli sürüldü. O cümlədən, erməni cəmiyyətinin bu istiqamətdə fikirlərinin haçalanması Rusiyanı bu addımları atmağa bir qədər də həvəsləndirdi”.
Ş.Ramaldanov bildirib ki, II cəbhə haqqında danışılanda Rusiyanın regionda öz maraqlarını müdafiə edəcəyi deyilirdi. Rusiya tərəfindən atılan addımlar onu göstərir ki, o, regionda əsas oyunçu kimi qalmaq istəyir və maraqlarını müdafiə etmək üçün yetərli qədər güc toplayacaq.
Ş.Ramaldanov qeyd edib ki, Ermənistanda keçiriləcək seçkilərə iqtidarlı-müxalifətli, ruspərəst, antirusiya qüvvələr - hər kəs hazırlaşır. Onun fikrincə, bu prosesi daim nəzarət altında saxlamaq üçün nümayişkarənə tədbirlərin keçrilməsi də istisna deyil.
Ş.Ramaldanov dünyada gedən geosiyasi proseslərin fonunda Rusiyanın Ermənistanda yerləşən hərbi bazasını gücləndirmə cəhdlərini nə təəccüblü, nə də təsadüfi saymayıb. Qeyd edib ki, böyük dövlətlər II dünya müharibəsindən sonra özünün nəzarət dairəsini müəyyənləşdrib, bəlkə də razılaşdırıblar. Onun fikrincə gedən proseslər bir çox hallarda bu haqda düşünməyə imkan yaradır:
“Rusiya həmişə Cənubi Qafqaz regionuna böyük maraqla yanaşıb və bunu açıq şəkildə göstərib. Rusiyanın bütün siyasi addımları regionla bağlı planının bir parçasıdır. Rusiya regionda 3+3 formatının üzvüdür. Zəngəzur dəhlizində maraqlıdır və hətta üçtərəfli bəyannaməyə əsasən dəhlizə nəzarət etməsinə dair üç ölkə rəhbərinin imzası var. Bu gün Rusiya həmin bəyannaməni əsas götürərək heç bir kənar qüvvənin Zəngəzur dəhlizinə müdaxilə etməsini qəbul etməyəcəyini bildirib.
Regionda gedən gərgin proseslər, eləcə də Ukrayna ilə müharibə Rusiyanın 102-ci bazaya diqqətini bir qədər azaltmışdı. Ancaq Ukraynada inamlı irəliləmə, eləcə də əsas güclərin koalisiyasında çatların olması Rusiyanı Cənubi Qafqazda ürəkləndirib. Paşinyanın çoxşaxəli siyasəti və əlavə oyunçuların ola biləcəyi ilə bağlı ehtimallar da Rusiyanın Ermənistandakı hərbi bazasını gücləndirməsini istisana etmir".