AZ

Dənizlər fatehi Türkan Turan yazır

525.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Türkan TURAN

Osmanlı donanmasının önəmli komandirlərindən biri, Uluç Əli Rəis kimi də tanınan Kılıç Əli Osmanlı dövlətində kapitan-ı dərya vəzifəsində idi. Özü də nə yunan idi, nə erməni, tərtəmiz italyan idi. İtaliyanın kəndlərindən Kalabridən olan Uluçun əsl adı Covanni Dionik Qaleni idi. 1500-cü illərin əvvəllərində doğulduğu ehtimal edilir. Kiçik yaşlarında dini təhsil almaq üçün ailəsi tərəfindən Neapola göndərilərkən Əlcəzirəli Əli Əhməd Rəis tərəfindən əsr götürülür. Bir daha nə kəndini görür, nə ailəsini. İlk vaxtlar ona Uluç ləqəbi verilir. Uluç müsəlman üzlü kafir deməkdir. Piratlıq edən xrsitian dənizçilər belə çağırılırmış. Uluç Əli müsəlmanlar tərəfindən əsr götürüldükdən sonra islamı qəbul edir, piratlıqla məşğul olur və tezliklə Osmanlı donanmasına qatılır.

Fəthlər, zəfərlər və zirvə...

İlk vaxtlar Turgut Rəis ilə işləməyə başlayır. Onunla birlikdə Trablus fəthinə qatılır. Neapol, Siciliya hərəkatına qoşulur. Ordan da Turgut Rəis ilə birlikdə ilk dəfə İstanbula gəlir. Orduda göstərdiyi şücaətlərinə görə, Tərsanəyə rəis təyin edilir. Ancaq bu, onun üçün həddən artıq oturaq iş idi. Bir neçə il sonra Ağdəniz donanmasına qatılır. Arxasınca Malta mühasirəsinə qoşulur. Uğuru uğurunu təqib edir. Tezliklə İzmir bəylərbəyi, yeddi il sonra isə Əlcəzirə bəylərbəyi olur. Sonra yenidən Osmanlı donanmasına qoşulur və Kıprıs fəthində iştirak edir. Ardından Pertev Paşa və Əli Paşa ilə Rodosa gedir, Girit sahillərini vururlar. Osmanlılara qarşı Xaçlı Ordusunun yaxınlaşdığı xəbərinin gəlməsi ilə işlər qarışır. Uluç Paşa savaşın açıq dənizdə olmağını təklif edir, ancaq o dönəmki kapitan-ı dərya (dənizlərin baş komandiri) Əli Paşa bunu qəbul etmir. O da əmrə tabe olur, amma bütün gücünü ortaya qoyur, düşmənin sol qolunu dağıdır və maltalıların kapitan gəmisini ələ keçirir. Ardınca Sinan Paşa ilə birlikdə Ağdənizə çıxır. İtaliya və Sicilya sahillərinə vurur. Ancaq ən əhəmiyyətlisi İnebaxdı savaşından sonra İspaniyanın geri aldığı Tunii La Qoulatta qalası ilə birlikdə otuz üç gün sürən mübarizədən sonra yenidən ələ keçirməyə müvəffəq olur. Bununla da Berberi sahilləri Osmanlının üçüncü əyaləti olur və Kılıç Əli Paşa zirvələrə ucalır. Paşanın yaşadığı həyata heyran qaldım. Bəzən kriz kimi görünən nəsnə insanın ən böyük fürsəti olur. Ola bilər ki, bunu o an görə bilmirsən, illər sonra dönüb arxaya baxanda heç bir şeyin təsadüf olmadığına əmin olursan. Eynilə Kılıç Əli Paşa kimi... rahib olmaq üçün yola çıxır, Osmanlı İmperatorluğun ən önəmli adamına çevrilir.

Memar Sinan əsəri

Paşanı kəşf etməyimə səbəb mütəmadi getdiyimiz Karaköydə, yolun kənarında ucalan və onun adını daşıyan Kılıç Əli Məscidi oldu. Memar Sinana inşa etdirdiyi bu abidə, sanki açıq hava altındakı sənət əsəridir. Üzərindəki kitabədən də öyrənirik ki, 1580-ci ildə inşa edilib. Bura eyni zamanda türbə, mədrəsə, hamamdan ibarət külliyyədir. Abidə, qübbənin iki yanındakı yarım qübbələr və digər iki yanındakı kəmərlər, dəstək divarları ilə Ayasofya məscidinin kiçik versiyasına bənzəyir. Mehrab tərəfdəki çinilər İznikin parlaq dönəminin məhsuludur. Giriş, pəncərə üstləri və mehrab üstü işlər Qarahisar məktəbinin son təmsilçisi olaraq qəbul edilən xəttat Dəmirçiqulu Yusif Əfəndiyə aiddir. Məscidin qarşısındakı Topxana çeşməsi ilə hormoniya təşkil edən abidənin bağında qəbiristanlıq mövcuddur. Qeyd edim ki, Paşanın da məzarı buradadır, 1587-ci ildə vəfat etdikdən sonra burada dəfn edilir.

Məscidin qeyri-adi hekayəsi

Böyük işlərə imza atan Dənizlərin Kapitanının Memar Sinana inşa etdirdiyi məscidin yer seçimi və inşa hekayəsi də olduqca maraqlıdır. Hətta deyərdim ki, beləsinə ilk dəfə rast gəlirəm. Kılıç Əli Paşa öz adına məscid inşa etdirmək fikrinə düşür. Bunun üçün bir neçə dəfə Sultan III Muradın hüzuruna çıxır və bu iş üçün ona yer təsis edilməsini istəyir, lakin bu istəyinə heç cürə nail ola bilmir. Kapitan yenə ümidini itirmir və təkrar hüzura çıxır. Axırda Sultan deyir ki, "sən dəryaların sərdarısan, get öz məscidini sərdarı olduğun dənizin üstündə inşa et. Yoxsa sənə quru ərazidən bir qarış torpaq belə verməyəcəm". Kılıç Əli Paşa deyir ki, "Hökmdarım, madəm ki, bizim evimiz, məkanımız dəryalardır, o halda məbədimizin də dəryalar üzərində inşası doğru olar" cavabını verir və çıxır. Bu dialoq qarşısında insan zəkasına heyran qalmamaq əldə deyil. Yəqin ki, bu söz bu günün insanına belə bir söz deyilsə, düşünər ki, "hər halda prezident bu addımı atmağımızı istəmir deyə bu cür deyir, ən yaxşısı, bu işə qol qoymamaqdır". Bəlkə də, yanılırım, bilmirəm, amma o dönəm insanının zəkası ilə bu dönəm insanı arasında ciddi fərq var. Bəlkə də, o dönəm insanlarının hədəfi, kökləndiyi nöqtələr, xərcləyəcəyi enerjilərin ünvanı bəlli idi. Amma bu günün insan bir yerdə oturur, min yerə iy salır. Mövzudan yayınmadan qayıdaq məsələmizə... bu dialoqdan sonra Kılıç Əli Paşa hərəkətə keçir. Bu gün məscidin yerləşdiyi Topxananın qarşısına gəlir. O vaxtlar buralar dənizə aidmiş, yəni su imiş. Dövrün böyük Memarı Sinan ilə bir neçə dəfə əraziyə gəlib baxırlar. Axırda dənizin bu qismini dolduraraq üstündə məscid inşa etməyə qərar verirlər. Daş, torpaq, beton yığınını dənizə doldururlar və məscidin təməlini atacaq zəmini yaradırlar. Bu da dəniz üstündə inşa edilən ilk məscid olaraq tarixə keçir.

Kılıç Əli Paşa Məscidi necə Ayasofya oldu?

Məscidin Ayafoyanın kiçik modeli olmasına gəldikdə isə bunun da hekayəsi var. Belə ki, o dönəmdə padşah Memar Sinandan Ayasofyanı zəlzələyə qarşı gücləndirməsini istəyir. Ayasofyanın necə inşa edildiyini bilməyən Memar Sinan Padşaha deyir ki, "hökmdarım, Ayasofyaya toxunsaq, dağılacaq. Əmrinizi yerinə yetirməyim üçün əvvəlcə onun bənzərini inşa etməliyəm ki, sonra belə bir işə girişə bilim". Buna görə də, Memar Sinan Kılıç Əli Məscidini inşa edərkən Ayasofyanı model alır. Mənə elə gəlir ki, Memar Sinan onun öyrəndiyim hər an məni təəccübləndirməyə və özünə heyran qoymağa davam edəcək.

Ani qərar

Məscidin inşasında olduğu kimi, hamamın inşa edilməsi də maraqlıdır. Əslində burada hamam nəzərdə tutulmayıbmış. Necə baş verdiyinə gələk; Kılıç Əli Paşa məscidin inşa prosesini tez-tez yoxlayırmış. Bir gün yenə inşaat yerinə gəlir, işçilərin iş prosesini kontrol edərkən gözü bir fəhləyə sataşır. Xoş çöhrəli, saf Anadolu insanı olan bu fəhlə kürəyinə ağır daş alıb yuxarıya çıxdığını, yuxarı çatanda daşı yerə qoymadan bir qədər fikirləşəndən sonra təkrar alıb qucağına aşağı endirdiyini görür. Vəziyyətdə anormallıq olduğunu sezən Paşa fəhləni yanına çağırır, elədiyi hərəkətin səbəbini soruşur. Paşanı tanımayan fəhlə deyir ki, "əfəndim, mən burada fəhləyəm, pulla işləyirəm. Bu tikinti də mübarək məscid olacaq. Mən isə bu gecə kirlənmişəm. Ətrafa toxuna bilməyim üçün qüsul almalıyam. Ancaq buralarda bir dənə də olsun hamam yoxdur. İşi qoyub uzaq yerə hamama getsəm, həm qazancımdan olacam, həm də işi başımdan eləmiş olacam və aldığım pul halalım olmayacaq. Belə bir vəziyyətdə bu daşın məscidin divarına qoyulmağına könlüm razı olmur. Buna görə də, çox müşkül haldayam". Fəhlənin səmimiyyətindən təsirlənən Paşa kövrəlir. Özünü tanıdır və gəncə pul verir, onu başqa səmtdəki hamama göndərir. Sonra Memar Sinanın yanına gedir: "Memarım, muradım odur ki, burada təcili bir hamam inşa edilsin. Qoy məscid inşası bir az geciksin. Hamamı Allah rizası üçün insanların xidmətinə verək, savabına gəlib təmizlənib, paklansınlar. Sonra məscidi tamamlayarıq" deyir. Beləliklə, hamamın inşası başlayır. Paşanın dediyi kimi olur; əvvəlcə hamam tikilir, sonra məscid tamamlanır.

Kılıç Əli Paşanın sızıldayan sümükləri

Karaköyə mütəmadi gedirik. Məkanların yolu bu məscidin yanından olduğuna görə, hər dəfə qapısının önündən keçməli oluruq. Yaxınlarda eyni yerdən yenə keçməli olduq, baxdıq ki, hamamın qapısı açıqdır. Çünki hələ də fəaliyyətdədir. Rəfiqələrim qiymətlə maraqlanaq dedilər. Qiymətin yüksək olduğunu, vaxt itirməməyi söylədim. Çünki köhnə qapını çıxarıb, girişə şüşəli və turist cəlb edən qapı çərçivəsi qoyublar. Qızlar yenə də, dəqiqləşdirmək istədilər. Məndən demək, dedim, üstələmədim. Birdə gördüm suları süzülmüş halda geri qayıdırlar, uşaqlar 100 manat, böyüklər 300 manat ödəməklə hamamdan istifadə edə biləcəklərini öyrənmişdilər. Belə qaynar nöqtədə yerləşən möhtəşəm abidələrin hərəsi bir "at oğrusu" olan biznesmenin əlindədir. Fantastik qiymətlər təyin edirlər, bütün qazancı da ərəblərə hesablayırlar. Nəticədə tarazlıq pozulur. Halbuki bir vaxtlar bu hamam savab olsun deyə tikilib, Allah bilir, bəlkə də, Paşanın sümükləri sızıldayır.

Külliyəyə gəldikdə isə... dünən inşa edilmiş kimi sağlam, möhkəm görünür. Yüz illərdir nə daşı əyilib, nə divarı çatlayıb. Təbii ki, yüksək səviyyədə restavrasiya edilib. Amma işin sirri yenə də Memar Sinanda bitir. Dənizi doldurub, üstündə belə bir abidə tikmək hər adamın hünəri deyil. Elə texnologiyanın inkişaf etdiyi bu günün özündə belə...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
525.az

1Mənbələr