Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.
Yazıçılar Birliyinin sədri Anar başqa bir yazıçının - yaxın dostu Elçinlə vida mərasimində ağladı. Anar: "Bilmirəm, mən kimə zəng edib, mərhəm sirrlərimi deyə biləcəm".
Mən isə bilmirəm, yazıçı Elçin Anarın hansı sirrlərini bilirdi. Onu da bilmirəm ki, Anarın bu yaşda daha hansı sirrləri var. Ümumiyyətlə, 87 yaşındakı adamın hansısa mərhəm sirrləri ola bilər, ya yox?! Bir söz deyə bilmirəm. Yəqin möcüzə baş versə, 87 yaşa çatsam, bəlkə onda bilərəm. Ancaq məsələ bu deyil.
Məsələ 87 yaşında həyatını yaşayan bir yazıçının 82 yaşında həyatdan getmiş yazıçı haqqında vida nitqidir.
Bir neçə gün əvvəl itirdiyimiz Arif Babayevin də 87 yaşı vardı. Bu yaşların psixolojisi də fiziolojisi kimi fərqli olur. Yaşı səksəni keçən adam, əlbəttə, öz dostlarının vida mərasimlərində çıxış etməklə "cəzalanır". Ancaq məzarlıqlara gedib baxanda, bizə başdaşlarından susqun baxan xeyli gənc adam görürük. Uşaqlarda şəkərli diabet həndəsi silsilə ilə artıb. Qəfil ürəktutmadan gedən nə qədər cavan adam tanıyıram. Xalq yazıçımız Milli Onkologiya Mərkəzinə, Allah eləməsin, müayinə və müalicə üçün yox, müşahidə üçün getsə, görəcək yazıçısı olduğu xalq ordadır. Amma heç bu xalqın halına yanan yoxdur. Anar bundan sonra sirrini kimə deyəcək, bilmirəm. Bu, Anarın problemidir. Bəs xalq dərdini kimə desin?! Əsl problem budur. Çünki böyük-böyük xalq yazıçıları "ağ adam" statusunda, cah-cəlal içində 80 və daha çox yaşayır. Allah daha da uzun ömür versin!
Bəs işsizlikdən, yoxsulluqdan, stressdən sürətlə qocalıb, 80 yaşlı qocaya oxşayan cavanların dərdini kim dinləyəcək?!
Bir xalq artisti dövlətdən 6 dənə ev alır, sonra dünyadan köçəndə hamı "böyük sənətkar" deyib, dalınca ağlayır. Bəs evsiz-eşiksiz, kirayələrdə sürünən cavanların halına kim ağlayacaq?! Heç o xalq yazıçısı xalqın bu hissəsi haqda düşünübmü?! Vaxtından əvvəl qocalan cavanların problemlərini "yuxarı"lara çatdırıbmı?! Yazıb gündəmə gətiribmi?!
Bax, əsl burda Qəribi ağlamaq tutur...
Seyid Əhmədli, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.