AZ

Nəbatat Bağında ilan qalmaqalı: Təxribat, yoxsa real təhlükə?

Bizimyol saytına istinadən ain.az xəbər verir.

Bir neçə gün əvvəl Mərkəzi Nəbatat Bağında bir uşağı ilanın sancması ilə bağlı yayılan məlumatlar sosial şəbəkələrdə rezonans doğurdu.

Hadisə barədə yayılan görüntülər və şahidlərin dedikləri geniş müzakirələrə səbəb oldu. Valideynlər narahat, ictimaiyyət həyəcanlı, rəsmi qurumlar isə təmkinli və... təkzibçidir.

İlk baxışdan məsələ aydındır. Valideyn iddia edir ki, uşaq Mərkəzi Nəbatat Bağında gəzərkən onu ilan sancıb. Xəstəxanaya aparılıb, uşağa tibbi müdaxilə olunub. Bu zaman baş verənlər kamera ilə lentə alınıb, videolar sosial şəbəkələrdə yayılıb. Məsələnin mahiyyəti isə ondan sonra başlayır. Belə ki, bağ rəhbərliyi bu hadisəni “təxribat” adlandırır.

Onların iddiasına görə, bu cür halların məqsədi bağın nüfuzuna xələl gətirməkdir. Sual yaranır. Əgər hadisə yalandırsa, niyə eyni gün və ya ertəsi gün ərazidə dezinfeksiya və zərərverici canlılara qarşı dərmanlama işləri aparılır? Əgər hər şey qaydasındadırsa, təhlükə yoxdursa və bu sadəcə qaralama cəhdidirsə, nə üçün tədbir görülür? Yox əgər tədbir görülürsə, deməli, təhlükə ehtimalı mövcuddur. O halda hadisənin üzərini "təxribat" damğası ilə örtməyə çalışmaq, məsuliyyətdən yayınmaq, etirafdan qaçmaq və ictimaiyyəti kiçiltmək cəhdidir.

Bu cür yanaşma, əslində, Azərbaycan reallığında çox yayğındır. Problem baş verirsə, iki addım atılır: inkar və kosmetik tədbir.

Şəhərin mərkəzində, ailələrin övladlarını əminliklə apardığı bir məkanda təhlükəli canlıların olması cəmiyyət üçün ciddi siqnaldır. Təbii ki, istənilən açıq təbiət mühitində ilan və digər canlılar ola bilər. Amma bunun qarşısını almaq üçün vaxtaşırı profilaktik tədbirlər görülməli, ictimai yerlərdə isə bu kimi hallar üçün ilkin yardım məntəqələri qurulmalıdır. Hadisədən sonra yox, hadisədən əvvəl hərəkətə keçmək lazımdır.

İndiki halda bağ rəhbərliyi ictimai narahatlığı yatırtmaq əvəzinə, onu daha da alovlandırır. “Təxribat” demək, hadisənin reallığını və valideynlərin yaşadığı qorxunu kiçiltməkdir. Ən azı, “Hadisə araşdırılır, təhlükənin təkrarlanmasının qarşısını almaq üçün tədbirlər görülür” kimi bir yanaşma daha dürüst və inandırıcı olardı.

İlanın olub-olmaması deyil, cəmiyyətin təhlükəsizlik duyğusunun zədələnməsi əsas problemdir. Bu isə “təxribat” etiketi ilə yox, etiraf, şəffaflıq və fəaliyyətlə həll olunur.

Leyla Mirzə

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
46
bizimyol.info

1Mənbələr