Bu günlərdə “ASK Arena” adlanan köhnə “Şəfa” stadionunun qazonu təmir edilərkən orada bəzi şəxslərə cadu-piti edildiyinin izləri aşkarlanıb.
Bu barədə yayılan xəbərlərdə bildirilirdi ki, həmin cadu keçmiş “Keşlə”, indiki “Şamaxı” klubunun sabiq baş məşqçiləri Yunis Hüseynov və Sənan Qurbanova qarşı edilib.
Məhz onların şəkilləri və adları yazılmış cadu süni qazonun altından tapılıb. Cadu materialında “Keşlə”nin əməkdaşı Eldəniz Yusifovun da adı olub.
Ehtimal olunur ki, bunu həmin vaxt “Keşlə”nin uğursuzluğunu istəyən, kluba baş məşqçi gəlmək arzusunda olan azərbaycanlı məşqçilərdən biri edib.
Qeyd edək ki, bu ilk cadu əməli deyil. Ümumiyyətlə, falçılara ehtiyac niyə azalmır?
İlahiyyatçı Tural İrfan Hit.az-a deyib ki, dinimizə görə falçılıq günah əməllərdəndir. Cadu, sehr kimi işlərə yer yoxdur:
"Ancaq təbii ki, insanlar hamısı dinin qaydalarına riayət etmir və çox zaman caduya meyl edir. Məqsədə daha asan yolla çatmaq arzusu ilə cadugər və sehrkarla üz tutanlar, falçılara müraciət edənlər var. O ki, qaldı cadunun təsirinə, bəli bu müəyyən mənada var. Cadunun təsirini din təsdiq edir, özü də qəti olaraq. Elm də tam inkar etmir. Mənfi enerjinin yönləndirilməsi, psixoloji təsir kimi amillər mövcuddur. Müxtəlif üsullarla, vasitələrlə cadu etmək hələ qədim zamanlardan mövcud olub. Hətta şahlar, fironlar da sarayda falçılar, cadugərlər, kahinlər saxlayıblar.
Ola bilər, futbolçulara cadu ediblər ki, yaxşı oynaya bilməsinlər yaxud oradan uzaqlaşsınlar. Yəni, mənfi enerjini onlara yönəldiblər, beləcə insanlarda onlara qarşı mənfi fikir yaranıb. Yəni, bu kimi hallar elmlə tam təsdiq olunmasa da bəzi nəticələr və faktlar tam inkar etməyə də əsas vermir. Lakin hər bir halda bu şeytan əməlidir. Cadu ilə kiməsə təsir etmək günah və şeytani işdir. Ancaq aurası möhkəm, Allaha yaxın adamlara belə şeylər təsir edə bilməz. Kim inanırsa , ona daha çox təsir edir. Yəni, cadunun onu məhv edə biləcəyinə inanan şəxslərdə daha böyük iz qoya bilir. Çünki, bu bir növ psixoloji təsir vasitəsidir. İndi ola bilsin şəkilləri oradan tapılan adamlar da narahat olub, həmin cadunu təmizlətmək uğrunda zəhmət çəkəcəklər. Quran oxuyan, ibadəti, imanı yerində olan şəxslərə heç bir narahatlıq yoxdur. Təmiz və doğru adama, qiybət etməyən, ara vurmayan, ev yıxmayan, şər yaxmayan, şeytandan uzaq adama heç bir cadu təsir edə bilməz. Çünki , aləmdə hər şey Allahın iradəsi və izni ilədir. Əgər kimsə pis aqibəti haqq etmirsə, Allah ona xətər gəlməsinə heç bir vasitə ilə imkan verməz".
Sevinc