AZ

Azərbaycanda ölüm hökmü bərpa oluna bilər?

Dünyanın bir sıra ölkələrində ölüm cəzası hələ də qüvvədə olsa da, Azərbaycan bu məsələdə fərqli mövqe sərgiləyən dövlətlərdəndir. Respublikamız ölüm hökmünü tamamilə ləğv edən ilk müsəlman ölkələrdən biri kimi tarixə düşüb. Mütəxəssislər hesab edir ki, bu qərar insan hüquqlarının müdafiəsi sahəsində atılmış mühüm addımlardan biridir və hazırda ölüm cəzasının ölkədə bərpası real görünmür. Hüquqşünas Elşad İsayev Metbuat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda ölüm hökmü artıq 25 ildən çoxdur ki, qüvvədən düşüb və bu qərarın hüquqi əsasları kifayət qədər möhkəmdir:“Bizdə ölüm hökmü ləğv olunub. Konstitusiyamızda hər kəsin yaşamaq hüququ təsbit edilib. Eyni zamanda, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədlərindən biri kimi ifadə olunub. Bu çərçivədə İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin 3-cü, “Mülki və Siyasi Hüquqlar Haqqında” Beynəlxalq Paktın 6-cı, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında” Konvensiyanın 2-ci maddəsində hər bir insanın təbii və ayrılmaz hüququ kimi təsbit olunan yaşamaq hüququna Azərbaycanın qanunvericiliyində əsaslı təminatlar verilib. İnsanın həyatdan məhrum edilməsi yolverilməz hesab olunur, qanunvericilikdə isə ölüm cəzası daimi cəza növü kimi nəzərdə tutulmur”.Elşad İsayev qeyd edib ki, ölüm hökmünün ləğvi ilə bağlı təşəbbüs mərhum prezident Heydər Əliyev tərəfindən irəli sürülüb:“1998-ci il fevralın 3-də mərhum prezident Heydər Əliyev ölüm hökmünün ləğv edilməsi təşəbbüsü ilə Milli Məclisə müraciət edib və bu təklif parlamentdə dəstəklənib. Elə həmin tarixdə “Azərbaycan Respublikasında ölüm cəzasının ləğv olunması ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət, Cinayət-prosessual və İslah-əmək məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında” qanun layihəsi Milli Məclisə təqdim edilib. 1998-ci il fevralın 10-da isə bu layihə qəbul olundu və Azərbaycan Şərqdə ölüm cəzasını ləğv edən ilk ölkə kimi tarixə düşüb.”Hüquqşünasun sözlərinə görə, bu qərar təkcə milli səviyyədə deyil, beynəlxalq öhdəliklər kontekstində də möhkəmləndirilib:“2001-ci il dekabrın 25-də Azərbaycan “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında” Konvensiyaya və onun 1, 4, 6 və 7 saylı protokollarına qoşulmaqla ölüm cəzasının ləğvini təsdiq edən daha bir hüquqi mexanizmə daxil olub. Xüsusilə də, 6 saylı Protokol ölüm cəzasının tamamilə ləğvini nəzərdə tutur. Bu baxımdan hazırda respublikamızda ölüm hökmünün yenidən bərpası həm hüquqi, həm də mənəvi baxımdan ağlabatan deyil və demək olar ki, mümkünsüzdür", - deyə o qeyd edib.

Ülkər Cəlilzadə / Metbuat.az

Seçilən
4
metbuat.az

1Mənbələr