AZ

Süni intellekt qara qutu kimi ÇALIŞIR

News24 portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Süni intellekt (AI) sürətlə inkişaf edir və gündəlik həyatımızın bir çox sahəsinə daxil olur. Bu texnologiyalar böyük imkanlarla yanaşı, müəyyən risklər də yaradır. Bəs AI sistemlərini idarə etmək mümkündürmü? Mütəxəssislərin fikrincə, bəli, müəyyən dərəcədə mümkündür".

Bu fikirləri News24.az-a açıqlamasında informasiya texnologiyaları üzrə mütəxəssis Fərid Əmirov deyib.  

Onun sözlərinə görə, hazırda süni intellekt sistemlərini nəzarətdə saxlamaq üçün bir sıra üsullar mövcuddur: 

"Məsələn, bəzi sistemlər qərar verməzdən əvvəl insanın təsdiqini tələb edir. Digərlərində isə proqramçılar əvvəlcədən sərhədlər müəyyənləşdirir və AI bu sərhədləri keçə bilmir. Əlavə olaraq, bəzi texnologiyalarda süni intellektin verdiyi qərarı başa düşmək və izah etmək mümkündür. Ən əsası sistem təhlükəli və ya səhv işləməyə başlayarsa, onu tamamilə dayandırmaq mümkündür".

Ekspert bu sahədə çətinliklərində az olmadığını vurğulayıb. O qeyd edib ki, bəzi süni intellekt sistemləri “qara qutu” kimi fəaliyyət göstərir. Yəni, onların hansı əsasla qərar verdiyini izah etmək çox çətindir: 

"Bundan əlavə, süni intellekt zamanla özü öyrənərək davranışını dəyişə bilər. Gələcəkdə daha inkişaf etmiş, “super-ağıllı” sistemlər yaranarsa, onların idarəsi daha da mürəkkəbləşəcək.

Gözləntilərə gəlincə, süni intellektin tətbiq sahələri genişlənəcək. Sürücüsüz avtomobillər, ağıllı robotlar, tibbdə diaqnostika, hərbi sahədə analizlər və daha çoxu bu texnologiyadan istifadə edəcək. İnsanlarla AI sistemləri birgə çalışaraq qərarvermə prosesini daha effektiv edə biləcək. Lakin təhlükələr də artacaq. Saxta videolar (deepfake), süni intellektlə gücləndirilmiş haker hücumları və digər kibertəhlükələr bu siyahıya daxildir".

Mütəxəssis ilk növbədə süni intellekt texnologiyaları üçün təhlükəsizlik və nəzarət qaydalarının hazırlanmalı olduğunu bildirib: 

"Bu texnologiyalar yalnız qanunlar, etik prinsiplər və texniki normalar çərçivəsində idarə oluna bilər. Bundan əlavə, beynəlxalq əməkdaşlıq və ümumi qaydaların uyğunlaşdırılması da vacibdir.

Süni intellektin gələcəyi həm fürsətlərlə, həm də risklərlə doludur. Əgər bu texnologiyadan səmərəli və təhlükəsiz istifadə olunmasını istəyiriksə, artıq bu gündən tədbir görmək lazımdır".

Xeyrənsə Piriyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
1
news24.az

2Mənbələr