“Bayer”in 24 yaşlı çex mərkəz hücumçusu Patrik Şik Leverkuzen klubu ilə müqaviləsinin müddətini rəsmən uzadıb.
Arena.az bu barədə “Bayer”in mətbuat xidmətinə istinadən məlumat verir.
Yenilənmiş müqavilənin müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.
Patrik Şik Praqa “Sparta”sının məzunudur. Hücumçu, karyerası ərzində Praqa “Bohemians”ı (icarə), “Sampdoriya”, “Roma”, “Leypsiq” (icarə) və “Bayer”də çıxış edib.
“Bayer” Şiki 2020-ci ilin sentyabr ayında 26,50 milyon avro məbləğ müqabilində “Roma”dan tamhüquqlu əsasda “əczaçılar”ın düşərgəsinə qatıb.
Geridə qalmış mövsümdə Patrik “Bayer” üçün 45 oyun keçirib, 27 qol vurub, 1 məhsuldar ötürmə verib.
Şik 2016-cı ilin may ayında debüt etdiyi Çexiya yığmasının heyətində 46 oyuna 24 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 24 yaşlı çex mərkəz hücumçusunun transfer dəyərini 27 milyon avro məbləğində qiymətləndirir.

