Azərbaycanda işsizlik və məşğulluq ilə bağlı hansı problemlər var? Bu istiqamətdə vətəndaşların bilməli olduqları məqamlar nələrdir? Həmçinin işsizlik və məşğulluqla bağlı dövlət və özəl sektorda hansı vacib yeniliklərin tətbiqinə ehtiyac var? Mövzuyla bağlı "Məşğulluq məsələləri üzrə ekspert" Vüqar Şahinoğlu REFERANS-ın suallarını cavablandırıb. Vüqar Şahinoğlu ilk olaraq suallara hissə-hissə aydınlıq gətirib.
Ekspert Azərbaycanda işsizlik və məşğulluq sahəsindəki başlıca problemlərdən danışıb. O bildirib ki, Azərbaycanda məşğulluq sahəsində əsas problemlər sistemli və funksional xarakter daşıyır. Qeyri-formal məşğulluq kölgə iqtisadiyyatına "xidmət" edir Yüzlərlə şəxs əmək müqaviləsi olmadan çalışır. Bu da onların sosial təminatlardan və hüquqi müdafiədən kənarda qalmasına səbəb olur. Xüsusilə mikro və kiçik bizneslərdə, əmək münasibətləri tez-tez şifahi razılaşma ilə aparılır. Qeyri-rəsmi əmək münasibətləri, xüsusilə mikro və fərdi sahibkarlar arasında geniş yayılıb. Əmək bazarına uyğun olmayan peşə bacarıqları, yəni təklif olunan işlə vətəndaşın ixtisası arasında uyğunsuzluqlar müşahidə olunur. Uzunmüddətli işsizlik və regionlararası məşğulluq fərqləri də aydın görünür.
Müsahibimiz deyib ki, vakansiya və göndəriş sistemi ilə bağlı real problemlər var. Praktikada rast gəlinən əlavə çətinliklər bunu göstərir. Dövlət Məşğulluq Agentliyinin (DMA) göndərişlərinin işəgötürənlər tərəfindən ciddi qəbul edilməməsidir. Bəzi işəgötürənlər (xüsusilə özəl şirkətlər və hətta bəzən bu publik hüquqi şəxslər də olur) DMA tərəfindən verilmiş rəsmi göndərişi 5 iş günü keçsə də rəsmən cavablandırmır. Bu da Məşhulluq Alt Sistemindən (MAS) göndərişin rəsmi olmasa da rədd edildiyi deməkdir. Mərkəzləzdirilmiş Elektron İnformasiya Sisteminə (MEİS) yerləşdirilən vakansiyalarla bağlı müraciət etdikdə işəgötürənlər işaxtaran və işsizlərə sadəcə şirkətin “Vakansiyalar” bölməsini izləmək və CV göndərmək tövsiyə edirlər. Belə olan halda rəsmi göndərişin hüquqi əhəmiyyəti zəifləyir. Vakansiyaların şəffaf olmaması və real mövcudluğu sual altına düşür. Bəzi hallarda isə MAS sistemində yerləşdirilən vakansiyalar faktiki olaraq artıq mövcud olmur və şirkət, müəssisə, təşkilatın insan resursları üzrə əməkdaşları və digər məsul şəxsləri bildirirlər ki, bu vakansiya elanından xəbərsizdirlər, ya da vakansiya bağlanıb. Bu zaman vətəndaşa göndəriş verilsə belə, hüquqi baxımdan real nəticə əldə olunmur. MAS-da göstərilən vakansiyalardan “ehtiyat kadr” üçün istifadə halları yolverilməzdir.
Eskpet eyni zamanda vurğulayıb ki, Dövlət Məşğulluq Agentliyinin MAS sistemində vakansiyalar yerləşdirilsə də, bəzi işəgötürənlər bu sistemə yalnız cərimədən yayınmaq üçün formal olaraq vakansiyalar daxil edir. Vətəndaşlara göndəriş verilir, lakin vakansiya faktiki olaraq mövcud olmur və ya yalnız ehtiyat kadr məqsədi ilə yerləşdirilir. Bəzi şirkətlər, xüsusən bəzi dövlət qurumları və publik hüquqi şəxslər vətəndaşların müraciətini işə qəbul yox, sadəcə ehtiyat kadr siyahısına daxil etmək üçün istifadə edir. Bu isə vətəndaşlarda gözləntilərin yanlış formalaşmasına və MAS sisteminə olan etimadın azalmasına səbəb olur.
Vüqar Şahinoğlu onu da diqqətə çatdırıb ki, əmək bazarında aktual ixtisaslara uyğun kadr çatışmazlığı var. Peşə təhsili sistemi real sektorun ehtiyaclarına cavab vermir. DMA tərəfindən təşkil olunan bir çox peşə kurslarında tədris proqramları köhnəlib və azsaylıdır. Əsas iş imkanları Bakı və Abşeron ətrafında cəmlənib. Regionlarda isə işsizlik səviyyəsi yüksək, əməkhaqqı isə aşağıdır. Təcrübəsiz gənclərin işə çıxış imkanı zəifdir. İşəgötürənlər çox zaman “təcrübəli” namizəd axtardığı üçün iş təcrübəsi olmayan gənclər əmək bazarına daxil ola bilmir. Təcrübə proqramları və ya dövlət dəstəyi ilə bu keçid mərhələsi yetərincə təşkil olunmayıb. İşəgötürənlərin sosial öhdəlik yükü ağırdır Rəsmi əmək müqaviləsi ilə işəgötürənin minimum əməkhaqqı üçün belə 25%-dək əlavə sosial ödəniş etməsi tələb olunur. Bu, əmək haqqının az göstərilməsi və ya ümumiyyətlə müqaviləsiz işə cəlbetmə hallarını artırır. Məhdud hüquqi nəzarət və cərimələrin yetərli deyil. İşəgötürənlərin MAS sistemində vakansiyalara cavab verməməsi və göndərişləri rədd etməsi faktiki nəzarətsiz qalır. “Məşğulluq haqqında” Qanunun tələblərinə əməl etməyənlərə tətbiq edilən cərimələr ciddi iqtisadi təsir gücünə malik deyil.Çünki cərimə məbləğləri azdır.
Bu istiqamətdə vətəndaşların bilməli olduqları məqamlar nələrdir?
Ölkəmizin hər bir vətəndaşı Azərbaycan Respublikasınin Konstitusiyasına əsasən, “Əmək Məcəlləsi” və “Məşğulluq haqqında” Qanunla rəsmi məşğulluq hüquqlarına malik olduqlarını bilməlidirlər. MAS sistemi vasitəsilə verilən göndərişlər real iş imkanı yaratmalı, işəgötürən tərəfindən gec olmadan cavablandırılmalıdır. Göndərişin məqsədi faktiki işə qəbul və ya ehtiyat kadr siyahısı üçün nəzərdə tutulub-tutulmadığı vətəndaş tərəfindən aydın şəkildə öyrənilməlidir. Bəzi dövlət qurumları üzrə dövlət qulluğuna işə qəbul məsələn, Dövlət İmtahan Mərkəzi (DİM) vasitəsilə elan olunan vakansiyalar üzrə yalnız imtahan və müsahibə mərhələlərini keçən şəxslər işə qəbul edilir. Eləcə də SOCAR kimi dövlət müəssisələri daxili imtahanlar əsasında namizədləri seçir və işə qəbul edir. İşaxtaranlar göndəriş aldıqları vakansiya və digər açıq iş yerləri barədə məlumatları tamamilə ödənişsiz olaraq onlayn şəkildə əldə edə bilərlər. Bunun üçün kifayət qədər iş elanı saytları var. Ancaq tez-tez yenilənən iş elanları saytlarına daxil olmalı və aktiv istifadə etdikləri elektron poçt ünvanları ( e-mail) vasitəsilə abunə olmalıdır. Həmçinin sosial.gov.az saytına daxil ola və ya e-sosial mobil tətbiqini Play Market və App Store-dan yükləyərək şəxsi kabinetlərinə daxil ola bilər. Digital Login (əvvəlki ASAN Login) vasitəsilə şəxsi kabinetə keçid etdikdən sonra “Məşğulluq” bölməsindən MEİS sisteminə, oradan da ƏMAS və MAS alt bölmələrinə keçid etməklə göndəriş verilmiş və mövcud vakansiyaları izləmək mümkündür. Müraciət etdiyiniz vakansiyanın statusunu (işə qəbul olunmusunuz, baxılmaqdadır, yoxsa imtina cavabı verilib) MAS sistemi üzərindən real vaxt rejimində yoxlaya bilərsiniz. Digital Login olmayan şəxslər digital.gov.az portalı və ya SİMA mobil tətbiqi vasitəsilə ödənişsiz qeydiyyat keçərək sistemə giriş əldə edə bilərlər.
Ekspert həmçinin deyib ki, işaxtaranlar dil bilgilərini gücləndirməlidirlər. Müəyyən iş yerlərində xüsusilə xidmət sektorlarında çalışmaq istəyənlər bilik və bacarıqları ilə yanaşı, psixoloji olaraqda hazırlıqlı olmalıdırlar. Bir neçə peşə və ya ixtisas üzrə bilik və bacarıqlara yiyələnsinlər. Xüsusilə süni intellektin (AI) meydana gəldiyi və sürətli inkişaf etdiyi dövrdə AI üzrə tələb olunan ixtisaslara yiyələnməlidirlər. Məntiqi və analitik düşüncələrini testlər və digər vasitələrlə inkişaf etdirməlidirlər.
İşsizlik və məşğulluqla bağlı hansı vacib yeniliklərə ehtiyac var?
Vergi və sosial ödəniş yükünün azaldılması əsas şərtlərdən biridir. VÖEN-lə fəaliyyət göstərən şəxslər üçün sadələşdirilmiş vergi 2%-dən 1%-ə endirilməlidir. Sabit vergi ödəyicilərinin (bərbər, pinəçi, təmirçi, qalayçı və s.) sabit ödənişləri azaldılmalıdır. Məsələn, VÖEN əsasında sadələdilişdirilmiş 2 faiz vergidən əlavə freelancer kimi fəaliyyət göstərən şəxs 300 manat aylıq gəlirindən əlavə təxminən DSMF və icbari tibbi sığorta ödənişləri daxil 100-120 manat ödəmə məcburiyyəti vətəndaşları qeyri-rəsmi fəaliyyətə yönəldir. Dövlət tərəfindən işəgötürənlər üçün rəsmi məşğulluğa təşviq mexanizmləri hazırlanıb tətbiq edilməlidir. Respublikada yeni iş yeri yaradanlara DSMF ödənişinin 50%-i 1-3 il arası müddətinə dövlət tərəfindən qarşılanmalıdır. Minimum əməkhaqqı ilə çalışan işçilər üçün işəgötürənə 1 illik sosial sığorta güzəşti verilməlidir. İş təcrübəsi olmayanlara dəstək mexanizmi hazırlanıb tətbiq edilməlidir. Təcrübəsiz şəxslər işə qəbul edilərkən ilk 6 ay dövlət minimum əməkhaqqı həcmində dəstək vermək olar. Bu model işəgötürən üçün riskləri azaldar, gənclər üçün daimi iş imkanı yaradar. MAS sisteminin şəffaflığının artırılmalı və qanuni gücləndirilməlidir. Bütün dövlət və publik hüquqi şəxslər vakansiyaları MAS-a yerləşdirməyə və ictimaiyyətə açıq elan etməyə qanuni daha sərt formada məcbur edilməlidir. DMA göndərişinə 5 gün ərzində cavab verməyənlərə qarşı Dövlət Əmək Müfəttişliyi tərəfindən İXM-in 540.2.( 500-1000 manat) və 540.3 ( 300-500 manat) 540.5 (100-200 manat) maddəsi ilə cərimə tətbiqinə ciddi əməl olunmalı və bu məbləğlər ən azı 5 dəfə artırılmalıdır. Faktiki olmayan vakansiyalar sistemdən silinməli, buna nəzarət edən monitorinq mexanizmləri gücləndirilməlidir. DƏMX faktiki nəzarət fəaliyyətini gücləndirməli, yoxlamaların sayı artırılmalıdır.
"Məşğulluq siyasəti real və effektiv nəticə verməlidirsə, bunun üçün üç əsas element təkmilləşdirilməlidir Maliyyə yükünün azaldılması rəsmi fəaliyyət üçün iqtisadi əsaslar yaranmalıdır. Vakansiya və göndəriş sistemində şəffaflıq və hüquqi məcburiyyət təmin edilməlidir. Qanun pozuntuları yüksək məbləğdə cərimələnməlidir, Yəni cərimə məbləğləri artırılmalıdır. Texnoloji və institusional nəzarət MAS sistemindəki məlumatlar real vəziyyəti əks etdirməlidir", - deyəVüqar Şahinoğlu fikirlərini yekunlaşdırıb.
Ləman Xalıqova