AZ

"BMT dərin böhran keçirir və təşkilatın gələcəyi sual altındadır" - Antoniu Quterriş

"Oxunmayan hesabatlar, kütləvi ixtisarlar və Trampın təzyiqi..."

Birləşmiş Millətlər Təşkilatı özünün ciddi struktur və maliyyə böhranı içində olduğunu rəsmən etiraf edib.

Moderator.az xəbər verir ki, bu barədə "tehnowar.ru" nəşri məlumat yayıb. 

Sistem iflic olub - israfçılıq və nəticəsiz sənədlər

BMT-nin 80 illiyinə həsr olunmuş hesabat və baş katib Antoniu Quterrişin çıxışları təşkilatın içindəki dərin problemləri açıq şəkildə göstərir: minlərlə sənəd hazırlanır, yüzlərlə iclas keçirilir, amma bu fəaliyyətin böyük hissəsi faktiki olaraq heç kim tərəfindən oxunmur və nəticə vermir.

2024-cü ildə BMT-də 27 minə yaxın iclas keçirilib, 1100 hesabat hazırlanıb. Gün ərzində 2300 səhifə sənəd istehsal edən bu sistemə üzv ölkələrin illik xərci 360 milyon dollardır. Lakin Quterrişin sözlərinə görə, bu hesabatların 95 faizi heç vaxt oxunmur və ya istifadə olunmur: yəni "çox yazılır, az oxunur".

Baş katib açıq şəkildə bildirib ki, BMT bu qədər resursu nəticəsiz proseslərə xərcləməklə əslində öz missiyasına zərbə vurur: "Biz iclas və hesabatlara aludə olmuşuq. Halbuki sual verməliyik: məhdud resurslarımızı doğrudanmı ən səmərəli şəkildə istifadə edirik?"

Trampın kəsintiləri və kütləvi ixtisarlar

ABŞ prezidenti Donald Trampın ikinci dönəmində BMT-yə qarşı sərt siyasət qlobal təsirlərə səbəb olub. ABŞ ənənəvi olaraq BMT büdcəsinin təxminən 22 faizini təmin edib. Amma Tramp bu maliyyəni dayandıraraq ABŞ-ı təşkilatın bəzi strukturlarından çıxarıb və bəyan edib: "Biz ABŞ maraqlarına zidd olan qurumlarda iştirak etməyəcəyik".

Bu addımların fonunda Quterriş 700 milyon dollarlıq ixtisar proqramı elan edib. Büdcə 3,7 milyard dollardan 2018-ci ildən bəri ən aşağı həddə endiriləcək. Təxminən 3 min əməkdaş işdən çıxarılacaq. UNICEF, UNESCO kimi qurumlar da böyük kəsintilərə hazırlaşır.

Bu plan rəsmi olaraq BMT-nin yubileyinə bağlansa da, əslində Tramp administrasiyasının sərt mövqeyinə əvvəlcədən uyğunlaşmaq üçün düşünülüb. Nyu-York Universitetinin ekspertlərinin fikrincə, bu, Quterrişin "UN 80" adlı cavab strategiyasıdır.

İxtisarlar etiraz doğurur, lakin alternativ yoxdur

BMT-nin Cenevrə ofisinin əməkdaşları artıq bu islahatlara qarşı etiraz edib və Quterrişə etimadsızlıq votumu veriblər. Onlar bu planın qeyri-müəyyən, strategiyasız və BMT-ni daha da bürokratikləşdirən bir model olduğunu bildiriblər. Lakin bu addımlar rəmzidir və real dəyişikliklərə təsiri məhduddur.

Ekspertlər qeyd edir ki, bəzi strukturlar, məsələn, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik və Ümumdünya Ərzaq Proqramı ABŞ maraqları üçün vacibdir və onları qorumaq lazımdır. Amma bir çox digərləri, xüsusilə FAO (BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) və İnsan Haqları Şurası Vaşinqtonun maraqlarına uyğun gəlmir və onların ləğvi təklif edilir.

Maliyyə böhranı fonunda sosial proqramlar dayandırılır

Qlobal ixtisarlar Ukraynaya da təsirsiz ötüşməyib. Avqustun 1-dən etibarən BMT-nin Ukraynadakı bəzi sosial proqramları, o cümlədən yaşlılara edilən yardımlar dayandırılıb. Bu isə təşkilatın nəinki diplomatik, həm də humanitar sahədə zəiflədiyini göstərir. Üstəlik, beynəlxalq alimlər qrupu BMT çətiri altında yeni bir hesabatda xəbərdarlıq edib: "İnsanlığın iqlim fəlakətindən yayınmaq üçün cəmi bir neçə ili qalıb". Lakin bu və digər sənədlər də əvvəlkilər kimi böyük ehtimalla oxunmadan arxivlərdə qalacaq.

Təşkilatın gələcəyi sual altındadır

BMT hazırda həm funksional, həm maliyyə, həm də reputasiya böhranı yaşayır. Oxunmayan hesabatlar, nəticəsiz iclaslar və sürətlə kəsilən maliyyə dəstəyi onu XXI əsrin reallıqlarına cavab verə bilməyən nəhəng bürokratik quruma çevirir. İndi əsas sual budur: bu təşkilat islahatlarla sağ qala biləcəkmi, yoxsa tarixdə rəmzi bir səhifəyə çevriləcək.

Seçilən
35
moderator.az

1Mənbələr