AZ

Gecikmiş uşaqlıq qəzası Rə­van Cavid yazır

ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Rəvan CAVİD

Küçələrdə qaçan, toz-torpağa bulaşan, top qovlayıb qolunu-ayağını qıran, qonşu uşağa yumruq atıb, sinif yoldaşından yumruq yeyən bir uşaqlığım olmayıb. Sakit, nə desələr razılaşan, səs-küydən tez yorulan, dinc, hər kəsin sevimlisi, gülərüz biri olmuşam. Bir də kitabdan əl çəkməyib, oxuduqlarımı "on iki vərəq", yaşıl astarlı dəftərlərə köçürüb, dağa, çaya, gülə, böcəyə şeir yazmışam. Nənəm ədəbiyyat müəllimi idi, bibim də. Anam isə piano təhsili almışdı, oxuduğum məktəbdə musiqi dərsi deyirdi. Qohum-əqrəbada kimi tanıyırdımsa, hamısı müəllim olmuşdu. Biri riyaziyyat, biri ibtidai sinif, biri əmək təlimi, biri coğrafiya, o biri tarix, bir digəri ingilis dili - fərqli dərsləri tədris edən onlarla tanış-biliş. Amma mən kitablara müəllimlərin yox, ali təhsili olmayan, buna rəğmən, müdhiş coğrafiya və tarix bilgisi olan atamın sayəsində dadanmışdım. Mütaliə vərdişi kimi, o, küçələrdə qaçıb-oynamağı da mənə aşılayırdı, amma sözünə baxmırdım. Məktəbdən gələn kimi ev tapşırıqlarını həll edib, sonra otağımda kitabxanalardan yığıb gətirdiyim klassiklərlə dostlaşırdım. Kitablar xaric, tək arzum velosipedimin olması idi. Kasıb, öz taleyinə təslim olmuş bir ailə üçün o vaxt velosiped bahalı idi. Bu yay, gələn yay, səbr et, az qaldı deyə-deyə səkkizinci sinfə kimi səbr elədim. Bir gün qonşumuzun oğlu dedi ki, mən təzə velosiped alacam, gəl köhnəni sənə "su qiymətinə" satım. Atam razı oldu. Aldıq. Ondan sonra küçələrdən yığışmadım. Dərsdən gələn kimi velosipedlə az qala bütün kəndi gəzirdim. Kitab oxumaq vərdişim də axsamadı. Hətta bütün günüm hərəkətli keçsə belə, gecəni yuxusuz qalıb başımı kitabların içinə gömə bilirdim. Düz iki il - onuncu sinfə kimi düşmədim o velosipeddən. Heç bircə dəfə yıxılmadım da, kola-kosa ilişmədim, daşa-divara çırpılmadım da...

Onuncu sinifdən sonra universitetə hazırlıqlar başladı. Ən yaxın dostum olmuş velosipedimdən uzaq düşdüm. Qarajda ən əldən-gözdən uzaq bir yerə qoyduq. Repetitorlarımın hamısı rayon mərkəzində idi. Uzaq olduğu üçün velosipedlə gedib-gəlmədim. Ara-sıra qarajdan çıxardıb trosunu, təkərlərini yağlayır, sükanını, oturacağını silir, yenə qaytarıb yerinə qoyurdum. Çox vaxt yaşıdlarım uşaqlıqda velosipeddən necə yıxılıb qolunu qırdığını danışanda qürurla deyirdim ki, bircə dəfə də yıxılmadım. Uşaqlığımın bu xırda qüruru üçün həmin velosipedimə minnətdar olurdum.

Böyüdüm, Bakıya getdim, bulvarda həftəsonları velosiped sürdüm. Yıxılmadım. Sonra əsgərlikdə dağda xidmət etdim. Hər gün bəlkə on dəfə dik yamacı çıxıb müşahidə məntəqəsində ya özüm postda durdum, ya da postdakı yoldaşıma su-yemək apardım. Qışda o dik yol buz bağladı. Bütün əsgər yoldaşlarım heç olmasa bir dəfə yıxıldı, mən yıxılmadım. Tərxis olundum. Türkiyəyə gələndən sonra buradakı dostlarımla, demək olar ki, hər gün motosiklet sürdük. Ən keçilməz yerlərdə "dəmir at"ın sürəti kəllə-çarxa çıxdı, yenə mənə heç nə olmadı. Uzun sözün qısası, həyatımda bu yaşıma qədər heç vaxt yıxılmaq, qırıq, sınıq kimi bir travmam olmadı. Yıxılmağın necə bir ağrı olduğunu heç vaxt bilmədim. Yazılarımda heç kim, heç nə yıxılmadı. İki şeir kitabım çap olundu, bircə dəfə fiziki ağrını təsvir etmədim. Roman yazdım, heç bir qəhrəmanımın ayağı sürüşmədi, qəza keçirtmədi. Beş hekayəmin ikisində ölüm var, amma Əzrayıl sakit gəlir, sakitcə də gedir, yenə ağrı yoxdur. Çünki bədənimdə onu heç vaxt hiss etməmişəm. Bu da mənim belə bir çatışmazlığım olsun, qəbul edirəm. Hər işdə bir xeyir var, bəlkə bundan sonra ağrını daha yaxşı ifadə edəcəyəm. Bəlkə, bundan sonra oxuduğum qəza xəbərlərinin ən dəhşətlisi belə mənə ilham verəcək, kim bilir.

Niyə "bundan sonra"?..

lll

İki həftə qabaq motosiklet qəzasında ağır yaralandım. Səhər saat beşdə. Günəş Mərmərənin uzaqlarında təzə-təzə özünü göstərəndə sahildə, çınqıllı yolda idarəetməni itirdim. Yüksək sürətlə az qala altımdan çıxıb özünü dənizə atacaq motosiklet əvvəlcə məni, sonra özünü devirdi...

Üzümə səkkiz tikiş atıldı. Qaşımdakı tikiş izləri ömrümün sonuna qədər mənə xatirə qalacaq - həkimlər belə dedilər. Amma çox xarizmatik bir izdir, mən razı: qalsın. Yeni nəsil qaşına elə iz qoymaq üçün dünyanın pulunu tökür bərbərlərə. Dodağımdakı izlər isə iki-üç ay içində silinib gedəcək. Xırda bir çapıq da bığımın altında gizlənəcək. Yanağımın dərisi tamam soyulub. İlan dərisini dəyişən kimi üzümün dərisini dəyişdim, onun da bir izi qalmadı. Sol çiynim qəzadan sonra düz dörd gün sözümə baxmadı, amma həkimlərin sayəsində yenidən "əhliləşdi". Üç dişim qırıldı, onlarında çarəsi tapıldı. Sol qolum, sol ayağım büsbütün yara idi, hamısı keçdi. İki həftə öncə, o qəzadan əvvəl necə idimsə, həmin halıma geri döndüm. Hər şey keçdi, hər yara sağaldı. Amma travması və ağrısı heç vaxt keçməyəcək. Mənə ilk qəza travmasını yaşadan o "göyçək dostum"un elə Mərmərə mənzərəsində, qəza keçirdiyim Alkaya sahilindəki şəklini də bura qoyum, qalsın...

lll

Huşumu itirmişdim, gözümü açanda boynumda korset var idi. Xərəkdə məni MRT-yə aparırdılar. Təpədən-dırnağa bütün bədənimdə qırıq-çıxıq, daxili qanaxma var, ya yox, onu öyrənmək üçün. Korseti hiss edəndə qorxdum, elə bildim boynum qırılıb. Dostlarımın təsəllisini çox dərin bir quyudan eşidirdim. Bir neçə saniyə sonra sol gözümü aça bilmədiyimin, ağzımdan, qolumdan qan axdığının fərqinə vardım. Heç bir ağrı hiss etmirdim. Beş-on dəqiqə yenə ağır bir yuxuya getdim. Yenidən gözümü açanda həkimlər dodağımı tikirdilər. Hələ də heç nə hiss etmirdim. Qıraqda dostlarımın yanında dayanan və digərlərindən təcrübəli görünən başqa bir həkim təəccüblə xəstənin heç bir qırığının olmadığını izah edirdi. İki polis dayanmadan sual verirdi, mən isə ağzımı aça bilmirdim. İki ildən bəri eyni evdə qaldığım İvan polisə izah etmək istəyirdi ki, danışa bilmir, mənə verin suallarınızı. Sonra onların söhbətinə qulaq kəsildim. Çünki mən də qəzanın necə olduğunu öyrənmək, xatırlamaq istəyirdim. Qəza sahildə elə bir yerdə olub ki, heç bir kamera "görə bilməyib". İki nəfər səhər idmanına çıxan kürd (kürd olduqlarını bir neçə dəfə təkrarladı) məni görüb təcili yardıma zəng edib (Türkiyədə bütün kritik zamanlarda kürdlər ortaya çıxır). Spirtli içki qəbul edib-etmədiyimi soruşurdular. İki səhifə izahata imza çəkdirib getdilər. Həkimlər isə hələ də hansı vəziyyətdə yıxıldığımla bağlı mülahizələr yürüdürdü. Necə ola bilərdi ki, xəstənin burnu qırılmayıb? Ya da necə ola bilər ki, taxdığı eynək çilik-çilik olub, amma gözünə batmayıb? Necə ola bilərdi ki, daxili qanaxma yoxdur? Mən də bilmirdim necə olduğunu. Allah necə haqdır?! Şəhriyar Del Geraninin tez-tez dediyi bu cümləni üç dəfə təkrarladım.

Səhər 10-da xəstəxanadan evə göndərdilər. Başımın üstündə bəlkə iyirmi nəfər var idi. Eşidən dostlarımın hamısı gəlmişdi. Anladım ki, Təkirdağda yaşadığım üç ildə çox yaxşı, vəfalı dostlar qazanmışam. Qəzadan sonra ikinci gün təptəzə bir eynək hədiyyə etdilər. Hər gün şorba hazırlayıb gətirdilər. Ailəmə, Bakıdakı dostlarıma bir həftə sonra xəbər verdim. Ulucay Akif "Kulis"də xəbəri yazan kimi bir neçə sayt da qəzanın təfərrüatlarını öyrənmək üçün mesaj atırdılar. Heç birinə cavab verə bilmədim, bütün mesajları İvan cavablayırdı. Eşidən hamı maddi dəstək göstərməyə çalışdı. Etdilər də. Onların sayəsində xəstəxana xərclərinin qayğısını çəkmədim. Vəsimə İsmayılqızı rayon ictimaiyyətini səfərbər etmişdi. Bütün dostlarıma nə qədər minnətdaram: bir mən, bir də məni Əzrayılla güləşdən sağ çıxaran Allah bilir. On gün sonra tikişlərimi sökdülər. Tamam özümə gəldim. Dişlərimin müalicəsinə başladım. Yanımda olan, dəstəyini əsirgəməyən hamıya cavab verdim. Dilini, mədəniyyətini, camaatını bilsəm də, üç ildən bəri burada yaşasam da, Təkirdağ mənim üçün qürbətdir. Amma yataqda canımla əlləşdiyim on gündə bircə dəfə də özümü qürbətdə hiss etmədim. Dostlarım hiss etdirmədi. Polis şöbəsinə çağırıldım. Əllərində iki fərqli ikisəhifəlik hesabat var idi. Birində - polislərin yoxlanışdan sonra yazdığı izahatda sərxoş olmadığım göstərilmişdi. Digərində - həkimlərin qan təhlilinə görə verdiyi hesabatda isə spirtli içki qəbul etdiyim yazılırdı. Deyəsən, İvan polisləri "aldada bilsə də", həkimlərə "yalan danışa bilməmişdi". Polis gülümsəyərək mənə baxdı. Özümdən soruşdu. Dedim, vallah, mən də sizin kimi, bilmirəm, xəbərim yoxdu. Cərimə yazmadan dosyeni bağladılar.

İki həftə keçdi. Yanımdan motosiklet keçəndə, ya da səsini eşidəndə gülümsəyirəm. İlk qəza idi. İlk küçə uşaqlığım idi. İndi bundan sonrakı heç bir qəza məni bu qədər həyəcanlandırmaz, mənə bu qədər duyğu yükləməz. Qarajdakı velosipedimi xatırlayıram. Yəqin o da evdəkilərin təşvişini duyub xəbər alıb məni. Və indi mənim kimi gülümsəyib, lap uzaqlardan - doğulduğum kənddən Mərmərənin sahilindəki bu balaca şəhərə göz vurur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
525.az

1Mənbələr