AZ

Azərbaycanlı şagirdlərin “uğur”u: 0 medal, saysız-hesabsız tənqid...

“Vaxtilə Azərbaycanın çox böyük riyaziyyatçıları olub. Məcid Rəsulov, Arif Babayev, Mirabbas Qasımov və s. Azərbaycanda vaxtilə riyaziyyat potensialı olub. Onlar orta məktəblərin yetişdirmələri olublar. O zaman da heç bir texnologiya yox idi. Sadəcə dərslik və müəllim var idi. Nəticədə gənc yaşlarında professor adını alırdılar. Lakin həmin elmin bugünkü vəziyyəti əlbəttə ürəkaçan deyil”.

Bu fikirləri “Yeni Sabah”a açıqlamasında təhsil məsələləri üzrə ekspert, sabiq deputat Etibar Əliyev bildirib. 

Müsahibimiz Avstraliyada keçirilən 66-cı Beynəlxalq Riyaziyyat Olimpiadasında azərbaycanlı iştirakçıların nəticə göstərə bilməməsini belə şərh edib: Pepperoni pizza

“Beynəlxalq olimpiadalara düşən tapşırıqlar çox mürəkkəbdir. O tapşırıqları şagirdlərə öyrətmək üçün müəllimlər təyin olmalıdır və onlar orta məktəb dərslikləri ilə kifayətlənməməlidirlər. 

Çünki məktəb və olimpiadalarda olan riyazi tapşırıqlar arasında fərq olduqca böyükdür. Tamamilə fərqli yanaşmalardır. Azərbaycanda uşaqları olimpiadaya hazırlaşdıra biləcək müəllim potensialı yoxdur. Fizika, informatika və riyaziyyat üzrə olimpiadalarda hər 6 təmsilçiyə qızıl medal verilir. Həmin siyahıda Çin neçə illərdir ki, birinci yerdədir. Biz bunun səbəblərinin nədən ibarət olduğunu da öyrənmirik. Olduqca maraqlı səbəblər var. 

Belə ki riyaziyyat və informatika olimpiadalarına uşaqları hazırlaşdırmaq üçün Çində düşərgə fəaliyyət göstərir. Uşaqlar həmin düşərgədə çox böyük əmək yarışa hazırlaşırlar. Şübhəsiz ki, burada Çin müəllimlərinin də riyaziyyatı mükəmməl bilməsi nəticələrə təsir göstərir. Hətta İngiltərənin təhsil nazirliyi 2012-ci ildə belə bir qərar qəbul etmişdi ki, hər il Çindən 50 nəfər riyaziyyat və informatika fənnini tədris edən şəxslər ölkəyə dəvət olunsun. Burada gizlətməyə nə var ki?! Onlar bu işin öhdəsindən gələ bilirlər”.

E. Əliyev məsul qurumun məsələyə laqeyd yanaşdığını da xüsusi olaraq vurğulayıb:

“Biz indiki nəticələrə baxıb məyus oluruq. Bu baxımdan düşünürəm ki, istedad nişanəsi ortaya çıxan kimi uşaq dərhal nəzarətə götürülməlidir. Xüsusi istedada malikdirsə, o biliyin sferasını genişləndirməlidir. Ona xüsusi müəllimlər təyin olunmalıdır. 

İkinci məsələ isə ondadır ki, olimpiyada mərkəzi digər ölkələrin təcrübəsini öyrənməlidir. Sadalanan fənlərdə uğur qazanmaq ölkənin başucalığıdır, elmi potensialının qiymətləndirilməsidir.

Bizim xaricdə xeyli riyaziyyatçı alimlərimiz var. Biri də Əli Kərimin oğludur. O, Türkiyə Riyaziyyat Olimpiyadası Komitəsinin sədridir. Türkiyənin indiki riyaziyyat nəticələri, mükafatları Azər Kərimovun əməyinin nəticəsidir ki, bu işi təşkil edə bilib. Ancaq bizdə həmin sahəni qeyri-peşəkarlara tapşırıblar.

İnformatika olimpiyadasında şagirdlərimiz uğurlu nəticə əldə etmişdir. Ancaq heç kəs bunun səbəbini dilə gətirmir. Bunun əsas səbəbi informatikanı dərindən bilən, xarici ölkələrin nüfuzlu universitetlərdə təhsil alan gənclərimizdir. O gənclər olimpiadada yer tutanlara kömək göstəriblər. Bunu riyaziyyatçılar da, fiziklər də etməlidir. Xüsusi yay məktəbləri təşkil olunmalı, Çindən yaxud digər ölkələrdən müəllimlər dəvət edilməlidir. Bu çox ciddi məsələdir, milli təhlükəsizlik məsələsidir.

Məktəblərdə uşaqlar test vasitəsilə hazırlanıb 600-700 bal toplayırlar. Ancaq onların heç biri təmiz elmi seçmir. Nə fizikanı, nə riyaziyyatı, nə də kimyanı seçirlər. Bu da bizim üçün itkidir. Əslində o uşaqlar da riyaziyyata, fizikaya, kimyaya maraq göstərməlidirlər. Ölkənin riyaziyyatçıları, fizikləri, kimyaçıları, akademikləri, professorlarının əksəriyyətinin övladları onların yolun getmir. Humanitar sahəyə meyl edirlər. Bu baxımdan həmin problemlər ciddi formada müzakirə olunmalıdır. Təəssüflər olsun ki, Elm və Təhsil Nazirliyi çıxış yollarını axtarmaqda maraqlı deyil”.

Aytac Əliyeva 


Telegram kanalımız
Seçilən
4
1
yenisabah.az

2Mənbələr