Bəzən lisenziyalı proqramların abunəliyi rəsmi qiymətindən xeyli ucuz qiymətə, məsələn, 20 dollar əvəzinə aylıq 9-10 manatafərdi şəxslər və ya qeyri-rəsmi satıcılar tərəfindən təklif olunur. Bəs bunlar nə qədər təhlükəsizdir? İKT üzrə mütəxəssis Elvin Abbasov Metbuat.az-a açıqlamasında bildirib ki, istifadəçilər üçün cəlbedici görünsə də, burada ciddi risklər mövcuddur. Onun sözlərinə görə, belə hallarda proqram təminatı ya lisenziyasız paylaşılır, ya da korporativ, tələbə və ya regional güzəştli hesablar qeyri-qanuni yollarla paylaşılaraq fərdi istifadəçilərə satılır. Bu isə həm hüquqi, həm də texniki baxımdan risklidir: “Bir çox hallarda bu tip qeyri-rəsmi satışlar istifadəçiləri fişinq, zərərli kodlar və şəxsi məlumatların oğurlanması kimi təhlükələrlə üz-üzə qoyur. Xüsusən də proqramın hesabları vasitəsilə şəxsi məlumatlara, ödəniş kartlarına və bulud xidmətlərinə çıxış əldə edilə bilər. Buna görə də tövsiyə olunur ki, istifadəçilər yalnız rəsmi kanallardan, istehsalçının öz saytından və ya tanınmış tərəfdaş platformalardan abunəlik alsınlar. Ucuz qiymət cazibədar görünə bilər, amma uzunmüddətli təhlükəsizlik və etibarlılıq baxımından bu cür qeyri-rəsmi yollar risklidir”. Sevinc İbrahimzadə / Metbuat.az