AZ

Azərbaycanın iki animasiya filmi beynəlxalq festivalda nümayiş olunacaq

Avqustun 5-dən 8-dək Qazaxıstanın Aktau şəhərində Birinci URKER Beynəlxalq Animasiya Film Festivalı keçiriləcək. Festivalın əsas müsabiqə proqramında tanınmış animasiya rejissoru Məsud Pənahinin “Narqız”, müsabiqədənkənar proqramında isə Nəzrin Ağamalıyevanın “Hədis” animasiya filmləri nümayiş olunacaq.

AZƏRTAC xəbər verir ki, festivalda “Narqız” və “Hədis” animasiya filmlərinin prodüseri, Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev iştirak edəcək. Festivalda həmçinin assosiasiyanın üzvü, prodüser Oqtay Yusibov münsif qismində təmsil olunacaq.

Ümumilikdə festivalda 51 animasiya filmi iştirak edir, onlardan 8 film əsas, 9 film isə tələbə müsabiqə proqramına daxil edilib.

Festivalın təşkilatçıları Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyi və Mangistau vilayəti Akimatıdır.

URKER Beynəlxalq Animasiya Film Festivalı – Türk dünyası ölkələrinin animasiya filmlərini bir araya gətirən beynəlxalq tədbirdir. Festivalın məqsədi – görkəmli qazax alim-mifoloq Serikbol Kondıbayın (1968–2004) zəngin irsini tanıtmaqdır. Festivalın “Yeni türk zamanının animasiyası” şüarı altında keçiriləcək. 2025-ci ildə Aktau “Türk dünyasının mədəniyyət paytaxtı” seçilib və bu statusda ilk dəfə beynəlxalq animasiya festivalına ev sahibliyi edəcək.

Seçilən
13
2
xalqqazeti.az

3Mənbələr