AZ

Kredit kartlarına limit qoyuldu - Yeni qaydalar kimlərə şamil edilir?

Ötən həftə Mərkəzi Bank istehlak kredit kartları (kredit xətləri) üzrə borclanmanın daha məsuliyyətli və sağlam şəkildə həyata keçirilməsi məqsədilə tənzimləyici çərçivəni sərtləşdirib. Yeni qərara əsasən kredit xətləri vasitəsilə borclanmanın həddən artıq artmasının qarşısını almaq üçün limitlər tətbiq olunur.

Dəyişikliklərə əsasən, borcalanın kredit kartı onun xalis vergidən sonrakı gəlirinin maksimum 5 misli ilə məhdudlaşdırılır. Sözügedən limit borcalanın digər kredit təşkilatlarına qarşı öhdəliklərini də nəzərə almaqla hesablanır.

Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli Modern.az-a açıqlamasında bildirib ki, əvvəllər banklar kredit kartları üzrə limit müəyyən etmirdilər və bu vətəndaşlara istədikləri məbləğdə borc götürmək imkanı yaradırdı.

İqtisadçının sözlərinə görə, indi isə bu sahədə sərtləşdirmə tətbiq olunur və kredit kartı ilə verilə biləcək maksimum məbləğ vətəndaşın rəsmi aylıq gəlirinin 5 mislini keçə bilməz.

“Bu məhdudiyyət bütün banklardakı kredit kartları üzrə ümumi məbləğə şamil edilir. Yəni bir şəxs ümumilikdə yalnız gəlirinin 5 mislində borclana bilər. Əgər bank bu limitdən artıq kredit vermək istəyirsə bu artıq riskli kredit sayılır və belə kreditin məbləği bankın kapitalının 1%-dən çox ola bilməz”.

O eyni zamanda qeyd edib ki, istehlak kreditləri sahəsində isə artıq uzun müddətdir limitlər mövcuddur və vətəndaşın aylıq kredit ödənişi onun rəsmi aylıq gəlirinin 45%-dən çox ola bilməz:

“Yalnız xüsusi hallarda bu hədd 70%-ə qədər yüksələ bilər. Məsələn 1000 manat aylıq gəliri olan şəxs üçün adi hallarda maksimum aylıq ödəniş 450 manat, xüsusi hallarda isə 700 manat təşkil edə bilər. Lakin banklar adətən bu cür yüksək riskli kreditlərdə maraqlı olmurlar. Hazırda isə kredit kartlarında boşluq olduğundan, bura limit qoyulub. Ancaq əlavə olaraq sərtləşmələrin tətbiq olunması gözlənilmir”.

X.Kərimli sonda vurğulayıb ki, vətəndaşın hesabında depoziti varsa və ya girov təqdim edirsə bu zaman təqdim olunan kredit təminatlı sayılır və həmin kredit üçün 5 misli limit tətbiq edilmir. Yeni qaydalar isə yalnız təminatsız kreditlər şamil edilir.

Seçilən
11
6
modern.az

7Mənbələr